12px14px16px18px

Vintsas Kreve-Mitskəviçyusun “Azəristan ölkəsi”nə qayıtması

00:51 / 08.12.2010
Arvidas VALYONİS
 
 
Vintsas Kreve-Mitskəviçyusun (1882-1954) zəngin ədəbi irsini dünya xalqlarının dillərində səsləndirən tərcümələri hazırda təkcə bir əlin barmaqlarında saymaq olar. Ona görə də, Bakıdan Vilnüsə gəlib çatmış ən yeni xəbər bizi çox sevindirdi: Azərbaycan Yazıçılar Birliyi Tərcümə mərkəzinin “Mütərcim” nəşriyyatı “Dünya ədəbiyyatından – Books” seriyasından (İosif Brodski, Milan Kundera, Çeslav Miloş, Pol Elüar, Orxan Pamuk, Xulio Kortasar və s. bu kimi məşhur dünya yazıçılarının kitablarıyla yanaşı) Vintsas Krevenin “Azəristan ölkəsi” kitabını çapdan buraxıb. Azərbaycan dilinə litva yazıçısının “Şərq hekayətləri” toplusuna daxil olan bu əsərlər tərcümə edilib: “Azəristan ölkəsi”, “Qadın”, “Kralın ən yaxşı şərabını saxladığı qab” və “Çarpışan qüvvələr”. Göstərilən əsərlərlə yanaşı kitabda yazıçının “Bolşeviklər” siyasi oçerki və Azərbaycan ədəbiyyatının klassiki Abdulla Şaiqin (1881-1959) “Litvalı həmkarım” adlı xatirələri də dərc olunub. Azərbaycan yazıçısının litvalı dostu və həmkarı haqqında yazdığı bu xatirələr bizi 1909-1920 illərə aparıb çıxarır. Həmin illərdə Vintsas Kreve Bakıda yaşayıb və işləyib, bir sıra yetkin əsərlərini də burada yazıb.
“Azəristan ölkəsi” kitabı əsərlərin tərcüməçisi, Azərbaycan Yazıçılar Birliyinin üzvü Mahir Həmzəyevin V. Krevenin həyat və yaradıcılığı haqqında, eləcə də Litva ədibinin Azərbaycan ədəbiyyatı və mədəniyyəti ilə əlaqələri barədə yazdığı “Azərbaycanın böyük və səmimi dostu” adlı məqalə ilə başlanır. M. Həmzəyev artıq otuz ilə yaxındır ki, Litva-Azərbaycan ədəbi və mədəni əlaqələrinin öyrənilməsi sahəsində araşdırmalar aparır, Şərqin Qərb ilə ədəbiyyatlararası dialoquna yaradıcı töhfələr verir. M. Həmzəyev V. Krevenin şəxsiyyət və yaradıcılığı ilə Bakı Universitetində təhsil aldığı dövrdə tanış olub, ilk dəfə Litva adını isə məktəb illərində Litva xalq nağıllarını oxuyanda eşidib. M. Həmzəyevin elmi-ədəbi araşdırmaları əsasən 1909-1920-ci illərdə V. Krevenin həyat və yaradıcılığının Bakı dövrü ilə bağlıdır. O, litvaşünaslıqda indiyədək məlum olmayan faktlar və yeni arxiv sənədləri üzə çıxarıb. Litva ədəbiyyatı klasskinin Azərbaycanda göstərdiyi ictimai-siyasi və diplomatik fəaliyyətlə bağlı olan bu məlumat və ümumiləşdirmələr hazırda M. Həmzəyevin yazıb bitirməkdə olduğu monoqrafiyada əks olunacaq. Sözügedən mənbələr əsasında V. Krevenin Xəzər sahillərindəki həyat və fəaliyyətinə həsr olunmuş bir neçə qısametrajlı televiziya filmi Vilnüsdə M. Həmzəyevin iştirakilə yaradılıb.
Kitabın tərcüməçisi M. Həmzəyevlə Vilnüsdə görüşdük və “Azəristan ölkəsinin” Litvadan Bakıya səfərilə bağlı onunla həmkarcasına söhbət etdik.
– Vintsas Krevenin əsərlərinin poetik və melodik üsulunu dərindən duyub, onları Azərbaycan dilində yaratmağa necə müvəffəq oldun?
– Kitab həcmcə böyük olmasa da, onun tərcüməsi üzərində iki il çalışdım. V. Kreve-Mitskəviçyus şəxsiyyətinin nəhəngliyi və istedadının əzəmətilə bağlı olan böyük məsuliyyət hissi tərcümə zamanı məni mütəmadi müşayiət edir və öz təzyiqini göstərirdi. Çalışırdım ki, Litva Hötesi və Şekspri adlandırılan V. Kreve əsərlərinin bədii bütövlüyünü azərbaycanlılara tam adekvat şəkildə təqdim edim. “Şərq hekayətləri” fəlsəfi və dini məzmununa görə mürəkkəb əsərlər sayılır. Bundan əlavə, həmin əsərlər indiyədək başqa dillərə tərcümə edilərək işıq üzü görməyib və odur ki, digər tərcüməçilərin yaradıcılıq təcrübəsindən əxz etmək imkanım olmayıb. Əgər, V. Krevenin əsərləri onun sağlığında dünyanın müxtəlif dillərinə tərcümə edilsəydi, yəqin ki, o, ədəbiyyat üzrə Nobel mükafatıyla təltif olunardı. Bununla yanaşı qeyd etmək lazımdır ki, “Şərq hekayətləri”nin Buddizm, İslam, Zərdüştlük, Tövrat və İncildən gələn dini mövzuları, Şərq xalqlarının mifologiyası ilə bağlı motivlər, həmin əsərlərin sovetlər dövrü senzurasının sədlərindən kənara çıxması üçün “maneə törədirdi”. V. Krevenin “Şərq hekayətləri” orijinalın dilində mənsur şeirlər kimi səslənir. Bu əsərlər daxili qafiyələr sistemi, dalğavari ifadə üsulu, kiçiltmələr və əzizləmələrlə fərqlənir. Bu cür ədəbi üsul və bədii ifadə forması tərcümə zamanı xüsusi diqqətlilik və ədəbi adekvatlıq tələb edir. Türk dilləri sistemi hind-avropa dilləri sistemindən fərqli olduğuna görə, “Azəristan ölkəsi” kitabının Azərbaycan dilinə tərcüməsi zamanı mətnlərin həcmi dörddə bir dəfə artıb.
– Tərcümə zamanı sənin yaradıcılıq işini yüngülləşdirən amillər olubmu?
– Tərcümə əsnasında Vintsas Krevenin əsərlərində bənzəri olmayan Azərbaycan koloritini təqdim edən rəngləri, təbiət lövhələrini və şairanə mənzərələri tanıdım, ölkənin ab-havasını bir daha yaxından duydum və landşaftını gördüm. Azərbaycanlıların həyat tərzi, ənənə və ayinləri təsvir olunan parçaları çevirərkən özümü məsud hiss edirdim, o anlarda V. Kreve sanki, mənə bələdçilik edir və əlimdən tutub məni doğma yerlərə aparırdı. V. Kreve ilk qeyri-azərbaycanlı yazıçıdır ki, bizim ölkəni Azəristan adı altında təsvir edib. O, həm də dünyada ilk xristian etiqadlı müəllifdir ki, “Şərq hekayətləri” vasitəsilə (“Azəristan ölkəsi”, “Qadın”) Litva ədəbiyyatına Qurandan ayələri gətirib.
– Tərcümə zamanı məsləhətlərə ehtiyac duyurdun?
– Arxaik söz və ifadələr, Litva dilinin dzukiya şivəsi ən çox çətinlik yaradan amillərdən idi. Dəyərli məsləhətləri üçün litvalı yazıçılara – Algirdas Potsyusa, Alfonsas Bukontasa, Sigitas Gyadaya və Yonas Velivisə təşəkkür edirəm.
– Vintsas Kreve bu kitabın tərcüməsi vasitəsilə özünün gənclik şəhəri Bakıya qayıtdı. “Azəristan ölkəsi” Azərbaycanda necə qarşılandı?
– Azərbaycanın akademik ictimaiyyətində Vintsas Kreve gəlişi hər vaxt gözlənilən şəxsiyyətdir. “Azəristan ölkəsi” barədə, ələlxüsus onun “Bolşeviklər” siyasi oçerki haqqında internet qəzetlərində xeyli rəy və fikirlər dərc olunub. Mədəniyyət hadisələrinə səhifələrində geniş yer ayıran “525-ci qəzet”də bu kitab və onun müəllifi barədə mənim dörd məqaləm dərc olunub. V. Krevenin bəzi əsərlərini azərbaycancadan türk dilinə çeviriblər.
Çox məmnunam ki, azərbaycanca danışan V. Kreve-Mitskəviçyus təxminən yüz ildən sonra özünün gənclik ölkəsinə qayıdıb.
 
(Litva Yazıçılar Birliyinin həftəlik qəzeti “Literatura ir myanas”
(“Ədəbiyyat və incəsənət”).
22 oktyabr 2010-cu il, № 39 (3303))
Litva dilindən tərcümə edəni Mahir HƏMZƏYEV, Vilnüs, noyabr 2010-cu il
 



Bu yazı ( 400 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar