12px14px16px18px

Jurnalistika – demokratiya institutu kimi

Cahangir MƏMMƏDLİ
00:23 / 06.03.2012
 
III YAZI
 
Avropa Şurası İctimai TV haqqında qanunun işçi variantını hazırlayıb. Bu qanun hər bir dövlətin özünün bir çox istiqamətlərindən çıxış edərək konkretləşdirilə bilər. Avropa Şurası İctimai Televiziyanın mahiyyətini də izah edərək göstərir ki:
Bu televiziya cəmiyyət üçün nəzərdə tutulur.
Bu televiziyanı cəmiyyət maliyyələşdirir.
Bu televiziyaya cəmiyyət nəzarət edir. Burada “cəmiyyət” anlayışı ölkənin, regionun bütün əhalisini ifadə edir.
“Bütün əhali” anlayışı isə cəmiyyətin bütün qruplarını və təbəqələrini nəzərdə tutur. Yəni burada varlı da, kasıb da, qoca da, cavan da, savadlı və azsavadlı da, xüsusi maraq dairəsi olan insanlar da (mədəni, dini, elmi, idman, sosial, iqtisadi maraqlar) və bütövlükdə cəmiyyət ehtiva olunur. Əhalinin hələ heç də tam tərkibini ifadə etməyən bütün bu qruplarını ictimai televiziyanın verilişləri əhatə etməlidir.
Sual oluna bilər: öz kommersiya maraqlarını təmin etmək üçün ictimai marağa söykənməyi əsas tutan özəl televiziya kanalları bu prinsipləri əsas götürə bilməzmi? Bu suala müsbət cavab vermək mümkün deyil. Çünki kommersiya TV kanalları maliyyə qaynağı problemində yalnız özünə, öz kommersiya fəaliyyətinə söykəndiyinə görə bu maraqları cəmiyyətə qurban verməkdən, necə deyərlər, altruist xarakterdən çıxış etmək keyfiyyətindən uzaqdır. Əlbəttə, özəl KİV-in fəaliyyəti bəzən xeyli dərəcədə belə keyfiyyətə yaxınlaşa bilər, lakin onun kommersiya “hüququ” pozulan kimi o öz “altruistliyindən” dərhal imtina edəcək. Önəmli telenəzəriyyəçilərdən biri, misal olaraq xeyli dərəcədə ideal hesab etdiyimiz ABŞ TV kanallarına müraciət edir. ABŞ Konstitusiyasına birinci düzəlişin tələbinə görə, bu ölkədə KİV-in nizamlanmasına – istər “icazələr”, istərsə də “qadağalar” baxımından – dövlətin qarışması mümkün deyil. 1920-1930-cu illərdən daha çox özəl sektora məxsus yayım biznesi reklamçıların hesabına fəaliyyət olaraq, radiotezlik lisenziyası alır, əvəzində “ictimai marağa” xidmət etmək vədi verirdilər. Sonralar – 1950-ci illərdə ölkədə televiziyanın güclü inkişafı bu biznes sahəsini öz vədlərinə “xilaf çıxmağa” məcbur etdi. Heç bir qanunla tənzimlənməyən “ictimai marağa xidmət” ideyası kommersiya maraqlarına qurban verilsə də, dövlət radiotezlik lisenziyasını hələ də pulsuz “bağışlamaq” praktikasını davam etdirirdi. Lisenziyanın belə asan başa gəlməsi yayım biznesinə o qədər gəlir gətirirdi ki, hətta televiziya rəhbərlərindən biri bunu “pul çap etmək üçün lisenziya” adlandırmaqdan da çəkinməmişdi. Deməli, kommersiya televiziyası ictimai televiziyanı əvəz edə bilməz. Ölkə əhalisinin bütün təbəqələrinin marağını nəzərdə tutan ictimai TV-nin mövcudluğu labüddür, zəruridir.
İctimai TV hakimiyyət üçün deyil, parlament üçün deyil, prezident üçün deyil, hər hansı bir siyasi partiya üçün deyil, bütöv cəmiyyət üçün, bütün əhali üçün nəzərdə tutulur. Bu TV tam müstəqil olaraq, yalnız əhaliyə və yalnız vətəndaşlara xidmət edir.
Adı çəkilən konfransın iştirakçıları qeyd edirlər ki, ictimai televiziyanı necə yaratmaq və tətbiq etmək zamanın ciddi problemlərindəndir. Xüsusilə dövlət televiziyasının dominant olduğu ölkələrdə hakimiyyətdə olan adamları bu televiziyanın vacibliyinə inandırmaq və dövlət televiziyasının ictimailəşdirilməsinə xeyir-dua almaq çox çətin olacaq. İnandırmaq çətindir ki, demokratiya vətəndaşların bu ruhda tərbiyəsindən başlayır və bu tərbiyədə başlıca rolu ictimai televiziya oynayır. Avropa Şurasının qənaətinə görə indi əsas vəzifə ondan ibarətdir ki, sivil ölkələrdə hakimiyyət və vətəndaş dövlət televiziyasının indiki halda qalmasının mənasız olduğunu başa düşsün. Transnasional telekanalların peyk vasitəsilə dünyaya yayımı, kommersiya kanallarının getdikcə artması şəraitində hakimiyyət dövlət televiziyası vasitəsilə informasiya təqdimatına əvvəlkitək nəzarət edəcəyinə, bununla da insanları istədiyi istiqamətə yönəldə biləcəyinə ümid bağlamamalıdır.
Avropa Şurası hakimiyyət adamlarına belə şəraiti qiymətləndirməyi tövsiyə edir. Dövlət televiziyası plüralist xarakterdən uzaq olaraq daha çox idarəçilik maraqlarını əsas tutur. Bütün bunlar baş vermiş hadisələrin interpretasiyasında, informasiyanın seçimində və təqdimi metodikasında özünü açıq göstərir. Bu tipli televiziya dövlət büdcəsindən maliyyələşdiyinə görə və deməli, onun əməkdaşları büdcədən asılı olduqlarına görə, prinsipcə, müstəqil informasiya təqdiminə nail ola bilməyəcək. Cəmiyyətin və ictimai rəyin bütün spektrinin əks etdirilməsi yalnız ictimai televiziyada – Avropa Şurasının maliyyə mənbələrini, nəzarət mexanizmini təqdim etdiyi bir televiziya kanalında mümkün olur. Bu, Avropa Şurasının da, beynəlxalq demokratiya institutlarının da, ümumiyyətlə, televiziyanın, eləcə də bütövlükdə KİV-in mahiyyətini az-çox anlamağa qadir olanların da elmi-nəzəri fikrində gəldiyi nəticədir.
Avropa Şurası ictimai televiziya yaradan ölkələrə məhz bu modeli gerçəkləşdirmək tələbi ilə yanaşır.
Totalitar rejimdən demokratik dəyərlərə söykənən cəmiyyətə keçid dövründə və bundan sonra möhkəmlənən demokratik cəmiyyətdə kütləvi informasiya vasitələrinin rolu və əhəmiyyəti tarixi təcrübədə özünü çox ciddi göstərmişdir. Demokratiyanın formalaşmasında və demokratik normaların bərqərar olmasında, əlbəttə, yalnız müstəqil informasiya vasitələri önəmli rol oynayır. Bu gün lüğətimizin işlək fondunda daha fəal yer tutan “söz azadlığı”, “müstəqil KİV” tipli ifadələrin mahiyyətini dərindən anlamaq özü də əhəmiyyətli məsələlər sırasındadır. “Söz azadlığı” anlayışı özündə cəmiyyətə lazım olan, ciddi ictimai maraq kəsb edən informasiyanın maneəsiz ifadəsini nəzərdə tutur. “KİV-in müstəqilliyi” dedikdə isə kütləvi informasiya vasitələrinin informasiya siyasətinə hər hansı bir təsirin, xüsusilə dövlət strukturları, hakimiyyət adamları, partiya, kommersiya qüvvələrinin koorparativ maraqlara görə təsirinin tamamilə aradan qaldırılması nəzərdə tutulur. Demokratik dəyərləri yalnız müstəqil, azad jurnalistika formalaşdırır. Azərbaycanda özünün daha çox “təbliğatçılıq, təşviqatçılıq” funksiyası ilə fəaliyyət göstərən KİV-in yerində cəmiyyətə maksimum obyektiv və maksimum ictimai maraq kəsb edən informasiya siyasətinə malik KİV yaranmaqdadır. Kütləvi informasiya vasitəsi informasiyaya və onun istehlakçısına hörmətlə yanaşmalıdır. İnformasiyaya və onun istehlakçısına hörmət özünü onda göstərməlidir ki, kütləvi informasiya vasitəsi öz fəaliyyətində cəmiyyətin bütün üzvlərinin, qruplarının, azlığın və çoxluğun marağını nəzərə alır, informasiya seçiminə, siyasi seçimə şərait yaradır. Bu informasiya vasitəsi hər hansı ideologiyanın təbliğatından, hakimiyyət adamlarının təsirindən uzaq olmalıdır. Belə imkanlara hələlik Avropa ölkələrində sınanmış və sınanmaqda olan, Avropa Şurası tərəfindən tövsiyə edilən ictimai teleradio institutu malikdir.
 Azərbaycan cəmiyyəti son on beş ildə informasiyanın və özü də obyektiv informasiyanın qiymətini dəqiqləşdirməyə başlamışdır. Bu cəmiyyətdə istər kütləvi informasiya vasitələrində, istərsə də digər müxtəlif tribunalarda telekanalların informasiya siyasəti ciddi müzakirə mövzusuna çevrilməkdə, bu barədə statik ictimai rəy yaranmaqdadır. Azərbaycanda telekanalların artımı tamaşaçıya, deməli, cəmiyyətə seçim imkanı verir və bu seçim özünü daha çox informasiya siyasətinə münasibətdə göstərir.
Avropa Şurasının sənədlərində ictimai televiziyanın elə demokratik idarə sistemi təklif olunur ki, bu sistem cəmiyyətin ona nəzarətinə böyük zəmanət verir. İctimai televiziya belə halda şəffaf fəaliyyətdən uzaqlaşa bilmir və heç bir qüvvənin əlahiddə ruporuna çevrilə bilmir. O, yalnız cəmiyyətin – əhalinin bütün təbəqələrinin tribunasına, maraq dünyasına çevrilir.
Aydındır ki, kütləvi informasiya vasitələri üzərində rəhbərlik totalitar sistemə xasdır. Totalitar hakimiyyət cəmiyyətə deyil, yalnız özünə sərf edən totalitarlıq vəziyyətini qoruyub saxlamaq üçün kütləvi informasiya vasitələrini “təbliğatçılıq, təşviqatçılıq və təşkilatçılıq” vasitəsinə çevirir. Totalitar hakimiyyətin fikrincə, cəmiyyətə təqdim olunan informasiya mütləq onun süzgəcindən keçməlidir. Belə hakimiyyət yaxşı bilir ki, heç bir müstəqil KİV onun istəyi ilə fəaliyyət göstərməyəcək, müstəqil KİV məmurun görmədiyi işi görülmüş iş kimi qələmə verməyəcək. Əksinə, məmurun işindəki ən xırda nöqsanları da axtarıb oxucuya, tamaşaçıya çatdıracaq.
Azərbaycan totalitar rejimdən tamamilə imtina etmişdir. Senzura rəsmi dövlət sənədi ilə ləğv edilmişdir. Dünyanın sivil ölkələrinin təcrübəsindən gələn demokratik dəyərlərə yiyələnmişdir. Demokratik cəmiyyətin mühüm göstəricilərindən biri belə ölkələrin dövlət KİV-indən imtinası ilə çox bağlıdır. Müstəqil KİV-də informasiya ictimai maraq prinsipi ilə təqdim olunur. Bu cür jurnalistikada bir prinsip var: ictimai maraq prinsipi. İctimai televiziya məhz bu prinsiplərlə işləməlidir.
Qeyd edək ki, ictimai televiziyanı demokratiya quruculuğunda son dərəcə önəmli bir vasitə hesab edən Avropa Şurası ayrı-ayrı ölkələrin xüsusiyyətlərini nəzərə almaqla tipoloji qanun layihəsi hazırlayaraq müzakirələrə təqdim etmişdir. Həmin qanun layihəsində teleradio strukturlarının hüquq və vəzifələri də çox maraqlı şəkildə işlənib. Qeyri-kommersiya İctimai Yayım Təşkilatının Yayım Şurası, İnzibati Şura və baş direktorluq adlanan strukturları mövcuddur. Bu strukturlar ictimai televiziyanın fəaliyyətini həyata keçirmək işini təşkil edir. Bu strukturların Avropa Şurasına daxil olan ölkələrin müvafiq nazirlərinin iştirakı ilə keçirilən konfransında işlənib hazırlanmış və işçi sənədi kimi təqdim olunan hüquq və vəzifələrinə diqqət edək. İctimai televiziyada Yayım Şurasının xüsusi yeri və rolu var. Onun əsas funksiyası ictimai televiziyanın məhz ictimaiyyətin bütün qruplarının maraqlarını təmin edən proqramlarının və digər verilişlərinin mahiyyətini əks etməkdir. Bu şuraya cəmiyyətin maksimum dərəcədə bütün qruplarını təmsil edən adamlar seçilməlidir. Yayım Şurası ölkənin spesifikasından asılı olaraq müxtəlif vasitələrlə formalaşdırıla bilər. Məsələn, Avropa Şurasının qeyd etdiyimiz Praqa konfransının sənədləri Şuranın üzvlərinin parlament tərəfindən seçilməsini təklif edir. Diqqətlə yanaşsaq, hələ demokratik institutların tam formalaşmadığı ölkələrdə bu variant çətin ki, özünü doğrultsun. Çünki Yayım Şurasının müəyyən edilmiş üzvlərinin maksimum müstəqilliyi və heç bir hakimiyyət orqanlarından asılı olmaması Şuranın fəaliyyətini şərtləndirən əsas amillərdən hesab olunur. İctimai televiziyanı yaratmaq üçün ona rəhbərlik və nəzarət edən ictimai şura con dərəcə demokratik prinsiplərlə seçilməlidir. Demokratikləşmə və ələlxüsus da onun qloballaşması ilk əvvəl insanların, sosial təbəqələrin haqqına üstünlük verir. Şübhəsiz ki, onların maraqlarını, tələbatlarını və haqlarını təmin edə bilən ictimai qurumların tam müstəqil olması hər şey deməkdir. Ona görə də ictimai yayım təşkilatlarının hüquqi bazası ilk növbədə onların yaradıcılıq müstəqilliyini və funksional (yaranmış institut çərçivəsində) muxtariyyətini nəzərdə tutur. Yayım Şurası aşağıdakıları yerinə yetirir:
1. Verilişlərin setkasının tutulması; 2) verilişlərin yaradıcı ideyası və istehsalı; 3) baş verən hadisələri isti-isti işıqlandıran xəbər və verilişlərin redaktəsi və buraxılışı; 4) ictimai yayım xidmətinin fəaliyyətinin təşkili; 5) kadrların seçilməsi, işə götürülməsi və təşkilat çərçivəsində onları idarəetmə; 6) malların və xidmətlərin alqı-satqısı, arendası və istifadə olunması; 7) maliyyə resurslarını idarəetmə; 8) büdcənin tərtibi və yerinə yetirilməsi; 9) danışıqların, müqavilələrin həyata keçirilməsi; 10) hüquqi araşdırmalar zamanı təşkilatın təmsilçiliyi və bu kimi funksiyalar. Proqramların tərtibatı üzrə fəaliyyət heç bir senzuraya məruz qalmamalıdır. Nəzarəti yalnız İctimai Şuraya etibar etmək olar.
Şura üzvləri hökumət işində və yaxud ictimai televiziyanın özündə vəzifə tuta bilməz. Şura özünün sədrini seçir, müstəqil olaraq öz reqlamentini müəyyənləşdirir. Şura səs çoxluğu ilə işləyir. Səslərin bərabər bölgüsü məqamında sədrin səsi həlledici rol oynayır. Şura ən azı iki ayda bir dəfə yığılır. Fövqəladə hallarda azı üç üzvün təklifi ilə Şura növbədənkənar yığıla bilər. Şura üzvləri öz işlərinə görə maaş almırlar. Digər kompensasiyalar nəzərdə tutulur.
Avropa Şurasının təqdim etdiyi model Qanuna görə Yayım Şurası ictimai televiziyanın baş direktorunu təyin edir, direktorun kadr təkliflərinə baxır.
Şura İnzibati Şuranın üzvlərini təyin edir, televiziyanın daxili qayda-qanunlarını müəyyənləşdirir, televiziyanın fəaliyyətini necə yerinə yetirməsinə nəzarət edir.
Radiotezlik üzrə DK-ın ictimai teleyayım üçün ayırdığı tezlikdən məqsədli və sərfəli istifadə etmək, cəmiyyətin yüksək mədəni-maarif tələbatlarını ödəmək məsuliyyəti də İctimai Şuranın və baş direktorun üzərinə düşür.
Baş direktoru və onun rəhbərlik etdiyi Direktorlar Şurasını da İctimai Şura təyin edir. Baş direktor ictimai televiziyanın gündəlik cari istehsalat-maliyyə fəaliyyətinə cavabdehlik daşıyır. Baş direktor İctimai Şuranın (İŞ) hər bir iclasında məşvərətçi səslə iştirak edir. Baş direktor proqramların tərtibi üçün məsuliyyət daşıyır. Cari əməliyyatlara və fəaliyyət növlərinə cavabdeh olduğuna görə o, müstəqil olaraq istehsalat prosesinə rəhbərlik edir və yalnız İŞ-ya tabedir. Məhkəmələrdə və digər rəsmi sorğu-sual yerlərində ictimai televiziyanı baş direktor təmsil edir. Direktor 5 il müddətinə təyin olunur və bir müddətə seçilir. Baş direktor parlamenti və ali icra hakimiyyətini təmsil edə bilməz, hökumətin və jurnalistlərin ictimai təşkilatlarının işçisi ola bilməz. İşi yarıtmaz olarsa, baş direktoru İctimai Şura 2/3 səslə vəzifədən azad edə bilər. İctimai Şura bu yerə namizədi gecikdirərsə, vəzifəni müvvəqqəti olaraq 1-ci müavin icra etməlidir.
İş baş direktor və onun müavinlərindən başqa İnzibati Şuranı da seçmək üçün səlahiyyətlər alır. İnzibati Şura ictimai televiziyanın cari işgüzar fəaliyyətini tənzimləyir. İnzibati Şuranın üzvləri inzibatçılıq və maliyyələşmə üzrə mütəxəssis olmalı və üçüncü tərəfin maraqlarını təmsil etməməlidirlər. Hökumət, parlament, ali icra hakimiyyətinin nümayəndələri İctimai Şuranın üzvləri ola bilməzlər. İŞ üzvləri peşə keyfiyyətlərindən asılı olaraq üç müddətə qədər seçilə bilərlər. Şuranın sədri olmalıdır və o, şura üzvləri tərəfindən seçilir. Şura öz fəaliyyətinin qaydalarını və reqlamentini yaradır və təsdiqləyir. İŞ nəzarət edir ki, bu sənədlər hüquqi bazadan kənar olmasınlar. Hər hansı qərar qəbul edilirsə, İŞ-nın bütün üzvləri iştirak etməlidirlər. İŞ baş direktorla xidmət barədə müqavilə bağlayır, işgüzar məsələlər üzrə ona məsləhət verir, illik büdcəni təsdiqləyir və ictimai televiziyanın istehsal-maliyyə sahəsinə aid olan hesabatını tərtib etməyə kömək edir. Maliyyə məsuliyyəti daşıyan və maaşı ali kateqoriyadan yüksək olan işçilərlə bağlanan kontraktları baş direktorun komandası ilə birgə İŞ bağlayır. Həmkarlar İttifaqı ilə sazişin bağlanması, kompaniyaların və onların hissələrinin alqı-satqısı, mülkiyyətin alqı-satqısı və girov qoyulması, bank kreditlərinin alınması, maliyyə qarantları və istiqrazlarının təmin olunması, yaradıcılıq proqramları istisna olmaqla digər proqramların tərtib edilməsi üçün maliyyələşdirmə kontraktlarının bağlanması da İŞ-nın iştirakı ilə həyata keçirilir.
Beləliklə, İnzibati Şuranın da üzərinə çox ciddi məsuliyyət tələb edən vəzifələr düşür ki, bunları yalnız müstəqil və vicdanla yerinə yetirməklə ictimai televiziyanın cəmiyyət həyatında rolunu yüksəltmək olar.
İctimai rəyə yaxşı məlumdur ki, cəmiyyətin, ictimai həyatın demokratikləşməsi prosesinə çox ciddi təsir göstərən bir institut kimi ictimai televiziya bu gün diqqət mərkəzindədir. Öz ölkəsində demokratik prinsiplərin, plüralist xarakterin, tolerantlığın milli-mənəvi dəyərlər səviyyəsində qəbul edilməsini arzulayan hər kəs – adi vətəndaşdan tutmuş yüksək vəzifə eşelonundakı rəhbər qüvvələrədək-ictimai televiziyanın cəmiyyət həyatındakı yerini qiymətləndirməyi bacarmalıdır. Avropa Şurasının ona üzv olan bütün ölkələr qarşısında ictimai televiziyanın yaradılması və normal fəaliyyəti ilə bağlı xüsusi tələblər qoyması təsadüfi deyil.
İctimai televiziya yaratmaq ideyası elə də asan bir proses deyil. İctimai televiziyanın təşkili bir neçə cəhətdən mürəkkəb prosesdir. Bu prosesin həqiqətən də mürəkkəbliyini, çətinliyini şərtləndirən bir neçə faktor vardır. Birincisi, yarım əsrə qədər bir dövrdə postsovet məkanı, o cümlədən Azərbaycan teleradionun yalnız dövlət modelini görmüşdür. Köhnə ənənələrin qırılması prosesi xeyli müddətdən bəri başlanmış olsa da, KİV-in dövlətə, yalnız dövlətə məxsusluğu, KİV-ə dövlət nəzarəti ənənəsindən imtina etmək cəmiyyət üçün hiss olunan dərəcədə çətinlik törədir. İkincisi və ən başlıcası, cəmiyyət ictimai televiziyanın gerçək həyatda yerini düzgün təsəvvür edə bilmir.
Qeyd edək ki, həmin əngəllər bu və ya digər şəkildə təxminən on, on beş il əvvəl bütün Qərb ölkələrində özünü göstərmişdir. Təsadüfi deyil ki, Beynəlxalq Mətbuat İnstitutu 1993-cü il sentyabrın 22-24-də Vyanada keçirdiyi kütləvi informasiya vasitələrinin problemlərinə həsr olunmuş xüsusi simpoziumunda dövlət nəzarətində olan yayımın ictimai yayıma çevrilməsi haqqında bəyanat qəbul etmişdir. Vyana bəyanatı Avropa Şurasına üzv olan ölkələrə məsləhət görür ki, dövlət televiziyası bazasında yaradılan ictimai televiziyanın tam müstəqil fəaliyyətini təmin etmək qaydası hər bir ölkənin Konstitusiyasında və xüsusi normativ aktlarında təsbit olunsun. KİV problemlərinə dair Avropa simpoziumu ictimai televiziyanın cəmiyyətin demokratikləşməsi prosesində rolunu nəzərə alaraq onun bütün fəaliyyət mexanizminin maksimum müstəqillik üstündə qurulmasına kömək etməyi dövlət başçılarının öhdəliyi kimi irəli sürür.
Avropa Şurasının ictimai televiziya haqqında işləyib hazırladığı sənədlər, məsləhətlər və tələblər əsasında indi bir çox ölkələrdə – İngiltərədə, Almaniyada, İsveçrədə, Norveçdə, Fransada və digər Qərb ölkələrində ictimai televiziya ciddi və əvəzolunmaz bir demokratiya institutu kimi fəaliyyət göstərməkdədir. Çox müxtəlif texniki bazalar əsasında yaradılan bu telekanalların xeyli hissəsi bir vaxtlar dövlətin nəzarətində olan telekanalların əsasında meydana çıxmışdır. Bu proses dünyanın bütün regionlarında öz tətbiqini genişləndirməkdədir.
ABŞ dövlət katibi Kolin Pauell internet vasitəsilə keçirdiyi mətbuat konfransındakı çıxışında belə bir fakt üzərində dayanmışdı: “Mən elə ölkələr tanıyıram ki, on il bundan əvvəl orada cəmi bir telestudiya vardı. Həmin telestudiya dövlətə məxsus idi və hökumət onun vasitəsilə xalqa ancaq öz istədiyini deyirdi. Bütün informasiya ancaq oradan yayımlanırdı”. K.Pauell indi dünya informasiya sisteminin, onun texnika və texnologiyasının tamam dəyişdiyini, heç kimin, heç bir hakimiyyət strukturunun artıq informasiyanı öz arzusuna uyğun olaraq idarə etmək istəyinin mümkün olmadığını xüsusi vurğulamışdır. Ona görə də, belə bir həqiqət diqqətə çəkilməlidir ki, artıq informasiyanın cəmiyyətə təqdim olunmasına nəzarət mexanizmi öz vaxtını keçirmişdir. Bu mənada cəmiyyətə informasiya təqdimatını tənzimləmək, onu hakimiyyət mənafelərinə yönəltmək işində indiyə kimi xüsusi vasitə rolunu oynamış dövlət televiziyası, diqqətlə yanaşsaq, bu mexanizm rolunu oynaya bilmir. Özünün kommersiya maraqlarını daha dolğun ödəmək məqsədilə az-çox ictimai marağa söykənməyə məhkum olan özəl mətbuat və telekanallardan tutmuş heç bir nəzarət mexanizminə tabe olmayan ümumdünya azad informasiya şəbəkəsi – internetədək hər yerdən cəmiyyətə daha dolğun, daha obyektiv, daha analitik informasiya axını mövcuddursa, onda, doğrudan da, informasiyanın “məqsədyönlü” idarəsindən bəhs etmək artıq gülünc bir iş olardı. Deməli, dövlət televiziyasına bu mənada güvənmək dövrü arxada qalmaqdadır.
Avropa Şurasının sənədlərində ictimai televiziyanın əsas mahiyyəti çox düzgün qoyulub: ictimai televiziyanı cəmiyyət yaradır, cəmiyyət maliyyələşdirir və ona cəmiyyət nəzarət edir. İctimai televiziya ölkənin bütün əhalisinin, bu əhalinin bütün qruplarının maraqlarını nəzərdə tutur. İndiyədək biz bu maraqların obyektiv informasiya modeli üzərində daha çox dayanmışdıq. Amma bir məsələni də nəzərə almalıyıq ki, ölkə əhalisinin informasiya maraqları sistemində rəsmi – ofisioz hökumət xəbərləri heç də sonuncu sırada durmur. Ölkə əhalisi rəsmi informasiya vasitəsilə dövlətin siyasi kursu barədə, onun iqtisadi, ictimai inkişafı, təhsil, səhiyyə və s. onlarca dövlət obyektlərinin işi barədə informasiyalar almaqda maraqlıdır.
Daha bir məqam: Hakimiyyət adamları da əhalinin müəyyən bir qrupudur və onların da ictimai televiziyada vaxtaşırı öz informasiyalarını təqdim etmək hüququ vardır.
Avropa Şurasına üzv olan dövlətlərin müvafiq nazirlərinin iştirakı ilə keçirilən Praqa konfransı bu məqamın da rəhbər prinsiplərini təqdim etmişdir. Həmin rəhbər prinsiplər ictimai televiziyanın müstəqilliyini maksimum təmin edən məqamlardan çıxış edərək rəsmi hökumət xəbərlərinin yayım şərtlərini göstərmişdir.
Demokratik cəmiyyətdə hakimiyyətin nümayəndələrinin KİV vasitəsilə vaxtaşırı hesabatla çıxış etmələri çox normal, hətta vacib hesab edilir. Bu prosesin ictimai televiziya ilə yerinə yetirilməsi isə xüsusilə vacibdir. Lakin hakimiyyət nümayəndələrinin ictimai televiziyada çıxışları elə tənzimlənməlidir ki, bu televiziya onların ruporuna çevrilməsin. Praqa konfransının 21-ci rəhbər prinsiplərində göstərilir ki, hakimiyyət adamlarının hesabatlarına ictimai televiziyada son dərəcə xüsusi zərurət olanda və bu, son dərəcə ciddi ictimai maraq kəsb edəndə yer verilməlidir. Bu keyfiyyət rəsmi bəyanatlara və rəsmi xəbərlərə də şamil edilir. “Son dərəcə xüsusi zərurət” deyəndə xalqın, millətin həyatında vacib hadisələr, fövqəladə hadisələr, milli bayramlarda nitqlər, hökumətin parlamentə öz siyasi proqramının təqdimi və s. kimi məsələlər nəzərdə tutulur. Böhranlı vəziyyət və milli faciələr dövründə ictimai televiziyada rəsmi xəbərlərin, hakimiyyət adamlarının yerinin artması təəccüb doğurmamalıdır.
Bütün bunlarla bağlı belə bir sual doğa bilər: hakim dairələr özlərinin cari siyasi məsələlərinin ifadəsi üçün ictimai televiziya efirinə müntəzəm çıxa bilərmi və belə olduqda hökumətə müxalifətdə olan siyasi qruplara cavab hüququ vermək olarmı? Əlbəttə, burada rəsmi bəyanatla ictimai televiziyanın adi proqramları arasında sərhəd qoymaq lazımdır. Bu mənada xüsusi zərurət kəsb etməyən hər hansı bəyanatı efirə vermək doğru deyil.
İctimai televiziyada rəsmi bəyanatlar, çıxışlar xüsusi intervallarla səciyyələnməlidir. Gündəlik, həftəlik, aylıq çıxışlara yol vermək olmaz. İqtidara verilən müntəzəm efir vaxtı eyni vaxt həcmində müxalifətə də təqdim olunmalıdır. Belə bir hüquq parlamentdə təmsil olunan bütün müxalif qruplara da verilməlidir. Hakimiyyətin cari siyasətini ifadə edən müntəzəm verilişlərində ictimai televiziya xüsusi məqsəd güdməkdən qaçmalı, hər şeyi ölçüb-biçməlidir.
İctimai televiziya rəsmi xəbərləri (fövqəladə, eləcə də adi) translyasiya zamanı bunun gündəlik proqramlardan fərqlənməsini təmin etməlidir. Auditoriyada bu informasiyaların vacibliyinə şübhə qalmamalıdır. Bunun üçün xüsusi diktor (aparıcı) mətni, yaxud xüsusi baş titr mətnindən istifadə etmək olar. Bu tipli informasiyalar İctimai Televiziyanın öz proqramlarından fərqləndiyinə görə, onlar müvafiq hökumət orqanlarının ciddi məsuliyyəti altında təqdim olunmalıdır.
Əlbəttə, Avropa Şurasının təşəbbüsü ilə keçirilən məlum Praqa konfransının bu barədə sənədləri heç də mütləq xarakter daşımır. Avropa Şurası bu sənədlərin, xüsusilə rəhbər prinsiplərin ictimai televiziyanın yaradılacağı hər bir ölkənin spesifikasını nəzərə almaqla tətbiqini tövsiyə edir. İnkişaf etmiş ölkələrdə xeyli vaxtdan bəri fəaliyyət göstərən ictimai telekanallar məhz bu mövqedən çıxış edərək mükəmməl ictimai televiziya kanallarının funksional fəaliyyətinə nail olmuşlar.
Bu yerdə ictimai teleradionun xarakteri barədə xeyli dərəcədə geniş söhbət bu qurumun sırf demokratiya institutu rolu oynaması ilə şərtləndi.
Cahangir MƏMMƏDLİ



Bu yazı ( 166 ) - dəfə oxunmuşdur




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar