Mətbuatşünaslığa və ədəbiyyatşünaslığa dəyərli töhfə
PROFESSOR, ƏMƏKDAR JURNALİST ŞAMİL VƏLİYEVİN YENİ ƏSƏRİ HAQQINDA BİR NEÇƏ SÖZ
12:16 / 12.05.2012
2003-cü ilin son ayı. Qarlı-boranlı bir qış günü. Azərbaycan Milli Elmlər Akademiyasının N. Gəncəvi adına Ədəbiyyat İnstitunda "Füyuzat" ədəbi məktəbi" mövzusunda doktorluq müdafiəsi kecirilirdi. Ölkənin sayseçmə alimləri yığışmışdı bura. Deyərdim ki, bu möhtəşəm elm məbədi uzun illərdir belə bir müdafiəyəyə həsrət idi. Bu bəlkə də onunla bağlı idi ki, Türk-islam dünyasının möhtəşəm, parlaq simalarından biri olan, təpədən dırnağa türkcü, millətci, vətənpərvər Əli bəy Hüseynzadə irsinə müraciət olunmuşdu. Bilmirəm, bəlkə də. Amma onu bilirəm ki, Əli bəy irsindən, şəxsiyyətindən, dünyagörüşündən yazmaq üçün gərək elə Əli bəyin yarısı qədər bu dahi şəxsiyyəti duyasan, dərk edəsən, anlayasan. Bu da hər kəsə qismət olan bir xoşbəxtlik deyil - desəm, yəqin ki, hər bir qələm və kəlam əhli mənimlə razılaşar.
Qeyri-adi istedada, tükənməz enerjiyə, zəngin və dəyərli irsə malik olan Əli bəy dünyası və dühası sanki o gün bu cavan oğlana görünməz bir qüvvə vermişdi. Bütün zala sükut çökmüşdü. Yalnız tribunada şux qamətli, iti baxışlı, səlis və aydın nitqi ilə hər kəsin diqqətini cəlb edən gənc alim Şamil Vəliyevin səsi eşidilirdi.
Bu hadisədən doqquz il keçib. Amma hər dəfə onunla rastlaşanda o müdafiəni xatırlayıram. Əslində burada onu yetişdirən, görkəmli alimlərimizin də böyük əməyi var. Şamil Vəliyev ədəbiyyatımızda, mətbuatımızda, elmimizdə həm sözü, həm əməlləri ilə sanbalı olan möhtəşəm alimlərimizdən Kamal Talıbzadənin, Əziz Mirəhmədovun yetirmələrindəndir.
Filologiya elmləri doktoru, professor, əməkdar jurnalist Şamil Vəliyev otuz ilə yaxındır ki, milli mətbuatımızın ən möhtəşəm şəxsiyyətlərindən olan böyük türk-turan dünyasında milli özünədərk və milli özünə qaydış hisslərinin təbliğatcısı Ə. Hüseyinzadə, Ə. Ağaoğlu, Ə. Topçubaşov, M. Ə. Rəsulzadə yaradıcılığının tədqiqi və təbliği ilə məşğuldur. O, mətbuat tariximizin keşməkeşli, sanballı, möhtəşəm bir dövrü olan XX əsrin iki on illiyinin mənzərəsini yaratmaqla daha məsuliyyətli bir işin öhdəsindən gəlib. Azərbaycan mətbuatının nəhəng simalarından olan H. Zərdabi, Ə.M.Topçubaşov, Ə. Hüseynzadə, Ə. Ağaoğlu, X. X. Səbribəyzadə, Ü. və C. Hacıbəyli qardaşları haqqında onlarla məqalələr yazdı, tədqiqat əsərləri çap etdirdi. Onu da qeyd edək ki, Şamil müəllim mətbuat tariximizi yalnız publisist, jurnalist marağı səviyyəsində deyil, həm də elmi əsaslarla öyrənir, tədqiq edir.
Unutmayaq ki, milli mənəvi dəyərlərin dövrün çərçivəsi fonunda qələmə alınıb dəyərləndirilməsi xalqın tarixinə verilən ən böyük qiymət deməkdir. Keçmişini bilməyən gələcəyini də qura bilməz deyən dahilərimiz nə qədər haqlı imişlər. Dahi Üzeyir bəy demiş: "Keçmişi bilmək, insanların, millətlərin, dövlətlərin əhvalından xəbər tutmaq və onların keçdikləri tərzi-məişətlərindən, icra etdikləri yaxşı-yaman işlərdən bir dərsi-ibrət almaq üçün əlimizdə bir "aləti-mazibin" varsa, o da tarixdir".
Tədqiqatçı alim Ş. Vəliyev də bu tarixin qaranlıq qatlarına işıq salmaq, qaranlıq mətləbləri işıqlandırmaq arzusu ilə uzun illərdi, arxivlərdə, muzeylərdə, kitabxanalarda axtarır-arayır, calışır. Ona görə də Ş. Vəliyevin qələmindən cıxan hər bir məqalə, əsər maraqlı, aktual olduğu qədər də etibarlı, mötəbərdir. Çünki onun hər bir sözü, hər bir mülahizəsi ciddi sənədlərə, tutarlı faktlara əsaslanır. Arxivlə işlədiyindən ona irad tutmaq, onu təkzib etmək də mümkün deyil. Bax, budur fakta, sənədə əsl jurnalist qayğısı, sayğısı. Odur ki, əbəbiyyat və mətbuat aləmində öz sözü, yeri, olan, istedadlı publisistin KİV-də dərc etdirdiyi çoxsaylı məqalə və resenziyaları, publisitik yazıları oxucusu tərəfindən daima diqqət və maraqla qarşılanır.
Bu günlərdə "Elm və təhsil" nəşriyyatı tərəfindən işıq üzü görən iki cilidlik "Azərbaycan ədəbiyyatı və mətbuatından araşdırmalar" adlı sanballı bir əsəri qarşımdadır. Əvvəlcə əsəri vərəqlədım, sonra oxudum. Oxuduqca da düşünməyə və əlimə qələm alıb yazmağa vadar oldum. Jurnalistikanın əksər janrlarına müraciət edən müəllifin müxtəlif illərdə dövri mətbuatda çap etdirdiyi portret-oçerkləri, elmi-nəzəri və publisistik məqalələri, müsahibələri burada öz əksini tapmışdır. Daha çox diqqətimi çəkən isə şəxsi arxivlərdə saxlanılan məktub və biblioqrafik göstəricilər oldu. Çox maraqlı bir faktı da qeyd edim ki, Şamil müəllim bu əsərində Sovet dövründə qələmə alınan yazılarını da çap etdirib. Bəziləri kimi onları gizlətməyə cəhd göstərmir. Əksinə, çəkinmədən onları oxucusunun ixtiyarına verir. Burada tədqiqatçı alim Abid Tahirlinin sözlərini xatırlatmaq yerinə düşərdi: "Gözlənilən tənqidlərdən, tənə və məzəmmətlərdən" qətiyyən narahat olmayan alimin arzusu budur ki, oxucu "buraxılan səhvi" və sovet dövründə yaşamağa və yazmağa məhkum, məcbur olan "bizim nəsli dərindən dərk etsin".
Əsərdə diqqəti cəlb edən ikinci cəhət mətbuatımızın dünəninə, bu gününə və sabahına işıq salan, irs-varislik prinsipini yaşadan, zəngin faktlarla əhatə olunan materiallardır. Şamil müəllim bunlara əsl jurnalist sayıqlığı ilə yanaşaraq mətbuatımızın klassiklərinin irsini araşdırmış, ideya və baxışlarına münasibət bildirmiş, dəyərli, məzmunlu və həm də çox maraqlı elmi-nəzəri qənaətlər hasil etmişdir. Əsərin birinci cildində XX əsr Azərbaycan ədəbi tənqidində poeziya problemləri geniş tədqiq olunur. Əsərdə N. Nərimanov, F. Köçərli, M. Hadi, H. Cavid və A. Səhhət kimi qələm sahiblərinin poeziyaya dair tənqidi görüşləri diqqəti cəlb edir. Onu da qeyd edək ki, müəllif ədəbi tənqidi konkret idrak hadisəsi və yaradıcılıq növü kimi qiymətləndirir. Çünki o sadəcə olaraq peşəkar tənqidçilərin irsini öyrənməklə kifayətlənmir, həm də öz nəzəri-estetik fikirlərini elmi cəhətdən əsaslandırır.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaranan milli ədəbiyyatımızın, xüsusən də poeziyamızın inkişaf xüsusiyyətlərindən, bədii sənətkarlıq səviyyəsindən, ideya estetik istiqamətlərindən geniş şəkildə bəhs edir. Bu poeziyanın milli dövlət quruculuğu və istiqlal düşüncələrinin təbliğində başlıca rol oynadığını bildirir. Tənqidi fikrin korifeyləri Ə. Ağaoğlu, M. Ə. Rəsulzadə, Ə. Hüseynzadə və başqalarının milli nəzəri fikir və mülahizələrinə münasibət bildirir, onların elmi-nəzəri fikirlərinə qiymət verilməsini ictimai vəzifə kimi qarşıya qoyur.
Əməkdar jurnalistin yaradıcılıq axtarışları bunlarla məhdudlaşmır. O, Azərbaycan mətbuatında, ictimai-siyasi, ədəbi-mədəni, maarifçilik və xeyriyyəçilik həyatında, hərəkatında silinməz iz qoymuş qələm, kəlam əhlinin fəaliyyəti, yaradıcılığı haqqında bir-birindən maraqlı məqalələr yazmış, araşdırmalar aparmışdır.
"Gələcək keçmişin üzərində daha möhkəm dayanır, inkişaf edir,"- deyənlər çox haqlıdır. "Dünəninə mənəvi dəyər vermək, onu gələcək nəslə təqdim etmək zamanın ən mühüm tələblərindən biridir,"- söyləyən Şamil müəllim XIX -XX əsrlərdə yazıb-yaratmış görkəmli şəxsiyyətlərin ədəbi-bədii irsini tədqiq etməklə bir daha dünənimizi bu günümüzlə bağlayır. Şamil müəllim əsərində həm də çoxəsrlik tarixə malik türk ədəbiyyatının zəngin ideya-estetik keyfiyyətlərinə də münasibət bildirir. O öz fikrini Hüseyn Nihal Atsızın yaradıcılığını təhlil edərək əsaslandırır.
Əsərdə Kamran Əliyevin "XX əsr Azərbaycan romantizminin ədəbi-nəzəri görüşləri" kitabı haqqında da bəhs olunur. Burada müəllif çətin, mürəkkəb və mübahisəli məsələlərin elmi şərhini verməklə yanaşı, onların ədəbi-nəzəri görüşlərinə də yer ayırmış və faktlara elmi baxımdan yanaşaraq tədqiqat işini daha da zənginləşdirmişdir.
Yuxarıda adını cəkdiyimiz əsərdə müəllif XX əsrin əvvəllərində Azərbaycanda ictimai-tarixi və ədəbi-mədəni mənzərəni təsvir edərkən Ə. Ağaoğlunun və Ə. Hüseynzadənin yaradıcılıqlarından geniş söhbət açır, onların ədəbi irsindəki milli təəssüf hissini, xalqa yönələn faydalı əməllərini açıqlayır. Bu azadlıq fədailərinin müstəqillik, suveren dövlət və bütöv vətən uğrunda apardıqları işləri ön planda verir.
Bunlarla yanaşı Ş. Vəliyev müxtəlif illərdə yazdığı "Azərbaycan" qəzetinin nəşr tarixindən", "Böyük bir örnək", "Bədii sözün energetikası", "1980-cı illər Azərbaycan nəsrinin poetikası" və bir çox məqalələrini də kitaba daxil edib. Zəngin qaynaqlar, gərgin axtarışlar əsasında toplanılaraq yazılan bu məqalələr sonralar bir-birindən maraqlı, dəyərli tədqiqat əsərlərinə çevrilib. Bu məqalələrdə sosial və siyasi ziddiyyətləri təhlil obyektinə çevirən müəllif dövrün ictimai-siyasi mühit faktorunu önə çəkir, fikrini yeni tip, xarakter və şəxsiyyət axtarışlarına yönəldir. Əməyi, zəhməti hesabına ictimai-mədəni həyatda uğurlar qazanan, elmi-nəzəri axtarışlar aparan ziyalılarımızın fəaliyyətinə geniş yer verən müəllif onları xalqın fədailəri səviyyəsinə qaldırır. Xalqın təfəkkür və həyat təcrübəsinə arxalanan fədailərin vətənpərvərlik, millətsevərlik təcrübəsini gənc nəslə örnək, ərməğan edir.
Ş. Vəliyev əsərində Azərbaycanın realist yazıçı və şairlərinin əsərləri ilə yanaşı, yeri gəldikcə, şifahi xalq ədəbiyyatı nümunələrindən də istifadə edib. Müəllif qeyd edir ki, xalqımızın tarixi, mədəniyyəti, ədəbiyyatı, adət-ənənəsi, həyat tərzi, xarakteri sözdə yaşayır, ona görə də şifahi və yazılı ədəbi nümunələr söz xəzinəmizin ən böyük nümunəsidir.
Ümumiyyətlə, tədqiqatçı-alim, görkəmli publisist Şamil Vəliyevin yaradıcılığı ilə tanış olarkən belə bir fikri xatırladım: "Yaradılanları yaşatmaq yenisini yaratmaq qədər həm çətin, həm faydalı, həm də şərəflidir. Xüsusilə söhbət böyük bir ulusun əsrlər boyu ərsəyə gətirdiyi milli-mənəvi dəyərlərdən, mədəni irsdən gedirsə, onları yaşatmaq, onlara yeni nəfəs vermək, nəsildən-nəslə ötürmək, elə yenisini yaratmağa bərabərdir".
Ona görə də çəkinmədən, heç bir mübaliğəsiz demək olar ki, Şamil müəllimin bu əsərləri yalınz ədəbiyyatşünaslığa deyil, həm də mətbuatşünaslığa ən layiqli, ən möhtəşəm bir töhfədir. Belə töhfələrin saysız-hesabsız olması arzusu ilə müəllifə uğurlar arzu edirik.
Qərənfil DÜNYAMİNQIZI
BDU-nun Mətbuat Tarixi kafedrasının müəllimi
Bu yazı ( 149 ) - dəfə oxunmuşdur