12px14px16px18px

Berlində xalq yazıçısı Anarla görüş olub

01:05 / 27.10.2009
 
     Almaniyanın paytaxtı Berlin şəhərindəki “Gloria Event” zalında “Kapadokya Kültür Derneyi”nin təşkilatçılığı ilə “Berlin türkçe şiir şöleni” adlı ədəbi-bədii gecə keçirilib. Gecəyə Azərbaycan, Türkiyə, Avropa, Türkmənistan, Kərkük, Qazaxıstandan olan ədəbiyyat adamları qatılıblar. Tədbirdə Azərbaycanı Yazıçılar Birliyinin (AYB) sədri, xalq yazıçısı Anar təmsil edib. Esenqali Raushanov (Türkmənistan), Bekir Salim və Rasim Koroğlu (Türkiyə) və türkdilli ədəbiyyatın digər nümayəndələri də bu tədbirin qonağı olublar. Gecədə iştirak edən qonaqlar öz əsərlərindən parçalar təqdim edib, türkdilli ədəbiyyatın müasir dövrdəki vəziyyəti barədə geniş və maraqlı müzakirələr aparıblar.
     Daha sonra Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzində (AAKM) Berlindəki Azərbaycan diaspor nümayəndələri ilə xalq yazıçısı Anarın görüşü təşkil olunub. Mərkəzin icraçı direktoru Samirə Patzer-İsmayılovanın Diasporla İş üzrə Dövlət Komitəsinə verdiyi xəbərə görə, AYB sədri ilə görüşə Almaniyada fəaliyyət göstərən müxtəlif cəmiyyətlərin rəhbərləri və nümayəndələri, ədəbiyyatsevərlər qatılıblar. Xalq yazıçısı Anar Azərbaycan ədəbiyyatının müasir dövrdə inkişafından, türkdilli xalqların ədəbiyyatlarının qarşılıqlı münasibətlərindən, ümumiyyətlə Türkiyə və Azərbaycan mədəniyyətlərinin tarixi əlaqələrindən danışıb. Anar çıxışından sonra müxtəlif sualları cavablandırıb. Müzakirələrdən sonra Naiba Tural Anarın yaradıcılığından nümunələr oxuyub. Görüşdən məmnun qaldığını deyən xalq yazıçısı Anar AAKM-ə və tədbirə toplaşanlara diaspor işində uğurlar arzulayıb. Görüşdə ölkəmizin Almaniyadakı səfirliyinin nümayəndələri də iştirak ediblər.
 
S.MÜRVƏTQIZI
 



Bu yazı ( 491 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar