12px14px16px18px

Həsən Bəy Zərdabi mükafatı laureatlara təqdim olundu

12:37 / 27.07.2011
Dünən “Xalq” qəzetinin Mətbuat Mərkəzində Azərbaycan Jurnalistlər Birliyinin Həsən bəy Zərdabi mükafatının təqdimat mərasiminə həsr edilmiş tədbir keçirilib. Tədbirə bir sıra jurnalist qurumlarının, KİV-lərin təmsilçiləri, ictimaiyyət nümayəndələri, eləcə də digər qonaqlar iştirak edib. Azərbaycan Jurnalistlər Birliyinin sədri, “Ayna”, “Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı tədbiri giriş sözü ilə açaraq, mükafatın təqdimatının gecikməsinin səbəblərindən danışıb. O, Azərbaycan müstəqil mətbuatının keçdiyi yola qısaca nəzər salaraq, mükafatın medianın inkişafında əməyi olan şəxslərə təqdim edildiyini qeyd edib. Laureatları təbrik edən E.Şıxlı daha sonra bunları söyləyib: “Bu ilki mükafatın təqdimatı bir qədər gecikdi. Bunun səbəbi texniki məsələlərlə bağlı idi. Bura toplaşan insanların əksəriyyətinin müstəqil mediamızın inkişafında özünəməxsus əməyi var. Milli mətbuatımızın şərəfli, çətin, habelə bununla yanaşı mühüm bir inkişaf yolu keçməsi hər kəsə bəllidir. Hazırda isə Azərbaycan mətbuatı maraqlı, çətin, eləcə də bir qisim insanları ruhdan sala biləcək mərhələsini yaşayır. Artıq yeni media yaranır. Bir çoxları yeni medianın, ənənəvi medianı sıradan çıxaracağını, ona tapdalayıb keçəcəyini deyir. Lakin əsas odur ki, biz ənənəvi etik dəyərlərdən kənara çıxmayaq. Düzdür yeni medianın, yeni texnologiyanın mediamızın inkişafına böyük təkan verməsi danılmazdır. Ancaq bununla yanaşı, yuxarıda qeyd etdiyim dəyərlərdən kənara çıxmamalı, Həsən bəy Zərdabi ənənəsinə sadiq qalmalıyıq”. Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov Zərdabi mükafatını yüksək qiymətləndirib. Ə.Amaşov laureatların hər birinin mükafata layiq olduğunu deyib. Onun sözlərinə görə, laureatların Zərdabi mükafatını alması onların gələcək işlərinin daha stimullaşdırılmasına mühüm təsir edəcək. Daha sonra milli mətbuatımızın keçdiyi inkişaf yolundan danışan danışan MŞ sədri belə bir mükafatın təqdimatının mühüm əhəmiyyətinin olduğunu sözlərinə əlavə edib. O, bu mükafatın H.B.Zərdabi dəyərlərini daha da möhkəmləndirdiyini bildirib. Ə.Amaşov mükafatın əsasən gənclərə verilməsinin sevindirici hal olduğunu deyib. Professor Qulu Məhərrəmli jurnalistlərə verilən mükafatların sayının xeyli olduğunu qeyd edib. O, bununla yanaşı mükafatları müxtəlif kateqoriyalara ayırıb: “Sözün həqiqi mənasında hər il milli mətbuat günü ərəfəsində jurnalistlərə bir çox adda mükafatlar təqdim edilir. Lakin bu mükafatları sanbal baxımından müxtəlif qruplara bölərdim. Mənasız mükafatların sayının həddindən artıq çox olması bir faktdır. Fikrimcə, Media açarı və Həsən bəy Zərdabi mükafatları media sahəsində olan ən sanbalı mükafatlardır. Məhz bu iki mükafat mediamızda xüsusi rolu, əməyi olan və tanınmış şəxslərə verilir. Başqa sözlə, bu mükafatların laureatlarının hər biri buna layiqdir. Hazırda mətbuatımız ağır bir dönəm yaşayır. Əksər jurnalistlər ancaq mükafat almaq üçün çalışırlar. Hətta mükafata görə bir-birilə düşmənçilik edən jurnalistlər də var. Bu bir faktdır ki, jurnalistlər mükafatlardan asılı qalır. Konkret yaradıcılıq yoxdur. Hətta bir çoxları mükafat qazanmaq məqsədilə necə gəldi yazı qələmə alırlar. Ən azından səviyyəli yazı yazılmalıdır. Məhz bu kimi halların nəticəsində 2000-ci ildən bəri peşəkar jurnalistlərimizin sayı azalır. Milli mediamızın iqtisadi cəhətdən ciddi sıxıntıları var. Hesab edirəm ki, belə bir şəraitdə Həsən bəy Zərdabi mükafatının saxlanılması və onun mediamızda olan say-seçmə insanlara təqdim edilməsi sevindirici haldır”. “525-ci qəzet”in baş redaktoru, Yazıçılar Birliyinin katibi Rəşad Məcid laureatları təbrik edərək, Q.Məhərrəmlinin fikirlərində müəyyən qədər həqiqətlərin olduğunu deyib. Onun sözlərinə görə, digər mükafatlarla müqayisədə Zərdabi mükafatının xüsusi çəkisi var: “Bu neçə illər ərzində onlarla mükafatın laureatı olmuşuq. Lakin o mükafatların içərisində Həsən bəy Zərdabi mükafatının xüsusi çəkisi və yeri var. Məhz bunun nəticəsidir ki, Zərdabi mükafatını 1998-ci ildən bu yana qoruyub- saxlayırıq. Bu mükafat mənim üçün xüsusi əhəmiyyəti olan və aldığım mühüm mükafatlardan biridir. Yəqin ki, bu mükafatın indiki laureatlar üçün də bu dərəcədə əhəmiyyəti olacaq. Ümidvaram ki, Zərdabi mükafatının gənc laureatların gələcəkdə daha fəal çalışmasına təkan verəcək. Bununla yanaşı, belə bir mükafatı qoruyub-saxladığı üçün Elçin müəllimə minnətdaram. Qulu müəlliminin dediklərinə gəlincə isə düzdür, mətbuatımız da müəyyən durğunluq var. Zənnimcə, bunun səbəblərindən bir yaşımızla əlaqədardır”. “Yeni nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyevin fikrincə isə, jurnalistlər yalnız jurnalist təşkilatlarından mükafat almalıdır. Onun sözlərinə görə, digər təşkilatların verdiyi mükafatlar hamısı məqsədlidir: “Jurnalistlərimizin maddi vəziyyətinin heç də ürəkaçan olmaması hər kəsə bəllidir. Belə bir şəraitdə jurnalist əməyinin qiymətləndirilməsi vacib əməllərdən biridir. Özü də bu əməyin belə bir mükafatla qiymətləndirilməsi mühüm əhəmiyyətə malikdir. Çünki bu mükafatın mediamızda mühüm yeri var”. Daha sonra E.Şıxlı laureatlara mükafatı təqdim edib. Qeyd edək ki, bu il Həsən Bəy Zərdabi mükafatı 7 nəfərə təqdim edilib. İctimai TV-nin “Ortaq məxrəc” verilişinin aparıcısı Vəsilə Vahidqızı, “Gəncənin səsi” qəzetinin redaktoru Rəfiqə Sadıqova adıçəkilən şəhərin ictimai-sosial həyatını müntəzəm olaraq işıqlandırdığı yazılarına görə, jurnalistlərin hüquqlarının müdafiəsi sahəsində uğurlarına görə Media Hüququ İnstitutunun rəhbəri Rəşid Hacılı, uğurlu televiziya layihələrinə görə ANS TV-nin əməkdaşı Ayaz Nizamioğlu, regionların sosial-iqtisadi inkişafına həsr olunmuş silsilə yazılarına görə “Xalq qəzeti”nin əməkdaşı İlqar Həsənov, jurnalist kadrlarının hazırlanması işindəki uğurlarına görə professor Tofiq Yusifov, “1news” agentliyinin əməkdaşı Timur Rzayev isə ictimai-siyasi mövzulardakı yazılarına görə Həsən bəy Zərdabi mükafatına layiq görülüb. Qeyd edək ki, Həsən bəy Zərdabi mükafatı 1990-cı illərinin sonlarında Azərbaycan Jurnalistlər Birliyinin o zamankı sədri, mərhum jurnalist Hacı Hacılının təşəbbüsü ilə təsis olunub. Laureatları Azərbaycan Jurnalistlər Birliyi Azərbaycan Jurnalistikası Günü ərəfəsində sərbəst nominasiyalar üzrə seçir.
Aqil LƏTİFOV
Materiallar Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun layihəsi üzrə çap olunub



Bu yazı ( 189 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar