12px14px16px18px

Eduard Şevardnadze: “Heydər Əliyev Gürcüstan – Azərbaycan dostluğunu uca zirvələrə qaldıran, yenidən qurub möhkəmləndirən tarixi şəxsiyyətdir”

00:10 / 15.05.2012
 
Müsahibimiz Gürcüstanın eks-prezidenti Eduard Şevardnadzedir
Tbilisiyə ezamiyyət zamanı ziyarət etdiyimiz ilk məkan bu dəfə də dəyişməmişdi: şəhərin mərkəzində, Kürün sahilində salınmış Heydər Əliyev parkı – ulu öndərin büstü. Gürcüstandakı səfirimiz Azər Hüseynin dəstəyi ilə növbəti görüşümüz Gürcüstanın eks-prezidenti Eduard Şevardnadze ilə olmalı idi.Telefon danışığımızda səfir çox nəzakətlə xatırlatdı ki, gecikmək olmaz və müsahibə üçün sizə 30 dəqiqə vaxt ayrılıb. Şübhəsiz ki, bu “xəbərdarlıqdan” sonra görüş yerimizə –Heydər Əliyev parkına yarım saat tez gəlmişdik. Parkda ilk dəfə görüb- tanış olduğumuz səfirliyin əməkdaşı Riyad Muxtarovla köhnə dostlar kimi görüşdük və eks-prezidentin iqamətgahına yol aldıq.
Köhnə Tiflisin məşhur məhəllələrindən olan “Şeytanbazar”dan bir qədər yuxarı qalxanda Böyuk Britaniya səfirliyi ilə üzbəüz eks-prezidentin iqamətgahı yerləşir. Riyad müəllim saata baxıb, deyəsən, bir az tez gəldiyimizi xatırlatsa da, mühafizə xidməti bizi çox gözlətmədi. Giriş qapısını keçib görüşəcəyimiz otağın önündə 5 dəqiqə də gözləməli olduq. Bu anda içəridən gələn, vaxtı ilə Sovet televiziya və radiolarından eşitdiyimiz çox tanış səsi eşidib görüşünə tələsdiyimiz müsahibimizi doğmalıqla xatırladıq. Bu onun səsi idi – keçmiş SSRİ-nin sonuncu xarici işlər naziri, Gürcüstanın eks-prezidenti Eduard Şevardnadzenin. Bizi ayaqüstə qarşıladı və qonaqpərvərliklə qabaqcadan hazırlanmış süfrə arxasına dəvət etdi. Qısa hal-əhvaldan sonra zəmanəmizin əfsanəvi gürcüsü suallarımızı cavablandırmağa başladı.

– Azərbaycan xalqının ümummilli lideri, eyni zamanda Sizin dostunuz Heydər Əliyevlə münasibətlərinizi necə xatırlayırsınız?
– Heydər Əliyev haqqında xatirələrim çox geniş və əhatəlidir.Bu barədə günlərlə danışsam belə qurtaran deyil. O, Gürcüstan – Azərbaycan dostluğunu, qardaşlığını yeni və çox uca zirvələrə qaldıran, eyni zamanda bu böyük ənənənin təməlini yenidən qurub möhkəmləndirən tarixi şəxsiyyət, böyük dövlət xadimidir.Tale onu bütün sınaqlardan qüdrətli bir şəxsiyyət, böyük siyasətçi kimi çıxardı, tarix və reallıqlar isə bu həqiqəti təsdiqlədi.
– Şəxsi prizmadan baxanda onu necə görürsünüz?
– Dost kimi də əvəzsiz insan idi. Yaxşı yadımdadır, mən Azərbaycana rəsmi səfər edən vaxt hava limanında Azərbaycan xalqının məni necə böyük bir izdihamla qarşıladığının şahidi oldum. Məni ən çox təəccubləndirən isə yol boyu çoxlu qoçların kəsilməsi idi. O zaman Heydər Əliyevdən xəbər aldım: “Bu nədir?” O, cavab verdi: “Biz yaxın dostlarımızı ancaq belə qarşılayırıq.”
Bir dəfə də məni heç gözləmədiyim bir sürprizlə heyrətləndirdi. Məsələ ondadır ki, yanvarın 25-i mənim doğum günümdür. Mən ad günümü həmişə ancaq ailəmlə və ən yaxınlarımla keçirmişəm. 70 illik yubileyimdə də belə olmalı idi. Mən rəsmi mərasimlərin keçirilməsini qadağan etmişdim. Ancaq mənim dostum başqa qərar qəbul etmişdi: “Dostları dəvətsiz təbrik edərlər!” 1998-ci ilin 24 yanvarında qəfildən dedilər ki, Heydər Əliyev gəlir. O, cəmisi 3 saatlıq gəlmişdi və hava limanından birbaşa dövlət dəftərxanasına yollanmışdı. Jurnalistlər, dövlət aparatının əməkdaşları toplaşan 12-ci mərtəbədəki zalda Heydər Əliyev özünəməxsus emosionallıqla çıxış etdi. Nitq bir saatdan çox çəksə də, o, bir dəfə də olsun, heç bir kağıza, qeydə müraciət etmədi. Bu mənim həyatımda çox gözəl və yaddaqalan bir gün idi. Həmin günü əziz dostum gözlənilmədən mənə bəxş etmişdi!
Bizim dostluğumuz hələ sovetlər zamanında, iki qonşu respublikanın rəhbəri olduğumuz illərdə yaranmışdı. Biz, sanki, tale qardaşları idik. Hər ikimiz respublikalarımızın yüksəlişinə, əmin-amanlığa çalışırdıq. Bakıda, Tbilisidə, eləcə də Moskvadakı müntəzəm görüşlərimizdə bir-birimizi daha yaxından tanıdıq. Sonralar əlaqələrimiz bir az da möhkəmləndi. Ölkələrimiz müstəqillik qazanandan sonra bizim bir-birimizə ehtiyacımız daha çox idi. Hər ikimizə xalqlarımızın yenidən etimad göstərməsi bizi daha da səfərbər etmişdi. Demək olar ki, hər gün zəngləşirdik. Onun son günlərinə kimi belə oldu. Son dəfə Amerikada – xəstəxanada olanda danışdıq. Nə qədər nikbin danışmaq istəsə də səsi xeyli dəyişmişdi... Onun ölum xəbəri məni çox sarsıtdı...
– Sovet dövründə Heydər Əliyevlə Moskvada – Kremldə, Siyasi Büroda işləmisiniz. Dünyanın taleyini həll edən bir dövlətdə qeyri-rus millətindən olanların, çox yüksək postlara ucalması asan məsələ deyildi.
– Belə idi. Biz o vaxtlar hələ hər birimiz öz doğma ölkəmizdə rəhbər vəzifə tutarkən bir-birimizi yaxından tanıdıq. Ədalətin bərpası, asayişin qorunması, dövlət tapşırıqlarının yerinə yetirilməsi sahəsində fövqəl işlər həyata keçirə bildik. Bunun üçünsə böyük təcrübə, gərgin zəhmət lazım idi. Allaha şükürlər ki, xalqlarımız bizi bu illər ərzində yaxşı taniya bildi və qəbul etdi. Amma deyim ki, harada, hansı mötəbər vəzifədə olub-olmamasından asılı olmayaraq Heydər Əliyev üçün Azərbaycan və Azərbaycan xalqının taleyi bir nömrəli məsələ idi. O, Azərbaycanla nəfəs alır, Azərbaycanla yaşayırdı.
Hələ çox sonralar Moskvada – SSRİ Nazirlər Sovetində çalışan vaxt Heydər Əliyev mənimlə söhbət zamanı dedi ki, Xəzərdə böyük neft və qaz yataqları mövcuddur. Mən bu məsələ ilə ciddi məşğul olacağam. Çox keçmədi ki, SSRİ rəhbərliyində proseslər başqa cür cərəyan etdi. Heydər Əliyev bu siyasətlə barışmadı və istefaya getdi. Nəhayət, Sovet İttifaqı dağıldı, respublikalar müstəqillik qazandılar. Gürcüstanda və Azərbaycanda naşı siyasətçilər ölkələrimizi çox böhranlı bir vəziyyətə salanda, xalqlarımız bizi yenidən hakimiyyətə qaytardı. Heydər Əliyev bundan sonra ölkəsini xilas etdi və yarımçıq qalmış işlərini davam etdirməyə başladı. O, Xəzərin zəngin neftinin çıxarılması və nəql olunmasında dünyaya yönəlik bir yol seçdi, Gürcüstanı da bu prosesə qoşdu. Nəticə artıq göz önündədir.
O vaxt bu neft-qaz kəmərlərinin çəkilməsi məsələsi nəzərdə tutulanda çox söhbətlər getdi ki, xətlər İran vasitəsi ilə və digər alternativ xətlərlə Avropaya çıxarılsın. Ancaq mənim dostum Gürcüstandan keçməklə Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Supsa xətlərinin çəkilməsində və istismarında çox israrlı idi. Məhz onun dərin zəkası, möhkəm siyasi iradəsi və çox ağıllı təklifləri sayəsində əsrin neft-qaz xətləri məhz Gürcüstandan keçirildi. Bu, dahi şəxsiyyətin – mənim dostumun gürcü xalqına, burada yaşayan azərbaycanlılara, eləcə də bizim ölkənin sakinlərinə – bütün Gürcüstan əhalisinə olan əvəzsiz töhfəsi idi.
Ölümündən sonra Gürcüstan dövləti və xalqı da onun işıqlı xatirəsini əbədiləşdirdi. Tbilisi şəhərində vaxtı ilə azərbaycanlıların məskunlaşdığı ərazidə onun büstü ucaldıldı və adına park salındı.
– Bu gün Azərbaycan xalqı və Azərbaycan dövləti də sizi öz ümummilli lideri Heydər Əliyevin yaxın dostu kimi yaddan çıxarmayıb. Bizi də məhz ulu öndərin anadan olmasının 89-cu ildönümü ərəfəsində Sizə olan bu ehtiram buraya gətirib...
– Mən bunu çox dəyərləndirirəm, eyni zamanda, sonda demək istəyirəm ki, mənim böyük dostum olan Heydər Əliyev özunə layiqli siyasi varis yetişdirə bildi. İlham Əliyev atasına layiq bir övladdır, həm də onun yolunu çox böyük məharətlə davam etdirən zəkalı və enerjili bir dövlət başçısıdır. Hələ gənclik illərində SSRİ Xarici İşlər Nazirliyində çalışdığı vaxtlarda onun potensialına bələd idim və gələcəyinə böyük ümidlərim var idi. Atası istefaya gedəndən sonra onu da çox incitdilər, amma bu İlham Heydəroviçi, məncə, daha da möhkəmləndirdi. Çox sevinirəm ki, o, həyatda layiqli yerini tutdu. Çox yaxşı münasibətlərimiz var.
İlham Əliyev, doğrudan da, atasına layiq bir övladdır. O, atasının davamçısı olaraq Azərbaycan – Gürcüstan arasında münasibətləri, xalqlararası dostluğu daha da möhkəmləndirməyə və genişləndirməyə çalışır. Böyük inkişaf yolunda olan bir ölkəyə çox məharətlə rəhbərlik edən İlham Əliyev Azərbaycanın iqtisadi durumunu daha da möhkəmləndirdi. Azərbaycan regionda ən qabaqcıl bir ölkə oldu. Bunların hamısı İlham Əliyevin heyrətamiz işgüzarlığı, yüksək intellekti, diplomatik bacarığı sayəsində baş tutur. Mən ona işində yeni-yeni uğurlar arzulayıram.
– Bu gün Azərbaycan və gürcü xalqlarına, eləcə də Qafqaz xalqlarına nə demək istərdiniz?
– Bizim vaxtlarımızda Qafqazda əmin-amanlıq idi. Həm xalqların bir-birinə inamı, həm üç respublikanın rəhbərlərinin prinsipial və beynəlmiləl mövqeyi Qafqazda qonşuluq və etimad mühiti yaratmışdı. Amma bu mehribanlığa qarşı yönəlmiş gizli meyillər də yox deyildi. O vaxtlar Moskvada – Kremldə işlədiyimiz vaxt Siyasi Büronun iclasından əvvəl bizə bir sənəd payladılar, orada Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi məsələsi gündəliyə salınmışdı. Sonradan necə oldusa, xatırlaya bilmirəm, o sənəd yox oldu. Məsələ isə heç müzakirəyə də çıxarılmadı. Başa düşdüm ki, Heydər Əliyev bu məsələnin müzakirəsinin qarşısını böyük nüfuzu sayəsində almışdır.
Sonra Eduard Amvrosiyeviç otaqdakı rəfdə yerləşdirilmiş bir şəkili göstərərək, izahat verdi:
– Bu şəkil 1982-ci ildə Tbilisidə çəkilib, mənim üçün böyük dəyəri var. Qafqazın üç lideri – dostum, Azərbaycanın rəhbəri Heydər Əliyev, Ermənistan KP MK-nın o vaxtkı 1-ci katibi Karen Dəmirçiyan və mən. Onları Tbilisi ilə tanış edirəm. Bunu niyə xatırladım? Dəmirçiyan ağıllı adam idi. Onun da xalqına böyük sevgisi var idi. Bu sevgi erməni xalqına xoşbəxtlik gətirə bilərdi. Amma təəssüf ki, sağlam mövqeyinə görə öldürüldü. Mən inanıram ki, o, yaşasa idi Qafqazda əmin-amanlığa, Dağlıq Qarabağ məsələsində sülhə bir addım da yaxınlaşmış olardıq. Hər halda Ermənistanda bu gün onun kimi düşünən adamlar var. Bu adamlar Qafqaza sülh gətirməlidirlər. Qafqaz bu sülhü çoxdan gözləyir.
... Biz ondan ayrılmaq istəyəndə artıq saatlarımız 13.00-dan keçmişdi. Bizə ayrılan 30 dəqiqəlik limit çoxdan bitsə də hiss edirdik o, bu görüşdən çox məmnundur. Azərbaycan, ölkəmizdə gedən quruculuq işləri haqqında dönə-dönə danışır, inkişaf yolunda olan ölkəyə rəhbərlik edən İlham Əliyevin Azərbaycan xalqı qarşısındakı xidmətlərini müdrikcəsinə dəyərləndirirdi. Bildirdi ki, pambıq və üzüm Azərbaycana böyük gəlir gətirdiyinə görə Heydər Əliyev ötən əsrin 70-80-ci illərində bu sahələrin inkişafına nail olmuşdu. Gürcüstanda yaşayan azərbaycanlılardan, Borçalı bölgəsindən də söz saldı. Soydaşlarımızın zəhmətkeş, dinc insanlar olduğunu söylədi. Bildirdi ki, onlar Gürcüstanda sayca ikinci böyük xalqdırlar.
Nəhayət, şirniyyat, çərəz və meyvə düzülmüş süfrəyə əl uzatmağımızı xahiş etdi. Xalqlarımızın dostluğu şərəfinə badə qaldırmaqla, qırmızı gürcü şərabına da qonaq olduq. Şəkil çəkdirmək təklifimizi də məmnuniyyətlə qəbul etdi və sonra bizi giriş qapısına qədər ötürdü. Son olaraq fikirləşdik ki, bir çox tarixi şəxsiyyətləri qəbul edib- yola salan bu böyük gürcü, təkcə ölkəsinin və xalqının yaddaşında yox, həm də böyük bir epoxanın səhifələrində iz qoymuş dövlət adamıdır. Həm də bizim üçün xalqımızın böyük dostlarından biridir.
Namiq QƏDİMOĞLU,
Tahir AYDINOĞLU
 
 



Bu yazı ( 102 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar