12px14px16px18px

Jurnalistika – demokratiya institutu kimi

Cahangir MƏMMƏDLİ
00:44 / 01.03.2012
XX əsrin əvvəllərində yaşayıb-yaratmış publisistlərimizin yaradıcılığı bu günümüz üçün də çox aktual olaraq qalır. Cəlil Məmmədquluzadə, Ömər Faiq Nemanzadə, Üzeyir Hacıbəyli, Məhəmmədağa Şaxtaxtlı, Məhəmməd Əmin Rəsulzadə, Nəriman Nərimanov, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağayev... Bu böyük yaradıcı insanların adlarını sadaladıqca qurtarmır. Bu sıranı xalqa onun taleyi bəxş etmişdir. Bu xalqın ən ağır problemləri çağında tale ona Cəlil Məmmədquluzadə kimi sözü birbaşa, üzə deyən bir publisist yetirdi. Böyük Mirzə Cəlilin xalqa yanımlığı bütöv bir nəslin həyat amalına çevrilmişdir. “Cəlil Məmmədquluzadə Azərbaycanda milli istiqlal ədəbiyyatının bayraqdarı və sərkərdəsidir” (İsa Həbibbəyli). Habelə əsərləri ilə bədii-ictimai fikirdə azərbaycançılıq ideologiyasını yeni vüsətlə ortaya qoyan bir sənətkardır. Akademik İsa Həbibbəyli, doğru olaraq C.Məmmədquluzadə yaradıcılığını “dərin, mənalı və həyəcanlı bir Azərbaycannamə” adlandırır. Bu mənada ədibin publisistikasının şah əsəri olan “Azərbaycan” məqaləsi milli oyanış və siyasi intibah dövrünün... manifestidir”. Həqiqətən də “Azərbaycan” məqaləsi xalqımızın müstəqil və demokratik dövlət quruculuğu prosesindəki ümummilli vəzifələrinin publisistik tərcümanı, carçısı, vətəndaşlıq harayının ifadəsidir... “Azərbaycan” məqaləsi – Azərbaycan məmləkəti coğrafiyasının vətəndaş ədib Cəlil Məmmədquluzadənin mahir qələmi ilə çəkilmiş nadir publisist xəritəsidir” (İ.Həbibbəyli).
C.Məmmədquluzadə və Ö.F.Nemanzadənin yaratdığı “Molla Nəsrəddin” jurnalının publisistikası bir sıra cəhətləri ilə bəzən bu gün üçün daha aktual görünür. Çünki “Molla Nəsrəddin” və mollanəsrəddinçilər yatmış xalqı oyadır, özümüzü özümüzə tanıdır, azərbaycanlını kamil görmək istəyirdi.
Dövrün publisist ziyalıları birləşməyi də bacarmışlar. Ö.F.Nemanzadə – Mirzə Cəlil birgəliyi xalqın maariflənməsi işində misilsiz rol oynamışdır. Ömər Faiqin təkcə “Dərdimiz və dərmanımız” publisist yarasını oxumaq kifayətdir ki, onun bu günümüz üçün nə qədər aktuallıq kəsb etdiyi anlaşılsın. Bu yazıda böyük publisist müsəlmanın geri qalma səbəblərini açıqlayır, Avropa mədəniyyətinə qovuşmaq istəyinin necə süni yerinə yetirildiyini ürək ağrısı ilə dilə gətirir. “Bir qisim kişilərimiz də var. Mədənilərin əsərlərini və o səbəblə də onların rəftarlarını, halallarını xoş görürlər, onlar kimi olmaq istəyirlər. Mədəniyyəti paltarda, dildə zənn edərək uzun arxalıqlarını, başmaqlarını çıxarıb jaket, dar çəkmə geyirlər, hər kəsin ildə yetdiyi indiki mərtəbəyə bunlar 15-20 manatla on dəqiqədə nail olurlar. Az vaxtda tərbiyəli meymunlar kimi yekə bir obrazovannı olub (qeyrətlərinə nəzər dəyməsin !) firəng köynəklərinin yaxasını qulaqlarına qədər çıxarırlar, amma qafalarında köhnə fikiri, xəbərsizliyi çıxarmayırlar”. Publisist dövlətliləri, alimləri, iş görməyə, maarif və mədəniyyətin qayğısına qalmağa dəvət edir.
Publisistin “Nə üçün haqqımızı istəmiriz?”, “Biz də vaxta görə çalışaq”, “Ağacı qurd içindən yeyər”, “Məzlum ən böyük zalımdır”, “Millətpərəstlik zamanıdır”, “Bizə hansı elmlər lazımdır”, “İşığımız sönməyəcəkdir” və s. onlarca yazıları müasirlərimizin də ədəbi dərsləri ola biləcək sənətkarlıq səviyyəsindədir.
Dünya publisistikası təcrübəsində yazıcının bu sahədəki fəaliyyəti bir sıra xüsusiyyətləri ilə seçilir. Yazıçı publisistikası bədii publisistikanın ən önəmli, ən ustad nümunələrini ortaya qoyur. Bu publisistikada yazıçı sənədli və birbaşa sənətkar sözünü bədii detallar, daha inandırıcı tapıntılar, oxucuya ünvanlanmış fakt, məzmun və bir sıra digər keyfiyyətlər – hətta bədii üslubu daha mükəmməl ehtiva edən stilistika, leksikon elementləri kamilləşdirir, sənət səviyyəsinə yüksəldir. Azərbaycan yazıçı publisistikasında da belə nümunələr çoxdur. XIX əsrin ortalarında M.F.Axundovla başlayan, N.B. Vəzirovla davam edən və XX əsrin əvvəllərində Y.V.Çəmənzəminli, C.Məmmədquluzadə, Ü.Hacıbəyli, M.S.Ordubadi, Ə.Haqverdiyev, Ə.Qəmküsar, M.Ə.Möcuz və digərləri tərəfindən davam etdirilən yazıçı publisistikası milli özünüdərk prosesinin güclənməsində mühüm rol oynamışdır.
Yusif Vəzir Çəmənzəminlinin “Kiyevdən məktublarındakı “İki aləm”, “Zəruri məsələlər”, “Azərbaycan muxtariyyəti”, “Milli və mədəni irslərimiz” kimi əsərləri bu tip publisistikaya yaxşı nümunələrdir. M.S.Ordubadinin Azərbaycanın müxtəlif bölgələrində – ermənilərin soyqırım faktlarının canlı reportajları səviyyəsində bu gün də öz aktuallığını saxlayan “Qanlı illər” əvəzolunmaz əsəri təkcə sarsıdıcı və tarixin şahidlik faktına çevrilən sənədliliyi ilə deyil, həm də bu faktların insan hisslərinə təsir edən, insanı intiqama səsləyən, erməni vəhşililiyinin miqyasını və bir xalq kimi zəlilliyini göstərən üslubu ilə də xüsusi maraq doğurur. Yaxud, Ü.Hacıbəylinin 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti dövründə “Azərbaycan” qəzetində dərc etdirdiyi silsilə publisistik yazıları – yazıçı publisistikasının ölməz nümunələridir.
Bu əsərlərin sovet dönəmində yenidən çap olunması qəti qadağan edilmişdir. Əgər sovet dönəmi Azərbaycan gənclərinin bu əsərlərə əlləri çatsaydı, indiki Qarabağ faciələrinə yer qalmazdı. Çünki bu əsərlərin hamısı erməni xislətinin, imperiya siyasətinin iç üzünü açmış və o zamankı oxucuya göstərmişdir.
Azərbaycanın müstəqillik əldə etməsilə klassik publisistikanın ən kəskin problemlər qoymuş nümunələri işıq üzü görməyə başladı. M.S.Ordubadinin erməni soyqırımının xronoloji və dəqiq faktlarını şahidlərin reportajvari xatirələri ilə yoğrulmuş “Qanlı illər” əsəri əsl həqiqəti 70 ildən sonra yenidən nəşri ilə bizə çatdırdı. XX əsrin əvvəlləri Azərbaycan publisistlərinin əsərləri yeni dönəmdə önəmli tədqiqatçı Ş.Hüseynovun interpretasiyalarında oxucuya çatdırılmaqdadır. İndi elmi səviyyəsi və milli təəssübkeşliyi olan hər kəs bu publisistikanın geniş təbliğini özünə borc bilir.
Azərbaycan milli mətbuatının tarixi fəaliyyətini həmişə xüsusi iftixar hissilə yad edən ümummilli liderimiz H.Əliyevin tarixi irsimizə qiymət ənənələri bu gün yeni istiqamətdə davam etdirilməkdədir. Bu yolun böyük yolçusu Prezident İ.Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixli sərəncamı indiyədək bir sıra klassik yazıcı və şairlərin əsərlərinin, şifahi xalq ədəbiyyatı nümunələrinin, milli dəyərə malik digər əsərlərin yeni nəsil üçün çapına şərait yaratmışdır. Bu sırada Azərbaycan klassik publisistikasının da öz yeri var. Bu sərəncamla çap edilən “Azərbaycan publisistikası antologiyası” (tərtib edəni Cəlal Bəydilli) kitabı xüsusi önəm daşıyır. Bu kitabda klassik publisistikamızın milli-mənəvi dəyərlərə, müstəqillik ideyalarına, Vətən və müqəddəs torpağa, azərbaycanlılıq ideyalarına... söykənən nümunələrinin bir qismi toplanıb. Bunlar imperiyadan yenicə xilas olmuş yeni nəsil oxucuları üçündür. Prezident sərəncamı ilə nəşr olunan belə kitablar və o cümlədən elə bu kitab nəsil-nəsil azərbaycanlının həyatında hadisə rolunu oynayacaq. Zaman keçəcək, onilliklər, yüzilliklər bir-birini əvəz edəcək, hər şey dəyişəcək, dünya yeni yönə, yeni zövqlərə istiqamətlənəcək. Ancaq xalqın milli-mənəvi dəyərlərinə özünün müqəddəs münasibəti heç vaxt dəyişməyəcək. Deməli, hər yeni nəsil klassik publisistikamızı minnətdarlıqla oxuyacaq. Böyük ədiblərimizə, ictimai xadimlərimizə, Vətən və xalq yolunda qələm çalmış böyük publisistlərimizə sonsuz minnətdarlıq hissilə oxuyacaq. Oxuyacaq və mütləq dərs götürəcək. Dünənin, bu günün, sabahın klassik dərslərini. Sovet dövrü ziyalılarımızın da mili dəyərlərə bağlı publisistikası az olmayıb.
Sovet hakimiyyəti dövründə bolşevik, kommunist iqtidarı mətbuata nə qədər ağır dəmir senzura tətbiq etsə də, jurnalistin böyük idealı yenə də demokratiya olmuşdur. 1930-cu illərin repressiyası ilə məhv edilmiş yüzlərlə rus jurnalisti, yazıçı-publisisti məhz demokratik fikirlərin qurbanı olmuşdur. 1956-cı ildə Sov.İKP-nin XX qurultayında partiyanın Baş katibi Nikita Xruşşovun Stalinin şəxsiyyətə pərəstişini ifşa edən məruzəsi ilə yaranan nisbi demokratik ab-hava Rusiyada mətbuatın demokratik ideyalar carçısına çevrilməyinə şərait yaratdı. Bu dövrdən başlayaraq “Novıy mir”, “Sovremennik”, “Oqonyok”, “Voprosı literaturı”, “Drujba narodov” kimi jurnallar, “Literaturnaya qazeta”, “Komsomolskaya pravda”, “İzvestiya”, “Arqumentı i faktı” kimi qəzetlər demokratik ideyaların təbliği ilə yeni istiqamət aldılar. “Arqumentı i faktı” qəzeti öz dəqiq, qərəzsiz, ideologiyadan xeyli uzaq informasiya siyasəti ilə 36 milyon nüsxə tirajla çap olunurdu. (Müqayisə üçün deyək ki, həmin dövrdə ABŞ qəzetlərinin bütövlükdə gündəlik tirajı 65 milyon nüsxədən çox deyildi).
Eyni proses Azərbaycan mətbuatına da xas olmuşdur. 1960-cı illərdə Azərbaycan mətbuatı Azərbaycan ədəbiyyatının bu gün də haqqında qürurla danışdığımız “altmışıncılar” nəslini – yeni istiqamətli, yeni üslublu – ən əsası isə azadlıq və demokratiya ruhlu ədiblərini yetirdi. Yaşlı nəslin M.İbrahimov, İ.Əfəndiyev, İ.Hüseynov, R.Rza kimi nümayəndələri bu dövrdən həm bədii, həm də publisistik əsərləri ilə Azərbaycanın müstəqillik ideyasını, demokratik fikirləri ortaya qoyurdu. R.Rza özünün “Sarı dana və balaca qız” şeirində sovet sistemində bir buzovun insandan qiymətli olduğunu ifadə edirdi. Dəmir sovet senzura şəraitində dövrün eybəcərliyini ifşa edən bu şeiri olduğu kimi verməsək anlaşılmazlıq yaranar:

Səs düşdü Göytəpə kəndinə:
“Sarı dana xəstələnib!”
– Necə, sarı dana?
Sazaqlı külək kimi
xəbər yayıldı hər yana.
Sədr gəldi,
partkom gəldi,
baytar, bir də briqadir.
Hər gələn soruşdu:
–Azarı nədir?
Baytar qulağını qoydu
dananın sinəsinə.
Hamı dondu qaldı.
Baytar tövşüdü, tərlədi.
Dana öz bildiyi kimi nəfəs aldı.
Baytar qaşlarını çatdı.
Hamı qəm dəryasına batdı.
Baytar dedi:
–Süddədir illəti.
Sağıcı Gülxaranın
gözlərinə çökdü dünyanın zülməti.
Baytar dedi: tez olun!
Tənzif, pambıq verin! Qarnını bağlayaq,
İsti su gətirin ayaqlarına!
Damcı dərman da lazımdır
qulaqlarına.
Nüsxə yazdı bir qarış.
Maşın ürkək keçi kimi sıçradı:
sədrin buyruğu ağzından çıxmamış.
Handan-hana
qoca mühasib gəldi.
Baxdı, ah çəkdi
Dedi: yazığın gəlsin bizə,
sarı dana.
Amandır bu zülmü eləmə
illik plana!
Üç gün, üç gecə
Gülxara ayrılmadı
sarı danadan.
Dana sakit yatanda dedi:
ağrın alım.
Dana qurcuxanda dedi:
Can!
Hər üç saatdan bir
verdi su dərmandan,
hər altı saatdan
toz dərmandan.
Nə evinə gedə bildi.
Nə urvalıq apara bildi
uşaqlara dəyirmandan.
Tənzifə qızmadı ürəyi,
dananın qarnına bağladı
gəlinlik şalını.
Sədr hər axşam, hər səhər,
şəxsən,
soruşdu dananın əhvalını.
Partkom gündə bir dəfə
xəbər aldı:
–Necədir sarı dana?
Əhvalat uzundur, nə deyim.
Bəsdir bunu desəm
dana ölmədi azardan.
Ancaq Gülxaranın
qaragöz kiçik qızı...
Beşcə qulac bez aldılar bazardan.
Quyruğunu qoyub belinə
qaçır, tullanır
sarı dana indi,
Ancaq, soruşan yoxdur,
yaşıl otlar içindəki
o balaca qəbir kimindir!

Əlbəttə, açıq publisistikanı nisbətən örtülü üsulla əvəz edən belə şeirlərə görə R.Rza çox ciddi senzura təzyiqlərinə məruz qalırdı.
Ədiblərin yeni nəslinin – Anar, Elçin, Ə.Əylisli, F.Mehdi, R.Rövşən, M.İsmayıl, V.Bayatlı, İ.Məlikzadə, M.Süleymanlı, R.Behrudi, M.Oruc kimi nümayəndələrinin mətbuat səhifələrində dərc olunan əsərləri tamamilə yeni dövrün məhsulu kimi bu gün də öz demokratik ruhunu saxlamaqdadır.
Yazıçı Anarın “Yaxşı padşahın nağılı” povesti yaltaqlığı, tənqidə sovet dözümsüzlüyünü, rus dilinin zorla tətbiqini, vəzifənin layiq olmayanlara verilməsini, mətbuatda dəqiq informasiyaya senzura qadağalarını ifadə edirdi. Bütün bunlarsa Azərbaycanda yeni yaranan “Ulduz”, “Qobustan” kimi demokratik ruhlu jurnallarda dərc olunurdu. 1960-1970-ci illərdə “Azərbaycan gəncləri”, “Ədəbiyyat və incəsənət”, “Bakı”, “Baku” qəzetləri xeyli dərəcədə müstəqil və azad sözləri ilə cəmiyyətə yeni ab-hava gətirirdi. “Azərbaycan” jurnalının 1970-ci illərdəki Ə.Əylislinin redaktorluq dövrünü Tvardovskinin tam demokratik ruhda nəşr etdiyi “Novıy mir” jurnalına redaktorluq dövrü ilə (1960-cı illər) müqayisə etmək olar.
Xatırladaq ki, “Novıy mir” o dövrdə SSRİ Yazıçılar İttifaqının orqanı idi və istedadlı yazıçı D.Qraninin də dediyi kimi, onun redaktoru Tvardovskinin əzablı səyləri nəticəsində ölkədə demokratik ideyaların carçısına çevrilmişdi.
Azərbaycan mətbuatının 1960-1980-ci illərdəki demokratik ideyaları 1980-ci illərin sonundan meydana çıxan azadlıq mübarizəsinin əsasını təşkil edirdi.
Elə təsəvvür yaranmasın ki, XX əsrin II yarısı Azərbaycan mətbuatı guya bütövlükdə demokratiya institutu rolunu oynamışdır. Əlbəttə, belə deyil. Həmin dövrdə də senzura güclü olmuş, “Kommunist”, “Bakinski raboçi” kimi sovet ideologiyasına sidq-ürəkdən xidmət göstərən qəzetlər də olmuşdur. Haqqında demokratik ideyalar yayan mətbuat orqanları kimi bəhs etdiyimiz qəzet və jurnallar da qismən bu tipli materiallar dərc etmişlər. Lakin bütövlükdə Azərbaycan jurnalistikası XX əsrin II yarısından daha çox demokratik ideyalarla yaşamışdır.
1988-ci ildən başlayan azadlıq və demokratiya uğrunda xalq mübarizəsi dövründə Azərbaycan mətbuatı bu sahədə ayrıca bir institut kimi formalaşmış və onun bu fəaliyyəti müasir cəmiyyətin demokratik dəyərlərə tam yiyələnməsində böyük rol oynamışdır.
XXI əsrin əvvəli bütün dünyada informasiya cəmiyyətinin formalaşma dövrüdür. Kompüter texnologiyası yeni təfəkkür formalaşdırır. ABŞ tədqiqatçısı E.Brens doğru qeyd edir ki, informasiya cəmiyyətində vətəndaşların özləri informasiyanın toplanması, saxlanması, hazırlanması, yayılması işində iştirak edirlər. Kompüter texnologiyası hər kəsin maneəsiz informasiya ötürməsini və informasiya almasını təmin edir. İnformasiya texnologiyaları, kütləvi informasiya vasitələri cəmiyyətin siyasi proseslərdə, müxtəlif problemlərin müzakirəsində birbaşa iştirakını təmin edir.
Azərbaycan bu gün vətəndaş cəmiyyəti, hüquqi dövlət sistemində yaşayır. Belə dövlətin, sistemin formalaşması həm də KİV-in təsiri ilə baş verir. Ona görə də demokratik dövlət sistemini təmin edən atributlar sırasında demokratik institutlar, insan hüquqları, xüsusilə azad mətbuat ayrıca yer tutur. Çünki KİV vətəndaş, hüquqi dövlət formalaşdıran ictimai demokratiya institutudur.
1948-ci ildə qəbul olunmuş “Ümumdünya İnsan Haqları Bəyannaməsi”nin 19-cu maddəsində deyilir: “Hər kəsin düşüncə azadlığı və düşündüyünü azad ifadə etmək haqqı var. Bu haqqa heç bir əngəl olmadan öz düşüncəsində qalmaq, dövlət sərhədlərindən asılı olmayaraq hər hansı vasitə ilə məlumatları axtarmaq, almaq və yaymaq azadlığı daxildir”.
1966-cı ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında qəbul olunmuş “Mülki və Siyasi Haqlara dair Beynəlxalq Pakt”ın da 19-cu maddəsində insanın məlumat azadlığı təsbit edilib. 1950-ci ildə Avropa İnsan Haqları Konvensiyasının qəbul etdiyi “İnsan Haqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında Konvensiya”da da hər kəsin öz fikrini azad ifadə etmək haqqı təsbit olunur. Bütün bu haqlar isə birbaşa mətbuatda, KİV-də gerçəkləşir və bu gerçəkləşmə jurnalistikanı ictimai institut səviyyəsinə yüksəldir.
Azərbaycan Respublikasının Konstitusiyası və konstitusiyadan doğan KİV qanunları Azərbaycan vətəndaşının söz, ifadə, fikir azadlığını təsbit edir. Bütün bunları özündə birləşdirən və gerçəkləşdirən KİV-in fəaliyyət mexanizmini daim təkmilləşdirmək çox vacibdir. Bu mənada KİV-in dövlətdən, hər hansı bir siyasi qüvvənin diqtəsindən azad olması onu daha mükəmməl instituta çevirir.
Jurnalistika IV hakimiyyət funksiyası ilə hakimiyyət dairələrinin fəaliyyətini şəffaf edir, cəmiyyəti bütün istiqamətlər üzrə məlumatlandırır. Belə bir məsələni də xüsusi qeyd edək ki, KİV-in IV hakimiyyət rolu demokratik cəmiyyətdə sona yetir və ona ehtiyac qalmır. Belə cəmiyyətdə KİV ona məxsus immanent rolunu – münasibət yaratmaq, dialoq, məlumatlandırma, maarifləndirmə, sosial mədəniyyət tərbiyəsi, habelə qanunvericilik, icra və məhkəmə hakimiyyəti üzərində nəzarət rolunu ifa edir. KİV-in interaktivlik rolu cəmiyyətin həyati normasına çevrilməlidir.
KİV cəmiyyətin şikayət yeri deyil, onun problemlərinin güzgüsüdür. Əsl kütləvi informasiya vasitəsi demokratiyaya demokratik yolla xidmət edir. Son vaxtlar Avropanın demokratik institutları dövlət və özəl sektordakı KİV tiplərinin axıradək demokratik, müstəqil olmasına o qədər də etibar etmir.
Müasir yanaşmaya görə demokratiyaya gedən yolun ilk və ən böyük vasitəsi müstəqil KİV-dir. Bu KİV-in də əsasında Qərb ölkələrində xeyli vaxtdan bəri formalaşmış və həyata keçirilmiş ictimai teleradio tipi dayanır.
Azərbaycanda da gerçəkliyə çevrilmiş

İCTİMAİ TELERADİO TİPİ

bir anlayış kimi özünə aydın izah tələb edir. Avropada “kütləvi televiziya” termini ilə artıq xeyli vaxtdan bəri fəaliyyət göstərən bu tipli radio və televiziya Azərbaycan türkcəsinə rus dilində son vaxtlar işlənən “obşestvennoye televideniye” söz birləşməsindən gəlir. Biz indi işlətdiyimiz “ictimai” sözünü “cəmiyyət” sözü ilə əvəz etsək, termin bəlkə bir az daha aydın olardı: “Cəmiyyət televiziyası”. Lakin Azərbaycan elmi-nəzəri və praktik fikrində xeyli vaxtdan bəri dil faktı kimi formalaşmış “ictimai televiziya” terminini məhz artıq formalaşma prosesini keçirdiyinə görə saxlamaq, bizcə, daha məqsədəuyğundur.
İctimai televiziyanın çox qısa bir tarixi var:
Avropa Şurasının Parlament Assambleyası 1975-ci ildə özünün növbəti 26-cı sessiyasında demokratik cəmiyyətdə telekommunikasiyanın artan roluna diqqəti çəkərək Şuraya üzv dövlətlərin mədəniyyət, təhsil və mətbuat nazirlərinin teleradionun mədəniyyətdə və maarifçilik işində imkanlarının ümumavropa siyasətində yerini müəyyənləşdirmək üçün xüsusi konfrans keçirməyə çağırır. 1986-cı ildə keçirilən belə bir konfransda gələjək “ictimai teleradionun” konturları hazırlanır. 1994-cü ildə isə müvafiq nazirlərin kütləvi informasiya siyasəti ilə bağlı IV konfransında xüsusi qətnamə qəbul edilir. Bu qətnamə ictimai televiziyanın mahiyyətini, onun demokratik cəmiyyətdə yerini müəyyənləşdirir. Konfrans ictimai televiziyanın demokratiyanın formalaşmasına ciddi təsirini geniş izah edərək, KİV-in bu modelinə siyasi yanaşma qaydalarını, onun maliyyələşdirilməsi yollarını, iqtisadi praktikasını, müstəqilliyini, translyasiya vasitələrini, əməkdaşlıq və Avropa həmrəylik üsullarını müəyyənləşdirib. Avropa Şurasına daxil olan dövlətlərin müvafiq nazirlərinin təmsil olunduğu bu konfrans öz qətnaməsinin bütün bəndlərində ictimai televiziyanın müstəqillik keyfiyyətini ön sıraya çəkir və bu müstəqilliyin mexanizmini göstərir. Müstəqillik quruma siyasi yanaşmadan başlayır.
İctimai televiziyaya siyasi yanaşma aşağıdakı tələbləri qoyur:
– İctimai televiziyanın proqramları cəmiyyətin bütün üzvlərinin istiqamətlənməsinə xidmət etməli, onların sosial birliyinə şərait yaratmalı, bütün fərdlərin, qrupların və icmaların inteqrasiyasına təkan verməlidir:
– Bu televiziya diskussiyanın elə kütləvi tribunasına çevrilməlidir ki, həmin diskussiyada cəmiyyətin mümkün qədər geniş fikir spektri öz əksini tapsın;
– İctimai televiziya qərəzsiz və müstəqil informasiyanın təqdimini təmin etməlidir;
– Bazarın maraqlarına baxmayaraq, plüralizmi, yeni ideyaları inkişaf etdirən, etik normalara söykənən yüksək professional səviyyəli proqramlar hazırlamalıdır;
– Azlıq təşkil edən qrupların da istəyini nəzərə almaqla, geniş kütlənin marağını təmin edən proqram və xidmət setkası təşkil etməlidir;
– Cəmiyyətdə özünü göstərən etnik və mədəni müxtəliflik məqamları ilə bağlı qarşılıqlı anlaşma və tolerantlığa nail olmaq məqsədilə çeşidli fəlsəfi ideyaların və dini etiqadların əks etdirilməsinə nail olmalıdır;
– İctimai televiziyanın proqramları müxtəlif milli və Avropa mədəni dəyərlərinin qavranılmasına və qiymətləndirilməsinə kömək göstərməlidir;
– İctimai televiziyanın proqramlarının yüksək səviyyədə olmasına, xüsusilə onların orijinallığına diqqət yetirilməli, tammetrajlı filmlərin, teleradio tamaşalarının və digər yaradıcılıq məhsullarının səviyyəsinin yüksək olması təmin edilməlidir;
– Teleradio dinləyicilərinin seçim imkanlarını genişləndirməli, kommersiya strukturlarının təqdim etmədikləri xidmətləri göstərməlidir. Adıçəkilən konfransın qətnaməsinə görə, bütün bunlar ictimai televiziya siyasətinin əsasları hesab olunur.
Konfransın qətnaməsi belə bir məsələni təkidlə tələb edir ki, Avropa Şurası tərkibində olan ölkələr ictimai televiziyanın etibarlı, müstəqil maliyyə mexanizminin hüquqi bazasının yaradılmasına kömək göstərməlidir. Yuxarıda göstərilən vəzifələrin yerinə yetirilməsi üçün ictimai televiziyanın etibarlı maliyyə müstəqilliyi olmalıdır. Konfrans ictimai televiziyanın maliyyələşməsinin müxtəlif mənbələrini təklif edir:
1. Abonent hesabına
2. Dövlət subsidiyası hesabına
3. Reklam və sponsorluqdan gələn maliyyə ilə
4. TV-nin audiovizual produksiyasının satışından gələn gəlirlə.
İctimai TV tematik xidmət növləri ilə də maliyyə imkanlarına malik ola bilər.
Avropa Şurasının tələblərinə görə, dövlət ictimai televiziyanı hər hansı iqtisadi çətinlikdən, xüsusilə KİV-in təmərküzləşməsi prosesindən qorumağa borcludur. Konfrans qərara alır ki, Avropa Şurasında birləşən dövlətlər ictimai televiziyanın müstəqilliyini hər cür siyasi və iqtisadi müdaxilədən qorumağa zəmanət verirlər.
İctimai TV xüsusilə proqram setkasının tərtibində, redaktə işində, proqramların mövzusu və məzmunu ilə bağlı bütün proseslərdə müstəqil olmalıdır.
İctimai TV-nin müstəqilliyi daxili plüralist şuralar, yaxud digər müstəqil orqanlar tərəfindən təmin olunmalıdır.
İctimai TV-nin öz vəzifələrini yerinə yetirməsinə nəzarət də müstəqil qurumlar tərəfindən həyata keçirilməlidir.
İctimai TV özü də ictimaiyyət qarşısında məsuliyyət daşımalıdır. Bu məqsədlə o, vaxtaşırı öz fəaliyyəti barədə hesabatla çıxış etməli, tamaşaçılara da onun fəaliyyəti ilə bağlı fikir söyləməyə imkan yaratmalıdır. Dövlət ictimai televiziya üçün texniki imkanlar yaratmağa borcludur. Göstərilən bütün vəzifələrin həyata keçirilməsinin hüquqi bazası olmalıdır.
Avropa Şurası tərkibində olan dövlətlər sistemində ictimai TV-nin fəaliyyətini tənzimləyən qanunun meydana çıxmasına nail olmalıdırlar. İctimai TV-nin hüqüqi əsaslarını təşkil edən bu qanun xüsusilə aşağıdakı məqamlarda yayımın müstəqil olmasını təsbit edir:
– Verilişlərin cədvəlinin tərtibində;
– Verilişlərin niyyəti və istehsalında;
– Yeniliklərin və digər verilişlərin redaktəsi və efirə çıxarılmasında;
– İctimai televiziyanın xidmət fəaliyyətinin təşkilində;
– Kadr cəlb etmək, kadr yığmaq və onları idarə etməkdə;
– Maliyyə ehtiyatlarından istifadədə;
– Büdcənin təşkili və istifadəsində;
– Müqavilə və digər hüquqi sənədlərin imzalanmasında;
– Hüquqi araşdırmalarda nümayəndəliyin təyin edilməsində və s.
– Qanunda ictimai televiziyanın fəaliyyətinə nəzarət mexanizmi özünün dəqiq əksini tapır.


Cahangir MƏMMƏDLİ



Bu yazı ( 165 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar