12px14px16px18px

“Molla Nəsrəddin” jurnalı və dövri mətbuata münasibət məsələsi

01:46 / 19.04.2012


Cəmiyyətdə mətbuata laqeyd yanaşma problemi

XX əsrin ilk onilliklərində Azərbaycan dövri mətbuatını təmsil edən jurnal və qəzetlər haqqında ən dolğun təsəvvür yaradan ədəbi-mədəni abidəmiz məhz 1906-1931-ci illərdə müxtəlif fasilələrlə çap olunan “Molla Nəsrəddin” dərgisidir. Əlbəttə, “Molla Nəsrəddin” jurnalı öz nəşri ilə yalnız Azərbaycan ədəbiyyatı və jurnalistikasında yeni bir mərhələnin əsasını qoymadı, həm də ədəbi-estetik dünyagörüşləri dəyişdi, qələm sahiblərinin mətbuatla əlaqəli yeni prinsiplərlə düşünmələrini gerçəkləşdirdi.
Ümumiyyətlə, Cəlil Məmmədquluzadənin redaktorluğu ilə fəaliyyət göstərən satirik məcmuənin hər bir sayında bu və ya digər dərəcədə jurnalistikadan söz açılıb, zamanına görə mətbuatımızın ən qlobal problemlərinin həlli istiqamətində iş aparılıb. Faktlar göstərir ki, “Molla Nəsrəddin”də dövri mətbuatdan bəhs edən ilk irihəcmli yazı dərginin 5-ci sayında çap olunan “İdarəmizin əhvalatından bir neçə söz” felyetonudur. Felyetonla zahiri tanışlıq belə təəssürat yaradır ki, sanki müəllif “Molla Nəsrəddin”in abunəçiləri ilə fəxr edir. Bəli, əgər real olarsa, məcmuənin dördüncü sayının 25 min nüsxə çap olunması, 18432 nüsxənin doqquz, altı və üç aylıq müştərilərə göndərilməsi, müştərilərin yarıdan çoxunun Tehran, Xorasan, İsfahan və Təbriz əhalisi olması qürur duyulası haldır. Halbuki, bu göstəricilər yəqinliklə qeyri-realdır. Budur, hətta 1921-ci ildə, yəni “Molla Nəsrəddin”in Təbrizdə çap olunduğu dövrdə belə jurnalın Təbriz şəhərində və ətraf abunəçilərinin sayı 350-yə çatmayıb. Daha doğrusu, akademik İsa Həbibbəylinin 1997-ci ildə çap etdirdiyi “Cəlil Məmmədquluzadə: mühiti və müasirləri” monoqrafiyasından bəlli olur ki, 1921-ci ildə Təbrizdə və ətraf bölgələrdə məcmuə yalnız 308 müştəri tərəfindən alınıb.
Digər tərəfdən, bəllidir ki, jurnalın ilk sayı cəmi 1000 tirajla çapa başlayıb. Bütün bunlardan sonra “Molla Nəsrəddin” redaktorunun jurnalın abunəçilərinə dair məlumatlarında müəllif məramının üzə çıxarılması xüsusi diqqət tələb edir: “Müştərilərin yarısından çoxu İran əhlidir. Belə ki, Xorasandan başlamış Tehran, İsfahan, Təbrizə kimi həmin şəhərlərə, hətta kəndlərə on beş mindən ziyadə məcmuəmiz gedir. Bunun on üç min altı yüz doxsanı illik abunə olanlarımızdır. Qalanı tək-tək satılır (Gərək qonşularımız “Həyat” və “İrşad”ın da əhvalı bu hesablara yavuq ola). On min nüsxəyə kimi “Molla Nəsrəddin” Qafqaz və Rusiya müsəlmanlarının arasında nəşr olunur (“İrşad” və “Həyat” da bu hesabda olmalıdırlar)”. (“Molla Nəsrəddin” On iki cilddə, 1-ci cild)
Diqqət yetirdikdə bəlli olur ki, “Molla Nəsrəddin”in bu satirası mövcud cəmiyyətdə mətbuata laqeyd münasibət bəsləyənlərə ünvanlanıb. Daha doğrusu, məcmuənin yaradıcısı və baş redaktoru Cəlil Məmmədquluzadə mətbuatı cəmiyyəti inkişaf etdirəcək ən böyük təsir vasitəsi olaraq dəyərləndirib. Bu səbəbdən hər bir mətbuat orqanının fəaliyyətini yüksək qiymətləndirməklə bərabər, jurnalist məsuliyyətinin də nəzərə alınmasını daim diqqətə çəkib.
Əslində “İdarəmizin əhvalatından bir neçə söz” felyetonunda müəllifi düşündürən əsas məsələ elmdən, yenilikdən, tərəqqidən uzaq düşmüş, mövhumat və cəhalətin daim tənəzzülə sürüklədiyi insanlarda mətbuata qarşı biganəlikdir. Bu səbəbdən “Molla Nəsrəddin” özünü “İrşad” və “Həyat”dan ayırmır.
“Molla Nəsrəddin”in dövri mətbuata münasibətini aydınlaşdırmaq baxımından jurnalın 1906-cı ilə aid 6-cı sayında çap olunan “Məktub” yazısını da ayrıca dəyərləndirmək lazımdır. Zahiri təqdimatdan belə məlum olur ki, Həştərxan müftisi “Molla Nəsrəddin”ə məktub göndərib və həmin məktubun çap olumasını xahiş edib. Guya Həştərxan müftisi ruznamələrdən narazıdır: “Necə ki, sizə məlumdur, bir neçə həftə bundan əqdəm müsəlman cəridələrinin bəzisi mənim barəmdə belə bir böhtan yazmışdılar ki, guya mənim peşəm rüşvət alıb xalqın kəbinli övrətlərinin dübarə kəbinini bir özgəsinə kəsməkdir.
Mən öz vaxtında bu xüsusda haman cəridələrə cavab göndərdim, lakin nainsaflıq edib mənim cavabımı ruznamələrin heç birisi yazmaq istəmədi”.
Əlbəttə ki, “Molla Nəsrəddin”in məqsədi Həştərxan müftisini müdafiə etmək deyil. Əksinə, bu yolla də məcmuə müsəlman məişətində yer tutan daha bir qüsurlu məqamla mübarizə aparmaqdadır. Məsələnin digər tərəfi isə yenə də dövri mətbuatdır. Bəli, böyük Mirzə Cəlil nəinki müftinin tərəfini saxlamır, hətta “İrşad” və “Həyat” qəzetlərinin timsalında müsəlman mətbuatının bu kimi hallara biganə qalmasına etirazını bildirir. İttihamçı məqamında isə Həştərxan müftisidir: “Nə səbəbə ruznamələrin gözü bircə məndə açıldı? Bəs beş-altı il bundan irəli Naxçıvan qazisi timazlı Kərbəlayi Nəcəfqulunun kəbinli övrəti Səkinənin kəbinini on yeddi kirvənkə qəndə türkaşlı Məşədi Abbasquluya kəsən vaxt nə üçün “İrşad” yainki “Həyat” o vaxt bir söz danışmadılar”.

Nöqsanlari ifşa edərək cəmiyyətin inkişafina nail olmaq

Göründüyü kimi, “Molla Nəsrəddin” redaktorunun fikrincə, mətbuatın vəzifəsi cəmiyyətin inkişafına mane olacaq hər bir nöqsanı ifşa etmək, bu yolla da tərəqqiyə nail olmaqdır.
Maraqlıdır ki, “İrşad” və “Həyat” qəzetlərindən sonra “Molla Nəsrəddin”də “Dəbistan” jurnalının da adı çəkilib. Bu fakt özlüyündə satirik məcmuə redaktorunun ümumiyyətlə, dövri mətbuata xüsusi diqqətlə yanaşdığını təsdiqləməkdədir. Bəli, “Molla Nəsrəddin”in 12 may 1906-cı il tarixli 6-cı sayında “Ananın oğluna lay-lay deməsi” başlıqlı satirik şeiri də çap olunub. Həmin şeirin təqdimatı aşağıdakı şəkildə reallaşıb: “Dəbistan”ın 2-ci nömrəsinin 11-ci səhifəsindən”.
Məsələ onda deyil ki, “Molla Nəsrəddin”in “Lay-lay”ı tam satirik xarakterlidir. Alınan nəticəyə görə, C.Məmmədquluzadə və onun mübariz qələm yoldaşları realist satira üçün mövzu seçərkən hətta uşaq mətbuatından belə faydalanıb, yaxud bu yolla da oxucuların diqqətini digər mətbuat orqanlarına yönəldiblər.
Ümumiyyətlə, mollanəsrəddinçi nasir və şairlər mətbuata ictimai şüuru formalaşdıran ən qüvvətli vasitə kimi baxıb, bu səbəbdən digər qəzet və jurnallarda qeyri-obyektiv, şəxsi mənafedən çap olunan yazıları pisləyib, xalqı deyil, qrupu təmsil edən qələm sahiblərinə etirazını bildiribdir. Bu baxımdan məcmuədə “Molla Nəsrəddin” imzası ilə çap olunan “Bakılılara” felyetonunun ayrıca təhlilə ehtiyacı var.

İctimai həyatda özünü göstərən qüsurlar

Bu felyetonda da əsas məqsəd ictimai həyatda özünü göstərən qüsurların tənqididir. Başqa sözlə, Molla Nəsrəddinin bakılılarla açıq söhbəti təsiri bağışlayır. Aydın olur ki, jurnalın yazıları bakılıları qəzəbləndirib. Beləliklə, felyetonun müəllifi sanki Dəmdəməkinin Bakı haqqında yazılarına görə həmvətənlərindən üzr istəyir. Lakin həmin üzrdə bir daha vurğulanır ki, bəli, Bakıda rus-müsəlman məktəbinin müəllimləri gecələr vaxtlarını klublarda keçirməklə məşğuldurlar, sahibkarlar fəhlələrə qeyri-insani münasibət bəsləyirlər. “Molla Nəsrəddin”in tənqidi yazıları isə digər qəzet və jurnallarda təkzib edilir: “A qardaşlar, axır bir deyiniz görüm, mənim nə vecimə ki, səhərlər saat altıda kantora gəlib axşam saat onda azad olursunuz? Dəxi mən nə edim ki, sizin müsəlman xozeynləriniz cümə günləri də sizi qatırlar kantora, qapıları bağlayırlar və lampa işığına sizi işlədib Allah yaradan günə sizi həsrət qoyurlar? Mənim nə borcumdu ki, məvacibiniz az, zəhmətiniz həddən artıq və rahatlığınız əbədən yoxdur. Vallah məəttəl qalmışam. Bilmirəm yazım ya yox. Yazmasam siz inciyəjəksiniz, yazsam da pervi russko-tatarski uşqolanın pasledni klasının uçenikləri kimi sizin də yoldaşlarınız başlayacaqlar “Həyat” və “İrşad”ın sütunlarında sübuta yetirməyə ki, Molla əmi səhv edib, bizim xozeyinlər cavanmərd, insandust, rəhimli, kəramətli, bizim halımıza yanan və bizləri öz övladı kimi səmimi qəlbdən istəyən və Vittedən, Durnovadan artıq hürriyyət tərəfdarıdırlar” (“Molla Nəsrəddin” On iki cilddə, 1-ci cild).
“Molla Nəsrəddin”in səhifələrində “Həyat” və “İrşad” haqqında tənqidi qeydlər tez-tez yer tutsa da, adıçəkilən qəzetlərin əməkdaşları bu satirik məcmuənin doğru mövqe tutduğunu dönə-dönə etiraf edciblər. Məsələn, “İrşad” qəzetinin 1906-cı il tarixli 90-cı sayında Əhmədbəy Ağayev yazırdı: “Baxın “Molla Nəsrəddin”ə. Bu cəridə nə gözəl cəridədir. Nə qədər, zəka, məharət və zövq göstərir. Nəinki biz müsəlmanlar, bəlkə ən mədəni, ən mütərəqqi tayfalar, belə cəridələri ilə fəxr edərlər”. (Q.Məmmədli “Molla Nəsrəddin”)
Aydın görünür ki, “Molla Nəsrəddin” ədəbi cəbhəsinin nümayəndələri dövri mətbuat mövzusuna müntəzəm surətdə müraciət edibdir. Şübhəsiz ki, məcmuənin digər mətbu orqanlarla mübarizəsi yeniliyin köhnəliklə mübarizəsi mahiyyəti daşıyıb və bu hal bir çox qəzet-jurnal səhifələrində din məsələlərinə geniş yer verilməsindən, bəzi din nümayəndələrinin islam ehkamlarının təbliğində ifrata varmalarından irəli gəlib. Xüsusən də Azərbaycan mətbuatında dünyəvi elmlərin dini elmlərlə üz-üzə qoyulması, insanların islama kortəbii bağlılığından istifadə edənlərin qeyri-məntiqi və qeyri-səmimi yazıları mollanəsrəddinçilərin haqlı qəzəbi ilə nəticələnib. Lakin bu halda da jurnalın əvvəlinci saylarında tanınmış din nümayəndələrinə qarşı tənqid birbaşa inkarçı formada deyil, oxucunu düşündürmək formasındadır. Bu fikrin təsdiqi naminə məcmuənin ilk ilinə aid 8-ci saydakı “Hansı elmlər lazım?” felyetonuna diqqət yetirmək kifayətdir.

Hikməti-ilahi ilə kamil olmaq

Məlumdur ki, “Molla Nəsrəddin”in nəşrə başladığı dövrdə ədəbi-elmi ictimaiyyəti “Bizə hansı elmlər lazım?” problemi ciddi şəkildə düşündürüb, mətbuatda həmin mövzu ilə əlaqədar xeyli mübahisələr gedibdir. “Hansı elmlər lazım?” felyetonu da eyni problemə həsr olunub. Lakin Molla Nəsrəddin bu dəfə də məsələnin həllində özünəməxsus forma tapıb, münasibət bildirmədən eyni felyeton daxilində həm Əbutürab Axundun, həm də Zeynalabdın Marağalının “İbrahimbəyin səyahətnaməsi” əsərindən mətnləri qoşa təqdim edib. Düşündürücüdür ki, Cəlil Məmmədquluzadə Əbutürab Axund oğlunun “Həyat”dakı məqaləsini bütövlüklə təkrarlamayıb. İlk olaraq aşağıdakı mətni diqqətə çəkib: “Bizim oxucularımız Avropa əhalisini insaniyyət və mədəniyyətdə dərəceyi-kəmalə yetiribdirlər, amma mən deyərdim ki, Avropa əhalisi qanuni-siyasiyi-ilahiyyədən azad olduqlarına görə, eyni vəhşətdədirlər. Hikməti-əbii bilməklə insan olmaq olmaz, hikməti-ilahi ilə kamil olmaq insanı insan edər” (“Molla Nəsrəddin” On iki cilddə, 1-ci cild).
Eyni felyetonda “İbrahimbəyin səyahətnaməsi” əsərindən oxunan parçada isə Təbrizin ən böyük alimlərinin xalq malından yığılmış milyonlarından söz açılır. Beləliklə, Əbutürab Axund oğlunun mülahizələrini elə hikməti-ilahi nümayəndələri öz əməlləri ilə təkzib edirlər. Başqa sözlə, möhtərəm üləmaların əməlləri ilə tanış olan oxucu hikməti-ilahinin insanı insan etməsinə qətiyyən inanmır. Bəli, Marağalı Zeynalabdının təqdimatında hikməti-ilahi sahibləri millət nümayəndələri çörək əvəzinə torpaq yedikləri halda məhz xalqın hesabına milyonlar qazananlardır.
Qeyd edək ki, Azərbaycan mətbuatında “Bizə hansı elmlər lazımdır?” sualının özünəməxsus tarixi var. Prinsipcə maarifçilik hərəkatı ilə bağlı olan bu sualın ilk müəllifləri “Əkinçi” nümayəndələridir. Hələ “Əkinçi” səhifələrində Həsən bəy Zərdabi başda olmaqla tərəqqipərvər ziyalılar, xalqın xilas yolunu maarifdə, təhsildə görən şəxsiyyətlər Azərbaycan məktəblərində dünyəvi elmlərin, o cümlədən kimya, coğrafiya, təbiət kimi fənlərin tədrisini zəruri sayırdılar. Köhnə təlim tərəfdarları isə din tarixini, fiqh, şəriət elmlərini təbliğ edirdilər. Bu məsələ ictimai-siyasi proseslərin daha mürəkkəb formada cərəyan etdiyi XX əsrin əvvəllərində yenidən xüsusi təkidlə nəzər nöqtəsinə çəkilibdir. Cəlil Məmmədquluzadə nəinki bu mövzuya “Molla Nəsrəddin” vasitəsilə münasibət bildirib, hətta eyni problem ətrafında bütöv cəmiyyətin düşünməsi istiqamətində də ciddi iş aparıb: “Molla Nəsrəddin” jurnalı redaktorunun “Bizə hansı elmlər lazım?” mövzusu ətrafındakı mübahisələrdə də Əbutürav Axundun “Hikməti-təbii bilməklə insan olmaq olmaz, hikməti-ilahi ilə kamil olmaq insanı insan edər” kimi mülahizələrini qəbul etməyərək dini fənlərlə yanaşı, dünyəvi elmləri öyrənməyə dair çağırışında da İslamın əleyhinə çıxması yox, dirçəliş və tərəqqi əsrinin xüsusiyyətlərini nəzərə alması əsas götürülüb. C.Məmmədquluzadə həmin müzakirələrdə iştirak edən digər müəlliflərin – Ə.Hüseynzadə, Ö.F.Nemanzadə, Qafur Rəşad və başqalarının da məqalələrini toplayıb kitabça halında çap etdirərək küll halında “Molla Nəsrəddin”in abunəçilərinə göndəribdir” İ.Həbibbəyli “Cəlil Məmmədquluzadə: mühiti və müasirləri”).

Xürafat və cəhalətə satira atəşi

“Molla Nəsrəddin”in demək olar ki, hər bir sayında dövri mətbuatdan söz açılıb. Əlbəttə, o dövrdə çap olunan digər qəzet və jurnallar köhnəliyin tərəfində dayandıqda, xürafat və cəhalətdən irəli gələn gərəksiz ayinləri təbliğ etdikdə məcmuə tərəfindən satira hədəfinə çevrilib. Məsələn, jurnalın 2 iyun 1906-cı il tarixli 9-cu sayındakı ilk yazılar “Molla Nəsrəddinin teleqramları” başlığı ilə təqdim edilib. Təbii ki, həmin yazılar satirik xəbər janrındadır. Xəbərlərdən birində isə “Tərcüman”, “Həyat” və “İrşad” müəlliflərinin zərərli ayinlərə bağlılığından söz açılır: “Rəşt-Yaponiyadan yazılan elanı “Tərcüman”, “Həyat” və “İrşad”da oxuyub buranın əyan-əşrəf və üləması belə məşvərət elədilər: Dörd nəfər falçı, cindar, baxtaçan və tas quran göndərsinlər Yaponiyaya ki, onları tilsim və əfsun gücü ilə İslama dəvət eləsinlər. İnşaallah bu günlərdə yola düşəcəklər”.
Bununla belə, Cəlil Məmmədquluzadə və onun mübariz qələm dostları digər mətbu orqanların taleyinə biganə qalmayıblar. Budur, “Tərcüman”, “Həyat” və “İrşad” müəlliflərinin tənqid olunduğu sayda valideynlərin “Dəbistan”a biganəliyi kinayə formasında aşağıdakı mətnlə oxuculara çatdırılır: “Bakı müsəlman şagirdlərinin valideynləri uşaqlarından ötrü “Dəbistan” jurnalına müştəri olmağa and içdilər”.`
Rufik İSMAYILOV Bakı Dövlət Universitetinin doktorantı


Bu yazı ( 147 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar