12px14px16px18px

Gənc ədiblərin əsərlərindən ibarət kitabların təqdimatı olub

00:58 / 23.09.2010
Ötən gün Yazıçılar Birliyinin (AYB) Natəvan klubunda Gənc Ədiblər Məktəbi nümayəndələrinin kitablarının təqdimat mərasimi keçirilib. Təqdim olunan nəşrlərdən ikisi – Qismətin “Vitrin” adlı şeirlər toplusu, Səməd Səfərovun isə “Üçbucaq” hekayələr kitabı Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə çap olunan “525 Kitab” seriyasının bu il üçün növbəti – 9-cu və 10-cu buraxılışlarıdır. Daha iki nəşr – Orxan Muxtarlının “Xaç kölgəsində” kitabı və “Almanax” isə “İrəli” İctimai Birliyi tərəfindən Azərbaycanda gənc yazarların dəstəklənməsi məqsədilə yaradılan “İrəli” Ədəbi Məclisinin layihəsinin nəticəsi kimi meydana gəlib. Mərasimi giriş sözü ilə açan AYB katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid tədbirə qatılanları salamlayaraq, kitabları işıq üzü görən gəncləri təbrik edib: “Bu istedadlı gənclər öz istedadları, intellektləri və ədəbiyyata olan maraqları ilə bu səviyyəyə gəliblər. Hər birinizi təbrik edirəm və gələcəkdə uğurlarınızın davamlı olmasını arzu edirəm. “İrəli” İctimai Birliyinin sədri Ceyhun Osmanlıya bu işə dəstək verdikləri üçün minnətdarlığımı bildirirəm. İnanıram ki, bu birliyin gənc yazıçılara göstərdiyi diqqət digər qurumlara da örnək olacaq”. Seriyanın tərtibçisi və redaktoru, “Dünya Ədəbiyyatı” dərgisinin baş yazarı, tanınmış şair-publisist və tərcüməçi Səlim Babullaoğlu da çıxışında öncə gənc yazarları təbrik edib və ilk olaraq, Qismətin yaradıcılığı haqqında fikirlərini bölüşdü: “Gənclər arasında öz sözünü deyən yazarlardan biri Qismətdir. Onun şeirlərində ictimai-siyasi motivlərlə yanaşı, şəxsi duyğular, sevgi hissləri, sarkastik, ironik ovqat üstünlük təşkil edir. Qismətin yaradıcılığına stimul verən onun mütaliəsidir. Düşünürəm ki, Qismət ilkin mərhələni başa vurub. Bu illər ərzində onun yaradıcılığı yüksələn xəttlə inkişaf edib. 10 il sonra da onun şeirləri öz aktuallığını qoruyub saxlayacaq”. S.Babullaoğlunun fikrincə, Səməd Səfərovun yaradıcılığında Avropa prozası tərzinə meyl güclüdür və o, ardıcıl işləməklə yaradıcılıqda daha səviyyəli nailiyyətlərə imza ata bilər”. Digər iki kitab haqqında danışan S.Babullaoğlu “İrəli” ictimai Birliyinə minnətdarlığını bildirərək, kitabların poliqrafiya baxımından nəfisliyini dilə gətirib: “Almanax”da orijinal yazılarla yanaşı, tərcümələr də var. Poliqrafiya baxımından hər iki kitab diqqətəlayiqdir. Orxan Muxtarlının “Xaç kölgəsində” kitabı müəllifin ilkidir. Nəşrdə bugünkü reallıq, tarixə ekskurs, Qarabağ problemi öz əksini tapıb. Bir daha bütün müəllifləri təbrik edirəm, uğurlarının davamlı olmasını diləyirəm”. “Son dövrlərə qədər mən ədəbi gəncliyə çox bədbin yanaşırdım. Gənclərin ədəbiyyata olan marağı məni qane etmirdi. Lakin sizin kimi gənclərin mədəni, intellektual səviyyəsi və digər keyfiyyətləri bunun əksini sübut etdi. Bugün bir oxucu kimi deyə bilərəm ki, gənclərin qələmindən çox maraqlı, oxunaqlı əsərlər çıxır. Bu işdə Rəşad Məcidin əməyi də danılmazdır. İnsanın istedadı ola bilər, lakin təkcə bu kifayət deyil, bu istedadı üzə çıxarmaq lazımdır ki, bu sahədə Rəşad Məcid çox mühüm işlər görür”. Bu fikirləri söyləyən tanınmış tənqidçi, sözügedən iki kitabın redaktoru Ə.Cahangir hər bir müəllif haqqında düşüncələrini də dilə gətirib. Tədbirdə yazarlardan Şərif Ağayar, İlqar Fəhmi də söz alaraq, müəlliflərə yeni uğurlar arzulayıblar. Kitabları işıq üzü görən gənc yazarlar bu işdə əməyi keçənlərə minnətdarlıqlarını bildiriblər. Seriyanın digər kitabları kimi, bu nəşrlər də, hər biri 1000 tiraj olmaqla, “Mütərcim” nəşriyyatında çap edilib. Rəşad Məcidin ön söz yazdığı “Almanax”a Elxan Qaraqanın, Ariz Tarverdiyevin, Günel Rüstəmovanın, Günel Eminlinin, Leyla Şərifovanın, Leyla Hüseynovanın, Nahid Hacıyevin, Orxan Ömərin, Qismətin, Ziyad Quliyevin və Orxan Muxtarlının orijinal hekayə və şeirləri, həmçinin tərcümələri daxildir.
Hüsniyyə İSMƏTQIZI


Bu yazı ( 304 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar