12px14px16px18px

Jurnalistikanın nəzəri konsepsiyaları

Cahangir MƏMMƏDLİ
17:24 / 11.02.2012
Jurnalistikaya ictimai, elmi maraq yeni tarixin deyil, onun bir ictimai institut kimi formalaşma dövrünün məhsuludur. İlk vaxtlar bir az bəsit görünən nəzəri fikirlər getdikcə öz ümumi qanunauyğunluqlarını taparaq ciddi elmi sahəyə çevrilməyə başlamışdır. Ancaq təkrar görünsə də, yeridir deyək ki, jurnalistika nəzəriyyəsi digər fundamental və ictimai elmlərə nisbətən xeyli cavan sahədir. Hətta o qədər cavan ki, hələ onun öz kateqoriyaları, yalnız özünə xas olan nəzəri postulatları indi-indi formalaşır. Mətbuatın yaranışından bütün funksiyaları ilə bərabər, həm də çox vaxt ideoloji, manipulyativ keyfiyyəti və bu keyfiyyətin zamana, şəraitə, məkana, ölkəyə, rejimə görə dəyişkən olması onun ümumi qanunauyğunluqlarının gec yaranmasına səbəb olmuşdur. Bir az da aydın olsun deyə açıqlayaq: məlumdur ki, bədii ədəbiyyat da zamana, şəraitə, ölkəyə, rejimə görə ideoloji, manipulyativ xarakterdən heç də həmişə uzaq olmamışdır. Lakin bədii sözün qədimliyi, tarixən jurnalistikadan çox-çox qədimliyi onun nəzəri aspektlərinin, estetik dəyərlərinin nəzəri konsepsiyasının çoxdan işlənilməsini şərtləndirmişdir. Digər tərəfdən, bədii sözün folklor qolu ideolojilik, manipulyativlik kimi anlayışları heç vaxt qəbul etməyib. Senzuranın təqib etməyə gücü çatmadığı folklor bütün dünyada, bütün zaman və məkanlarda, bütün rejimlərdə ancaq kamillik ideallarına, ancaq ədalət və estetik dəyərlərə xidmət etdiyindən onun ümumbəşəri inkişaf qanunauyğunluqlarının elmi-nəzəri modellərinin dəqiqliyi az qala, təbiət elmlərinin qanunauyğunluqlarının elmi-nəzəri modelləri ilə müqayisəyə gələr.
Jurnalistikanın ümumi kateqoriyaları XX əsrin sonlarında xeyli formalaşsa da, hələ, məsələn, KİV ABŞ-da öz xüsusiyyətlərinə, Böyük Britaniyada başqa xüsusiyyətlərə, Çində digər xarakterə, Rusiyada fərqli cəhətlərə malikdir. Bu fərqli cəhətlər jurnalistika elminin, xüsusilə onun nəzəriyyəsinin ümumiləşdirmə səmərəsinə uzun müddət mane olmuşdur. Son yüz ildə isə bütün fərqlərə və ölkə xüsusiyyətlərinə baxmayaraq dünyanın hər yerində az və ya çox dərəcədə qəbul edilən eyni, yaxud bir-birinə çox bənzəyən xüsusiyyətlər nəzəri ümumiləşmələrə təkan vermişdir.
Qeyd edək ki, jurnalistikanın ən ciddi və fundamental problemlərindən biri onun ifadə etdiyi sözün azadlığıdır. Jurnalistikanın lap erkən çağından onun ifadə azadlığı, onun təqdim etdiyi informasiyanın müstəqilliyi ətrafında mübahisələr və mübarizələr başlamışdır. Mətbuat azadlığı problemi hələ XVII əsrdə İngiltərədə ciddi şəkil almışdı. Mətbuatın vəzifəsi və cəmiyyətdə yeri barədə diskussiyaların Avropada üç yüzə yaxın yaşı var. ABŞ-da mətbuatın nəzəri cəhətdən öyrənilməsinin tarixi bu ölkədə 1860-70-ci illərdə əsası qoyulan jurnalist təhsili ilə əlaqələndirilir. Onu da demək vacibdir ki, mətbuata dair ilk əsərlər onun tarixinin tədqiqi və xüsusilə hüquqi aspektlərinin öyrənilməsi ilə əlaqədar olmuşdur.
Qərb ölkələrindən fərqli olaraq Rusiyada mətbuatın nəzəri problemlərinə ciddi diqqət verilmişdir. İndinin özündə də Qərb ölkələrində jurnalistikanın praktik cəhətlərinə onun nəzəri problemlərindən qat-qat artıq diqqət yetirilir. Lakin ənənəvi olaraq, Rusiya elə bu gün də sənətin nəzəri araşdırılmasına xeyli tədqiqat həsr edir. Qərb ölkələrində praktik istiqamətə marağın çoxluğu təkcə belə bir faktla sübut edilir ki, bəzi ölkələr indi hətta jurnalistin KİV-də, birbaşa iş yerində daha yaxşı hazırlandığını iddia edir. Bəzi ölkələrdə isə başqa sahələrdə fundamental biliklər alan – ali təhsili olan, habelə jurnalistikaya maraq göstərən adamları xüsusi məktəblərdə az müddətə peşəyə hazırlayırlar.
Jurnalist hazırlığının Rusiya təcrübəsi də özünü doğruldur. Burada jurnalistika ixtisası fundamental biliklərlə birgə verilir. Habelə Rusiya ənənəvi olaraq jurnalistikanın nəzəri istiqamətlərinə ciddi diqqət yetirir. Hələ 1820-30-cu illərdə A.S.Puşkin, N.V.Qoqol, V.Q.Belinski və s. kimi ədiblər jurnalistikanın nəzəri məsələlərinə xeyli əsər həsr eləmişlər. Hələ XVII əsrin ortalarında M.V.Lomonosov onun əsərlərini əsassız tənqid etmiş jurnalistlərə verdiyi maraqlı məsləhətləri ilə bu sahədə nəzəri fikirlərin başlanğıcını qoymuşdur. V.Q.Belinski 1830-cu illərdə “Biblioteka dlya çteniya” jurnalının redaktoru Bulqarinin jurnalı populyarlaşdırmaq üsulunu öyrənməyə çağırırdı. 1856-cı ildə N.Dobrolyubov özünün “Yekaterina dövrü rus satirası” məqaləsində satirik jurnalistikanın nəzəri əsasları barədə xeyli fikir demişdi. Azərbaycan nəzəri fikir tarixində M.F.Axundovun “Yüksək İranın “Millət” qəzetinin münşisinə kritika” və “Kəmalüddövlə məktubları”ndakı mülahizələrini nəzəri jurnalistikanın başlanğıcı hesab etmək olar.
Azərbaycan jurnalistikasının bünövrəsi olan “Əkinçi” qəzetinin yaradılması ərəfəsində M.F.Axundovun, H.Zərdabinin bir-birinə məktubları hələ qəzet ortaya çıxmamışdan onun nəzəri modeli barədə maraqlı fikirlərlə zəngindir. Sonralar H.Zərdabinin “Rusiyada əvvəlimci türk qəzetəsi” (1904) məqaləsi də nəzəri məsələlərə toxunur. Böyük ictimai xadim və publisist M.Ə.Rəsulzadə özünün “Mətbuat azadlığı” məqaləsində mətbuatın dünya praktikasındakı işlək modelləri, onların nəzəri əsasları, söz və mətbuat azadlığı barədə bu gün üçün də çox aktual səslənən fikirlər demişdir.
Sovet dövründə SSRİ-də jurnalistikanın nəzəri aspektlərinə diqqət çox olsa da, bu diqqət birtərəfli xarakter daşımış, dünya praktikasının işlək modellərindən yalnız tənqid hədəfi kimi istifadə edilmişdir. Bu modelləri üzə çıxarmaq və onların barəsində obyektiv fikir demək kommunist ideologiyasına qarşı çıxmaq demək olardı. Ona görə də, olsa-olsa, həmin nəzəri fikirlər barədə ancaq tənqidi monoqrafiyalar üzə çıxırdı. Qərbdə isə alimlər jurnalistika nəzəriyyələrinin tarixi inkişaf yolunu, onları doğuran ictimai şəraiti və bu nəzəriyyələrin təcrübədə gerçəkləşmə mexanizmini izah edirdilər.
Jurnalistikanın ideya-nəzəri konsepsiyaları haqqında müasir araşdırıcıların fikirləri də, əslində, daha çox əvvəllər aparılmış axtarışlar üzərində qurulur. Bu nəzəri fikirlərin birində jurnalistikanın nəzəri konsepsiyaları sırasında aşağıdakılar göstərilir: humanitar –demokratik konsepsiya. Bu istiqamət öz başlanğıcını maarifçilik nümayəndələrinin baxışlarından alır. Bu konsepsiyada jurnalistin sosial məsuliyyəti əsas kimi qəbul edilir. Avropa burjua-demokratik təsisatlar tərəfdarları mətbuatın demokratikliyini və xəlqiliyini konsepsiya kimi irəli sürürdülər.
Ümumiyyətlə, “jurnalistika kimi mürəkkəb bir sosial sistemin bütöv şəkildə öyrənilməsi üçün onun formalaşma prosesinə, tipologiyalaşmasına və modelləşməsinə diqqət etmək çox vacibdir” (Axmadulin E.V. Kratkiy kurs teorii jurnalistiki. M., İzdatelğskiy üentr “MarT”, 2006). Həm də nəzərə almaq lazımdır ki, KİV-in müxtəlif sistemlərdə, rejimlərdə və müxtəlif tarixi şəraitdə bu faktların formalaşdırdığı modelləri, nəzəri konsepsiyaları mövcuddur. Buna görə də jurnalistikanın Qərbdə formalaşan modellərini bütünlüklə Şərqə tətbiq etmək çətindir. Bununla belə bu modellərin hamısında eyni bir qanunauyğunluq olur. Və özündə oxşar qanunauyğunluqlar daşıyan bu modellər olmadan nəzəriyyə yoxdur. Model nəzəriyyənin məntiqi karkasıdır.
Görünən odur ki, Qərbdə Uilbur Şrammın sosial məsuliyyət istiqamətini əsas tutan modeli, Con və Matilda Raylinin sosioloji modeli, Herbert Maletkin sosial modeli, rus alimlərindən A.N.Alekseyevin, M.Larustinin, Y.V.Vorontsovanın, Y.P. Proxorovun, E.Q. Bağırovun modelləri mövcuddur.
Jurnalistika nəzəriyyələrinin formalaşma tarixini və bütövlükdə bu nəzəri konsepsiyaların öyrənilməsində ABŞ alimlərinin rolu daha çoxdur.
Məşhur ABŞ sosioloq və mətbuat nəzəriyyəçiləri, habelə mətbuat tarixçiləri Fred Sibert, Teodor Piterson və Uilbur Şrammın “Mətbuatın dörd nəzəriyyəsi” kitabı bu tədqiqatların nəticəsi kimi XX əsrin ortalarında meydana gəlmişdir. Hələlik bu kitabın ortaya qoyduğu, əsaslandırdığı dörd nəzəriyyə özünün həm elmi, həm də praktik qiymətini indi də saxlayır. Bu kitab mətbuatın mahiyyətini, xidmət etdiyi məqsədləri, müxtəlif ölkələrdə özünü niyə müxtəlif cür göstərdiyi barədə maraqlı elmi mülahizələr irəli sürür. “Mətbuatın dörd nəzəriyyəsi”nin müəllifləri sübut edirlər ki, mətbuat həmişə əhatəsində fəaliyyət göstərdiyi sosial və siyasi strukturun forma və rənglərini qəbul edir. Mahiyyətcə mətbuat sosial nəzarət sistemini əks etdirərək ayrı-ayrı adamlarla ictimai institutlar arasındakı münasibətləri tənzimləyir. Kitabda təfsilatı ilə izah olunan dörd nəzəriyyənin ikisi, müəlliflərin özlərinin də qeyd etdiyi kimi, əslində, iki əvvəlki nəzəriyyənin modifikasiyası təbirində qəbul edilməlidir. İlkin və əsaslı modellər:
1.Avtoritar;
2.Libertarian;
Doğrudan da, sonrakı dövrün nəzəri modeli kimi qəbul edilən sovet – kommunist mətbuat nəzəriyyəsi avtoritar modelin, sosial məsuliyyət mətbuat nəzəriyyəsi isə libertarian modelinin çox xırda çalarlı dəyişikliklərə uğrayan forması kimi qavranılmalıdır. Beləliklə, mətbuatın dörd nəzəriyyəsi aşağıdakılardır:
1. Avtoritar mətbuat nəzəriyyəsi;
2. Libertarian mətbuat nəzəriyyəsi;
3.Sosial məsuliyyət mətbuat nəzəriyyəsi;
4.Sovet-kommunist mətbuat nəzəriyyəsi;
Bu nəzəri konsepsiyalara ayrı-ayrılıqda diqqət edək, onların tarixi-funksional yolunu izləyək.
“Avtoritar modelin intişar tapmağa başladığı illəri cəmiyyətdə atanın mütləq avtoritet olaraq qəbul edildiyi patriarx ideologiyasına qədər endirmək mümkündür” (Vural Sacide. Kitle İletişiminde Denetim Sistemleri. Ankara, Özışık Maatbaçılık, 1994). Dövlətin demokratikləşməsində böyük rolu olan mətbuatın avtoritar idarə sistemi millətin, ölkənin geridə qalmasına səbəb olan ən ciddi faktorlar sırasındadır. Klassik filosof Əflatun dövlətin ancaq ağıllı, dəyərli və qətiyyətli insanların əlində güvənli ola biləcəyini söyləyirdi. Ancaq nə etməli ki, tarixən çox nadir hallarda dövlət belə adamların əlində olmuşdur. Əksər dövlət başçıları demokratik dəyərləri formalaşdıran hər şeydən, o cümlədən mətbuatdan ehtiyat etmişlər. Avtoritar mətbuat belələrinin idarə sistemindən doğmuşdur.
Avtoritar mətbuat nəzəriyyəsi mətbuat nəzəriyyələri içərisində ən qədimidir. O, intibahın son çağındakı avtoritar üsul-idarəsi dövründə, xüsusilə kitab çapının meydana gəlməsi ilə formalaşmışdır. Bu dövrün cəmiyyətində belə bir fikir vardı ki, həqiqət geniş kütlədən deyil, onu idarə edən və istiqamətləndirən imtiyazlı adamlardan gəlir. Təzəcə formalaşmağa başlayan mətbuat da yuxarıdan aşağıya fəaliyyət göstərirdi. O dövrün hakim dairələri cəmiyyətə mətbuat vasitəsilə özlərinə sərf edən informasiyanı ötürürdülər. Habelə, insanlara hansı siyasəti dəstəkləmək istiqamətini aşılayırdılar. Hakimiyyət adamları mətbuatın hakimiyyətə məxsus olduğunu iddia edərək onu kral siyasətini həyata keçirməyə borclu sayırdılar. Mətbuatın xüsusi mülkiyyət sektoruna düşməyi çox çətin idi və xüsusi icazə tələb olunurdu.
Xüsusi mətbuat hakim dairələrin diqtəsindən azacıq imtina edən kimi çətinliklə əldə edilmiş bu icazə dərhal ləğv olunurdu. Deməli, naşir onun fəaliyyətinə icazə verən hakimiyyətin siyasətini təbliğ etməyə məhkum idi. Hakimiyyət mətbuatın siyasətini müəyyən edir, yeri gəldikdə senzura tətbiqindən, lisenziyanı ləğv etməkdən də çəkinmirdi. Aydındır ki, belə mətbuat özünün bugünkü anlamda olan hakimiyyətə nəzarət funksiyasını heç vaxt yerinə yetirə bilməzdi. Mətbuatı hakimiyyətə nökər funksiyasında qəbul edən bu nəzəriyyə XVI əsrdən başlayaraq uzun müddət öz qüvvəsini saxlamışdır. Bu konsepsiya müxtəlif ölkələrdə mətbuatın başlanğıc nöqtəsi olmuş və bu gün də bəzi yerlərdə yaşamaqdadır.
Avtoritar mətbuat nəzəriyyəsinin aşağıdakı əsas xüsusiyyətləri müəyyənləşdirilmişdir:
1. XVI-XVII əsrdə formalaşmış, bir çox ölkələrdə hələ də özünü göstərir;
2. Monarxın, yaxud onun hökumətinin tam hökmranlığı fəlsəfəsindən doğmuşdur;
3. Əsas məqsədi – hakimiyyətdə olan hökumətin siyasətini dəstəkləmək və həyata keçirmək, hakimiyyətə xidmət etmək;
4. Mətbuatı yalnız kral patenti, yaxud başqa növ icazəsi olan adamlar işlədə bilər;
5. Mətbuata dövlət patentləri, gildiyalar (birliklər), lisenziyalar, bəzən senzura vasitəsilə nəzarət edilir;
6.Mətbuatda siyasi idarə sistemini və bu idarənin hakimiyyət adamlarını tənqid etmək qadağandır;
7. Mətbuat şəxsi adamların (özəl) və dövlətin əlində olur;
8. Hökumətin əlində olmayan mətbuat orqanları da hakimiyyətin siyasətini həyata keçirir.
Bu nəzəriyyənin ən mürtəce mahiyyəti onun hakim dairələrin diqtəsi ilə fəaliyyət göstərməsidir; onun fəaliyyəti üçün dövlət lisenziyasının mütləq olmasıdır, hakimiyyət adamlarını tənqid etmək qadağasıdır; senzuranın mövcudluğudur. Lakin sonralar yaranacaq və haqqında bir azdan danışacağımız kommunist mətbuat nəzəriyyəsindən bunun müsbət cəhəti odur ki, bu modeldə həm də özəl sektor fəaliyyət göstərə bilir.
Məlumdur ki, mətbuat demokratiya uğrunda mübarizənin bir vasitəsi, demokratiyanın inkişafını təmin edən bir faktdır. Tarixin inkişaf yoluna diqqət etmək kifayətdir ki, avtoritar sistemin uzun müddət yaşaması ilə dövlətin, ölkənin inkişafdan necə qaldığının şahidi olaq. Qərb ölkələrinin avtoritar rejimdən nisbətən tez xilas olmasının əsas səbəblərindən biri mətbuata verilən az-çox azadlıqla bağlıdır. İngiltərə hakimiyyəti hələ XVII əsrin sonundan anlamağa başlamışdı ki, mətbuatın təzyiqlərə məruz qalması cəmiyyətin total savadsızlığına gətirib çıxarır ki, bu keyfiyyət də öz növbəsində yeni texnika və texnologiyanın yaranmasına əngəl olur, onun idarəsinə tələb edilən bilgiləri yox edir. Bu səbəbdən də İngiltərə Qərb ölkələri içərisində mətbuatın maarifçilik funksiyasını daha tez dərk edərək onun normal nizamlanması qayğısına qalmışdır.
Rusiya ənənəvi olaraq, mətbuata uzun müddət avtoritar bucaqdan baxmış və onu hakimiyyətə qulluq edən vasitə kimi nəzarətdə saxlamışdır. Hər cür potensial intellektual qüvvəyə, maddi zənginliyə, yeraltı sərvətə malik Rusiyanın bu günə kimi davam edən geriliyi, qeyri-sivilliyi və qeyri-demokratikliyi mətbuata avtoritar münasibətin nəticəsindən də irəli gəlir. Avtoritar-faşist rejiminin ən ağır nümunəsi olan Hitler Almaniyası zamanı onun “rəhbərinin” “Mənim mübarizəm” kitabında təbliğatla bağlı sözləri Rusiyanın uzun müddət qəbul etdiyi konsepsiyaya çox bənzəyir: “Bütün təbliğat aydın olmalı, ən aşağı səviyyəli kütlə üçün nəzərdə tutulmalıdır. Diqqət ona yönəlməlidir ki, yüksək intellektual səviyyə yaranmasın. Yüksək intellektual səviyyə təbliğatı qəbul etmir.” Hitler “rəhbərə” pərəstiş prinsipi ilə kütlələri ələ almağı ən etibarlı üsul sayırdı.
Rusiyada dövlət mövcud olandan “rəhbərə” pərəstiş özünü həmişə göstərmişdir. Hətta 2000-ci ilin astanasında belə Rusiyada “Boje, soxrani tsarya!” avtoritar dövlət himninin bərpası ətrafında müzakirələr getdi.
Mətbuat Rusiyada uzun müddət cəmiyyəti məlumatlandırmaq üçün deyil, ona hakimiyyətin vacib saydığı informasiyanı sırımaq aləti olmuşdur. Doğrudur, avtoritar modellərin işlək olduğu bütün ölkələrdəki kimi Rusiyada da tarixən özəl mətbuat olmuşdur. Lakin sivil Qərb ölkələrindən fərqli olaraq buradakı özəl mətbuat həmişə rəsmi dövlət senzurasının nəzarəti altında fəaliyyət göstərmiş, ən adi müstəqil fikrə görə təqib edilmişdir. Rus çarları içərisində azad fikrə – mətbuatın müstəqilliyinə tolerant II Yekaterina (1770-ci illər) və II Aleksandr (1850-ci illərin ikinci yarısı) bu dözümlülüyü cəmi 4-5 il davam etdirmişlər. Kütlənin mətbuat vasitəsilə nəyisə dərk etməsi rus hakim dairələri üçün tarixən təhlükəli hesab edilmişdir.
Sovet-kommunist rejimində bu “təhlükə” daha çox nəzərə alınmış və mətbuata nəzarət ikiqat güclənmişdir. Mətbuatın rus ənənələri ilə yaşamış sovet respublikaları 70 il avtoritar modelin təsiri ilə fəaliyyət göstərmişlər. Son illər bu nəzarətdən çıxmış müstəqil postsovet respublikaları mətbuatı ictimai maraq və bazar münasibətləri üzərində qurmaqdadır.
Məsələn, müstəqil Azərbaycan Respublikası kütləvi informasiya vasitələrinə dair qanunvericilik aktlarında dünyanın ən demokratik təcrübəsinə söykənir. Ölkədə jurnalistin, mətbuatın tam müstəqilliyi Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmişdir. Azərbaycanın KİV haqqında qanunları o qədər liberaldır ki, hətta bir çox Avropa ölkələrinə nümunə ola bilər. Bu gün avtoritar mətbuat modeli ilə fəaliyyət göstərmək ən geridə qalmış ölkələrdə mümkündür.
İnsan cəmiyyətinin inkişafı və dünyada maariflənmə prosesinin sürətlənməsi avtoritar rejimin dayaqlarını, hər yerdə olmasa da, ayrı-ayrı ölkələrdə, sivilliyə meyl edən bölgələrdə sarsıtmağa başladı. Avtoritar rejimin sarsılması mətbuata münasibətin dəyişməsinə və onun yeni konsepsiyasının meydana çıxmasına təkan verdi. XVII əsrin axırlarında özünü göstərən, XVIII əsrdə formalaşan, XIX əsrdə tam mənası ilə işlək modelə çevrilən yeni nəzəriyyəni tədqiqatçılar libertarian, yaxud azad iradə nəzəriyyəsi adlandırdılar. Bu nəzəriyyə mətbuatın insan və dövlət münasibətlərində avtoritar sistemin tam əksi kimi özünü göstərir.
Libertarian mətbuat modeli öz təməlində liberalizm fəlsəfi görüşünə söykənir. Ona görə də “Liberal nəzəriyyəyə ümumi bir nəzər saldıqda, Qərb nəzəriyyəsinin yalnız mətbuat sahəsində bir düşüncənin ortaya atılmasında nəzəri bir məsələ olmaqdan çox, orta əsrlərin sxolastik kilsə təlimi və doqmalarından sıyrılaraq, ağılın ön plana keçdiyi işıqlı bir dövrə çatmasını müjdələyən simvolik məna da ehtiva etdiyi görünməkdədir” (Özgen Murat. Qazeteinin Etik Kimligi. İstanbul, Qazeteçiler Cemiyyeti Yayınları, 1998).
Bu nəzəriyyə insanı yalnız idarə olunan varlıq kimi deyil, öz təbii fikri, öz düşüncəsi, özünüifadə qabiliyyəti olan, yalanı doğrudan ayıran varlıq kimi təqdim edir. Burada insana bir neçə variantdan seçmək, ayırd etmək, müstəqil qərar qəbul etmək imkanı verilir. Həqiqətin yalnız hakimiyyətə məxsusluğu fikri rədd edilir, onun insanın hər birinə xas olan keyfiyyət kimi qəbulu məqbul sayılır. İnsana seçim hüququ verilir. Bu cəmiyyətdə mətbuatın yeri çox maraqlıdır: mətbuat həqiqət axtarışında insanın köməkçisinə çevrilir. Universal keyfiyyətdə olub, sinfilik mahiyyətini rədd edən mətbuatın azad iradə nəzəriyyəsi də, “Mətbuatın dörd nəzəriyyəsi” müəlliflərinin fikrincə, aşağıdakı əsas xüsusiyyətləri özündə əks etdirir:
1.Bu nəzəriyyə İngiltərədə (1688-ci ildən sonra) və ABŞ-da formalaşmış və qəbul edilmiş, digər ölkələrə də öz təsirini göstərmişdir;
2.Nəzəriyyə Milton, Lokk və Millin əsərlərindən, rasionalizm və insanın təbii hüquqlarından intişar tapmışdır;
3.Bu mətbuatın əsas məqsədi-bilgiləndirmək, əyləndirmək, satışa çıxmaq, lakin ən əsası, həqiqəti tapmağa kömək etmək, hökumətin fəaliyyətinə nəzarət etməkdən ibarətdir;
4.Mətbuatı maliyyə imkanı və vasitələri olan hər bir vətəndaş işlədə bilər;
5.Mətbuata “azad ideyalar bazarı”nda həqiqətin təsdiqi və məhkəmələrlə nəzarət olunur;
6.Bu mətbuatda böhtan, əxlaqsızlıq, müharibə zamanı satqınlıq qadağan edilir;
7.Mətbuat, əsasən, xüsusi şəxslərə (özəl sektora) məxsusdur;
8.Başqa konsepsiyalardan bu mətbuat dövlətə nəzarət vasitəsi olması, cəmiyyətin digər ehtiyaclarını təmin etməsi ilə fərqlənir.
Müasir Türkiyə media nəzəriyyəçilərindən birinin dediyi kimi, kommunikasiya vasitələrinin siyasi hakimiyyətin nəzarətindən kənara çıxması prosesinə qədər sadələşdirilməkdə olan liberal nəzəriyyənin, əslində avtoritar nəzəriyyəyə etiraz reaksiyası olduğu qənaətinə də gəlmək olar. Xüsusilə vurğulamaq lazımdır ki, liberal media nəzəriyyəsi XVII əsrdən etibarən liberal anlayışın ictimai fəlsəfi və iqtisadi təcrübələri üzərində qurulmuşdur.
Libertarian mətbuat nəzəriyyəsinə görə KİV hakimiyyətin təzyiq, təbliğat, manipulyasiya aləti deyil, təqdim olunan faktlar vasitəsilə xalqın, cəmiyyətin hakimiyyətə nəzarət etmək və faktlara söykənərək öz fikrini, qərarını, nəticələrini müəyyənləşdirmək vasitəsidir. Ona görə də belə şəraitdə mətbuat dövlətin nəzarətindən və təsirindən çıxmalı olur. Bu nəzəriyyəyə əsasən, “Həqiqətin üzə çıxması üçün hamının səsi, ideyası eşidilməlidir. Bu səs isə ancaq kütləvi kommunikasiya vasitəsilə tirajlanır və ancaq onun köməyilə eşidilir. Deməli, libertarian mətbuat modeli azad ideyalar və informasiyalar bazarını yaradır. Burada istənilən çoxluq, istənilən azlıq, istənilən zəif, istənilən güclünün – hamının mətbuata əli çatmalı, ondan öz fikrini ifadə etmək vasitəsi kimi bəhrələnməlidir” (Metin İşık. Dünya ve Türkiye Bağlamında Kitle İletişim Sistemləri. Konya, Egitim Kitabevi Yayınları, 2007).
ABŞ, İngiltərə, Almaniya, Fransa kimi ölkələr bu modelin işləklik səviyyəsinin yüksəlməsində nümunə rolu oynamışlar. Əslində mətbuatla bağlı bir anlayış kimi “dördüncü hakimiyyət” ifadəsinin öz başlanğıcını məhz İngiltərədən alması da təəccüblü deyil.
Bu nəzəriyyə o qədər işıqlı, o qədər aydın, ədalətli və yarayandır ki, hətta kommunistlər də sözdə onu qəbul etdiklərini bildirirdilər. Kommunistlərin minimum proqramlarında söz və mətbuat azadlığının xalqa təklif olunan modeli məhz libertarian nəzəriyyəsinə söykənirdi. Sosial ədalətə, sosial məsuliyyətə, plüralizmə, hər kəsin azad özünüifadəsinə söykənən libertarian nəzəriyyəsi sonralar sosial məsuliyyət nəzəriyyəsi kimi qəbul edilmişdir. Mətbuatın bu nəzəriyyəsi, hər şeydən əvvəl, demokratik prinsiplərə söykənən liberal cəmiyyətin məhsuludur. Doğrudur, mətbuatın bu tip funksional şərtini elə mətbuatın özü uzun mübarizələrdən sonra yetişdirmişdir. Lakin bu şəraitin formalaşması üçün digər ictimai institutların da rolu böyük olmuşdur. Hansı ölkə sosial məsuliyyət nəzəriyyəsinə gec gəlibsə, yaxud, hələ də gələ bilməyibsə, onun günahı, başda dövlət sistemi olmaqla, o ölkənin mətbuatının və ictimai institutlarının – parlamentin, icra strukturlarının, məhkəmə sisteminin üzərində qalır.
Digər tərəfdən, mətbuatın libertarian nəzəriyyəsi, habelə bazar, kommersiya stixiyasının məhsuludur. Geniş tiraj və populyarlıq mətbuatın bel sütunu, onun bazarda uğurlarını şərtləndirən bir fakt kimi cəmiyyətin bütün təbəqələrini nəzərə almağı tələb edir. Populistlərin söykəndiyi vədlər həmişə cəlbedici olur. Ona görə cəlbedici olur ki, bu vədlərlə bağlı faktlar yararlıdır, hamıya, əksəriyyətə sərfəlidir. Bu mənada libertarian nəzəriyyə populistlərin də söykənəcək yeridir. Ona görə də XX əsrdə ən qatı antidemokratik ölkələrin hakim dairələri belə bu nəzəriyyənin gerçəkləşəcəyini vəd edirdilər. Hakimiyyətdə olanlar da, hakimiyyətə can atanlar da.
Libertarian- azad iradə mətbuat modelinin bir sıra qeyri-demokratik məqamları mətbuatın sosial məsuliyyət nəzəriyyəsinin formalaşmasına əsas olmuşdur. Bu nəzəriyyə, əslində, Libertarian- azad iradə nəzəriyyəsi içərisindən özünü göstərmişdir. Sosial məsuliyyət nəzəriyyəsinin ortaya çıxmasında texnoloji və iqtisadi inkişafla bərabər, liberal media düzəninin təşkilati olaraq nəzərdə tutduğu sərbəst düşüncə bazarı formalaşdırmaqda yetərsiz qalması müəyyyən rol oynamışdır. Bu nəzəriyyə öz mütərəqqi qaydaları, demokratik konsepsiyası ilə hələlik demokratik dövlətlərin qəbul etdiyi bir modeldir.
Sosial məsuliyyət nəzəriyyəsi azad rəqabətə söykənir. Bu nəzəriyyə mətbuatın libertarian modelini inkişaf etdirərək, hətta, mətbuatın sahibkardan da asılı olmamaq ideyasını irəli sürür. Doğrudan da, adi məntiqlə yanaşsaq, rəqabət bazarında duruş gətirmək üçün istər hakimiyyətin, istərsə də sahibkarın diktəsi ilə işləmək digər maraqlara məxsus böyük bir auditoriyanı itirmək təhlükəsi ilə üzləşir. Əlbəttə, sahibkarın öz diktəsindən tamamilə imtina edib mətbuatın fəaliyyətini yalnız jurnalistlərə və cəmiyyətə həvalə etməsi də çətin gerçəkləşən bir prosesdir. Ona görə də libertarian nəzəriyyəsi heç də total şəkildə reallaşa bilmir. Cəmiyyət libertarian modelindən sosial məsuliyyət modelinə keçir.
Mətbuatın libertarian – azad iradə nəzəriyyəsinin bəzi məhdud cəhətləri söz azadlığının yüksək təminatına mane olur. Belədə ABŞ-da meydana çıxan yeni bir konsepsiya irəli sürülür: 1942-ci ildə Birləşmiş Ştatlarda Mətbuat azadlığı haqqında Komissiya yaradılır. Bu Komissiya “ABŞ-da mətbuat azadlığına təhlükə varmı?” sualına müsbət cavab verir. Buradan da Komissiya mətbuatın cəmiyyət qarşısında məsuliyyəti və dövlətin onun işinə müdaxiləsi məsələsini irəli sürür. Yenə də “Mətbuatın dörd nəzəriyyəsi” kitabına müraciət etsək, bu nəzəriyyənin də əsas xüsusiyyətləri ilə tanış ola bilərik:
1. Mətbuatın sosial məsuliyyət nəzəriyyəsi XX əsrdə ABŞ-da yaranıb;
2. Bu konsepsiya mətbuat azadlığı Komissiyasının materialları, komissiya üzvü, Harvard universitetinin fəlsəfə üzrə professoru U.E.Hokinqin əsərləri, jurnalistlərin təcrübəsi və təşkilatlarının kodeksləri əsasında formalaşıb;
3. Bu mətbuatın əsas məqsədi – bilgiləndirmək, əyləndirmək, satışa çıxmaq, xüsusilə də konfliktləri diskussiya məcrasına keçirməkdir;
4. Bu mətbuatdan söz demək istəyən hər kəs istifadə edə bilər;
5. Bu mətbuata cəmiyyətin rəyi ilə, istehlakçıların fəaliyyəti, peşə etikasının təsirilə nəzarət edilir;
6. Bu mətbuatın şəxsi həyata, vacib ictimai maraqlara müdaxiləsi qadağan edilir;
7. Bu mətbuat cəmiyyət maraqları naminə onu öz əlinə almaq məcburiyyətində qalanadək şəxsi əllərdə olur;
8.İnformasiya vasitələri öz üzərinə sosial məsuliyyət götürməlidir. Onlar bunu etmirsə, bu vəzifəni mətbuatın yerinə yetirməsi üçün kimsə onun fəaliyyətini izləməlidir.
Libertarian modeldə nəzəri cəhətdən irəli sürülən, lakin gerçəkləşməsinə bir çox obyektiv səbəbin imkan vermədiyi məqamlar sosial məsuliyyət modelində reallaşa bilir. Bu mətbuat cəmiyyət qarşısında sosial məsuliyyət daşıyır, çünki o, bir çox cəhətdən – informasiya toplamaq və ötürmək cəhətdən sərbəst üstünlüyə malikdir. Bu modeldə mətbuat özü üzərinə nəzarət öhdəlikləri götürür.
Nəzəriyyə özünün tarixi inkişaf yolunda altı vəzifəni üzərinə götürmüşdür: 1. Sosial məsələlər üzrə informasiya təminatı, müzakirə və polemika yolu ilə siyasi sistemə xidmət etmək; 2. Özünüidarə etmək qabiliyyətini tərbiyə üçün kütləni maarifləndirmək; 3. Şəxsiyyətin hökumətlə bağlı hüquqlarını müdafiə etmək; 4. Reklam vasitəsilə iqtisadi sistemə xidmət etmək; 5. Əyləndirmək; 6. Fəaliyyət müstəqilliyini təmin etmək üçün özünün maliyyə problemlərinin qayğısına qalmaq.
Bu altı vəzifənin hamısının nəzəri əsasları var. Lakin narahatlıq bəzi media sahibinin bu funksiyaları necə başa düşməsində və mətbuatın onları necə yerinə yetirməsindədir. Nəzəri araşdırmalarda bu tipli mətbuatın özünəməxsus böyük imkanlarından öz nəfinə istifadə edilməsindən narahatlıq bildirilir. Onun sahibləri siyasi, iqtisadi məsələlərdə öz baxışlarını yeritməyə çalışırlar; bu mətbuat, yeri gələndə, böyük biznesə güzəştlər edir, reklam sahiblərinin redaksiya siyasətinə nəzarət etmələrinə şərait yaradır; bu mətbuat sosial dəyişikliklərə müqavimət göstərir; bu mətbuat cari hadisələrin işıqlandırılmasında prioritetə deyil, sensasiya xarakterli materiallara üstünlük verir, əyləncə materiallarında ictimai normalara meydan oxuyur. Bu mətbuat əsassız olaraq insanların şəxsi həyatına soxulur; bu mətbuat bir sosial-iqtisadi qrupun nəzarətində olur, yeni adamların bu sahəyə keçmələrini çətinləşdirir.

Cahangir MƏMMƏDLİ


Bu yazı ( 238 ) - dəfə oxunmuşdur




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar