12px14px16px18px

GUAM-ın Fövqəladə Hallar üzrə İşçi Qrupunun iclası keçirilib

00:04 / 14.04.2012

Ukraynanın paytaxtı Kiyevdə GUAM-ın Fövqəladə Hallar üzrə İşçi Qrupun (FHİQ) 7-ci iclası olub. APA-nın xəbərinə görə, görüşdə milli və beynəlxalq təlimlərin keçirilməsi, başqa ölkələrdə fövqəladə halların aradan qaldırılması, çoxsaylı insanların iştirak etdiyi tədbirlərin, o cümlədən bu il Azərbaycanda “Eurovision” mahnı müsabiqəsinin və Ukraynada futbol üzrə Avropa çempionatının final matçlarının keçirilməsinə hazırlıq məsələlərinə dair məlumat mübadiləsi aparılıb.
İşçi qrupu GUAM-ın terrorizmə, mütəşəkkil cinayətkarlığa və narkotiklərin yayılmasına qarşı mübarizə üzrə işçi qrupu ilə terror təhlükələrinin qarşısının alınması, nəticələrinin aradan qaldırılması sahəsində qarşılıqlı fəaliyyətin mümkün variantlarını da müzakirə edib. Eyni zamanda GUAM çərçivəsində kimyəvi, bakterioloji və nüvə (radioloji) terrorizminə qarşı mübarizə sahəsində əməkdaşlığa başlamaq barədə təkliflər dəstəklənib.
Təbii və texnogen xarakterli fövqəladə hallar yaranmasına dair informasiya mübadiləsi barədə reqlamentin yerinə yetirilməsi məsələləri də müzakirə edilib. Nümayəndə heyətləri fövqəladə halların qarşısının alınması və onlara münasibət bildirilməsi zamanı operativ qarşılıqlı fəaliyyəti yaxşılaşdırmaq məqsədi ilə milli dövlət orqanları arasında birbaşa rabitə kanallarından istifadə edilməsini dəstəkləyiblər.
İclasın yekunlarına əsasən protokol imzalanıb.
İşçi qrupunun növbəti profil iclasını bu ilin noyabr ayında Kiyevdə keçirmək planlaşdırılır.




Bu yazı ( 45 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar