12px14px16px18px

Qorxmaz Hüseynov: “Bakının Master Planını hazırlayırıq”

00:01 / 15.05.2012
 
Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov Yeni Azərbaycan Partiyasının saytına müsahibə verib. Q.Hüseynov bildirib ki, dövlət büdcəsindən su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına ayrılan vəsaitlərin həcmi ilbəil artır. Müsahibəni ixtisarla oxuculara təqdim edirik.
 
– Hazırda dövlət proqramları çərçivəsində həm Bakı şəhəri və onun qəsəbələrində, həm rayon mərkəzlərində, həm də kəndlərdə mühüm layihələr həyata keçiririk. Bakı şəhərində su və kanalizasiya sisteminin inkişafı ilə bağlı biz əsasən mövcud kommunikasiyaların təmiri istiqamətində işlərimizi aparırıq. Eyni zamanda, Bakıətrafı kənd və qəsəbələrdə layihə və tikinti işləri həyata keçirilir. Bildiyiniz kimi, cənab Prezident İlham Əliyevin təqribən 1 il əvvəl təsdiqlədiyi “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində Bakıətrafı kəndlərin və qəsəbələrin su təchizatı və kanalizasiya sistemlərinin tamamilə yenidən qurulması nəzərdə tutulub. 2011-ci ildən başlayaraq bu istiqamətdə bir sıra layihələr həyata keçiririk və ölkəmiz üçün çox böyük bir proqramı icra edirik. 
İlkin olaraq 2012-ci ildə yay aylarında paytaxtımızda və ətraf ərazilərdə əhalinin su təchizatını yaxşılaşdırmaq üçün ən vacib tədbirləri həyata keçiririk. Maksimum proqramlar olaraq isə layihələr hazırlanır və həmin layihələr üzrə şəbəkələrin, su və kanalizasiya sistemlərinin qurulması işləri həyata keçiriləcək. Bu işlərin başlanğıcı kimi, ən vacib məsələlərdən biri olan böyük Bakının Master Planını hazırlayırıq. Burada təkcə Bakının deyil, həm də, ətraf kənd və qəsəbələr, hətta Sumqayıt şəhəri və Abşeron rayonunun mövcud şəbəkəsi və perspektiv inkişafı nəzərə alınır. 2011-ci ilin sonundan işlərə start verilib və ötən həftə Master Planın ilkin təqdimatı oldu. Başqa sözlə, Planın birinci mərhələsinin hazırlanması başa çatdı və onun təqdimatı keçirildi. Doğrudan da görürük ki, Bakı şəhərinin su və kanalizasiya sisteminin kompleks həlli üçün bu Master Plan çox əhəmiyyətli bir sənəddir. Yəni, biz artıq burada Bakı şəhərində yerləşmə planına, şəhərin hündürlük səviyyəsinə görə neçə zonadan ibarət olduğunu, hər zona üzrə əhalinin yerləşmə sıxlığını görə bilirik. Master Planın son variantı hazır olanda, 2035-ci ilə qədər inkişaf perspektivi nəzərə alınmaqla “Azərsu” ASC-nin hansı işlər görəcəyini proqram şəklində təsdiq edəcəyik. Orada həmin işin layihəsi, eləcə də büdcəsi yer alacaq. 
Hazırda Bakı şəhərinin əsasən mövcud şəbəkələri üzərində maksimum işlər aparmağa çalışırıq ki, yay aylarında insanların su təminatı ən azından ötən ilkindən yaxşı olsun. Bir sıra tədbirlər artıq öz həllini tapıb. Belə ki, “+160 Şimal” anbarından çəkilən yeni su xətti Binəqədi və Nəsimi rayonları ərazisindəki mikrorayonlarda, Azadlıq prospekti boyunca demək olar ki, 40 minə qədər insanın fasiləsiz rejimdə su təminatına imkan verir. “+110 Şərq” anbarının yenidən qurulması, orada suyun anbara girişi və anbardan çıxışının səmərəli tənzimlənməsi istiqamətində işlər aparılır....
Son vaxtlar Bakıda aparılan abadlıq işləri ilə bağlı hətta əvvəlcədən nəzərdə tutmadığımız işləri də həyata keçirmişik. Xüsusilə “Avroviziya” mahnı müsabiqəsi ilə əlaqədar yolların asfaltlanması zamanı fürsətdən istifadə edərək həmin küçələrdən keçən köhnə, yararsız və kiçik diametrli xətləri yeniləri ilə əvəz etmişik. 
 
– “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nda, regionlarda infrastruktur layihələrinin icrası ilə bağlı işlərin icrası nə yerdədir? 
 
– Bakı şəhəri və Abşeron yarımadasında 54 kənd və qəsəbə var ki, bu gün onların 40-a qədərində içməli su təchizatı sistemi ya yoxdur, ya da qismən mövcuddur. “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nda bu məsələlərin hamısı öz əksini tapıb və hər bir qəsəbə üçün konkret tədbirlər müəyyənləşib. Mərdəkan, Şüvəlan, Qala, Zirə, Binə, Türkan, Pirallahı və digər qəsəbələri mərkəzləşdirilmiş su təchizatı sisteminə qoşmaqla onların hər birində şəbəkə yaratmaq niyyətindəyik. Yaşayış massivlərinə fasiləsiz su vermək, suyun optimal idarə olunması və elektrik enerjisinə qənaət edilməsi məqsədilə Bakıətrafı qəsəbələrdə ümumi həcmi 200 min kub metr olan 10 su anbarının tikintisi planlaşdırılır və artıq Balaxanı, Məhəmmədi, Zirə qəsəbələrində onların tikintisinə başlanılıb. 
 
– “Azərsu” ASC regionlarda da iri layihələr həyata keçirir və onların icrasında beynəlxalq maliyyə qurumları ilə əməkdaşlıq edir. Bu barədə məlumat verməyinizi xahiş edirik... 
 
– Əksər rayonlarda bu istiqamətdə layihələr başlayıb. Bir çox rayonlarda layihələrin həyata keçirilməsi üçün tədbirlər görülür. 2011-ci ilin büdcəsinə dəyişikliklər təsdiqlənərkən “Azərsu” ASC-yə əlavə vəsait ayrıldı. Bu vəsait hesabına qısa müddətdə 11 şəhərdə (Quba, Hacıqabul, Kürdəmir, Ucar, Zərdab, İmişli, Biləsuvar, Lənkəran, Şəmkir, Mingəçevir və Qax) su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması və tikintisinə başlanıldı. Çox qısa müddətdə, yəni 2011-ci ilin son 4-5 ayı ərzində adıçəkilən şəhərlərdə işlərin 20-25 faizi keyfiyyətlə yerinə yetirildi və hazırda işlər davam etdirilir. 
Ağdaş və Göyçay şəhərlərində işlərin birinci mərhələsi artıq başa çatıb və ikinci mərhələ üzrə işlərə başlanılıb. Beyləqan, Balakən və Ağcabədidə isə tender prosedurları davam edir. Almaniya İnkişaf Bankının (KfW) maliyyə dəstəyi ilə Şəki və Gəncə şəhərlərində işlər uğurla həyata keçirilir. Dünya Bankı ilə bağlanmış kredit sazişi Şamaxı, Qəbələ, Saatlı və Sabirabad şəhərlərini əhatə edir. Şamaxı və Qəbələdə işlərin müəyyən hissəsi görülüb. Saatlı və Sabirabaddakı layihələrimizin tenderi yekunlaşıb, bu yaxınlarda işlərə başlanması nəzərdə tutulur. 
Astara, Samux, Tərtər, Qazax, Daşkəsən və Gədəbəy şəhərlərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələri İslam İnkişaf Bankının krediti hesabına maliyyələşdiriləcək. 
İlin sonuna qədər isə Qobustan, Bərdə, Yevlax və Naftalanda işlərə başlamağı hədəfləmişik. Bunlardan başqa Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi və Səudiyyə İnkişaf Fondu su təchizatı və kanalizasiya layihələrinə vəsait ayıracaq. Qeyd edim ki, bu 2 qurum regionlarda yox, Abşeronda layihələrin icrasına vəsait yönəldəcək. Belə ki, Kürdəxanı qəsəbəsinin su təchizatı və kanalizasiya sistemlərinin yenidənqurulması, həmçinin Pirşağıda Çirkab Sutəmizləyici Qurğunun inşası Koreya Agentliyinin, Səbail rayonunun 20-ci Sahə və ona bitişik ərazilərdə, həmçinin Xırdalanda su təchizatı və kanalizasiya sistemlərinin yenidənqurulması isə Səudiyyə Fondunun maliyyəsi ilə reallaşacaq. 
Respublikanın rayonları ilə bağlı “Azərsu” ASC-dən başqa “Meliorasiya və su təsərrüfatı” ASC-nin sifarişi ilə Dünya Bankının maliyyəsi hesabına 8, Ərazilərin Yenidən Qurulması və Bərpası üzrə Agentliyin sifarişi əsasında isə dövlət büdcəsi vəsaiti hesabına 6 rayon mərkəzində layihələr həyata keçirilir. Artıq 40-dan çox rayonda bu işlər başlayıb və bir neçə şəhərdə işlərin birinci mərhələsi başa çatıb. Yerdə qalan rayonlarda isə düşünürəm ki, bu ilin sonuna qədər layihələrə start veriləcək. 
 
– Ölkə başçısı bəyan edib ki, Azərbaycan vətəndaşları keyfiyyətli su ilə təmin olunmalıdır. Bununla bağlı hansı layihələr həyata keçirirsiniz? 
 
– Cənab Prezident 8 sentyabr 2011-ci ildə Ceyranbatanda yeni ultrasüzgəcli sutəmizləyici qurğunun təməl qoyma mərasimində “Su həyatdır, təmiz su sağlam həyatdır” deməklə bizə istehlakçıların təmiz və keyfiyyətli su ilə təmin olnması tapşırığını verdi. Bu tapşırığı icra etmək üçün biz hərtərəfli araşdırma aparmışıq və ilk növbədə mənbələrin düzgün seçimi məsələsini qarşımıza qoymuşuq. Artıq müəyyən nəticələrimiz də var. Məsələn, əvvəllər işlənmiş layihələrdə Ucar və Zərdab şəhərlərinin, həmçinin yaxınlıqdakı kəndlərin su təchizatının Kür çayından aparılması nəzərdə tutulmuşdu, amma sonradan o layihələrə dəyişiklik etdik. İndi həmin şəhərlərə və ətraf kəndlərə Kürdən yox, Girdmançaydan qidalanan Külüllü mənbəyindən ən yüksək standartlara uyğun su veriləcək. Qeyd edim ki, hazırda Külüllüdən Ucar, Zərdab və Kürdəmirə magistral kəmərlər çəkilir. 
Suyun nəqli, anbarlara toplanması və əhaliyə çatdırılması zamanı bütün sanitar normalara əməl edilməsini də nəzərdən keçiririk. Burada başlıca faktorlardan biri suyun mikrobakterioloji zərərsizləşdirilməsi zamanı ən müasir və insan həyatı üçün daha təhlükəsiz metodlardan istifadə etməyi qərar almışıq. 2013-cü ildə bu işlər tam başa çatdırılacaq. 
“Azərsu” ASC-nin Mərkəzi Laboratoriyası Avropanın və digər ölkələrin laboratoiyaları ilə eyni hüquqa malik olacaq və bizim laboratoriyadakı analizlərimiz dünyanın hər yerində qəbul olunan nəticələr sayılacaq. Qeyd edim ki, burada suyun 75-ə qədər parametrini müəyyən edə biləcəyik, hansı ki, indi suyun 35 parametrini müəyyən edirik. 
 
– Qorxmaz müəllim, aprelin 16-da cənab Prezidentin rəhbərliyi ilə keçirilən müşavirədə su təchizatı və kanalizasiya sahəsinin perspektivlərindən danışıldı və ölkə başçısı şəhərlərlə yanaşı kənd və qəsəbələrdə də işlərin görülməsinin vacibliyini bildirdi... 
 
– Cənab Prezidentin bu məsələni vurğulaması bizim üçün çox əhəmiyyətlidir. Çünki bu gün respublikanın bütün bölgələrində layihələr həyata keçiririk. Burada əsas məsələ su mənbələrinin düzgün seçilməsidir. Bundan sonra biz layihəyə uyğun onun hesabatını aparırıq. Amma cənab Prezidentin bu fikirlərindən sonra bu layihələrə yenidən baxmağa başlamışıq. Bütün rayon mərkəzləri üçün müəyyənləşdirdiyimiz mənbələrin imkanları yenidən təhlil olunur. Əsas diqqət ona yönəldilir ki, həmin mənbələr hesabına gələcəkdə daha hansı kəndləri və qəsəbələri su ilə təmin edə bilərik. Bununla yanaşı, mənbələrdən şəhərlərə çəkilən magistral xətlərin layihələndirilməsi və tikintisində iri diametrli borulardan istifadə etməyi planlaşdırırıq ki, gələcəkdə ətraf kəndlərin su təminatını da aparmaq mümkün olsun. Bəri başdan görüləcək bu işlər gələcəkdə yeni yaşayış məntəqələrinə su verilərkən əlavə xərclərin qarşısını alacaq. 
Bizim bir layihəmiz var, kəndlərin su təchizatında mühüm əhəmiyyət daşıyan layihədir. 
 
– Mətbuatdan da məlumdur ki, “Azərsu” ASC həyata keçirdiyi layihələrdə yeni texnologiyalardan istifadə edir. Bunu tətbiq və istismar etmək üçün kadr potensialının gücləndirilməsinə ehtiyac var. Bu məsələ necə həll olunur?
 
– Bu məsələ “Azərsu” ASC-nin diqqət mərkəzindədir. Çünki biz böyük layihələr həyata keçiririk və bu layihə işlərində ən son texnologiyaların tətbiqinə çalışırıq. Bu o deməkdir ki, həmin layihələr başa çatdıqdan sonra yeni texnologiyaları idarə edən kadrlar olmalıdır. Söz yox ki, Səhmdar Cəmiyyətin hazırki kadr potensialı bu tələblərə cavab vermir. Tikinti işləri aparılan müddətdə kadrların hazırlanması işi də aparılmalıdır. Bunun üçün xüsusi proqramlarımız var. Yeni Kadr hazırlığı şöbəsi, Təlim Tədris Mərkəzi yaratmışıq. İşə cəlb etmək istədiyimiz insanlar ixtisas və məntiqi təfəkkür testlərindən keçirilir və uyğun gələnlər işə götürülür. Yeri gəlmişkən, yeni tədris mərkəzini inşasına qərar vermişik. Bunun üçün vəsait də nəzərdə tutulub, hazırda layihə işləri başa çatmaq üzrədir. Düşünürəm ki, gələn ilin birinci rübündə tədris mərkəzinin inşasını başa çatdıra biləcəyik. 
Kadr məsələsi ilə bağlı digər layihələrimiz də var. Nəzərdə tuturuq ki, ölkənin 4 bölgəsində təcrübə mərkəzləri yaradaq. Mərkəzlər kompleks infrastrukturu olan şimal, cənub, qərb və şərq bölgələrini əhatə edəcək. Qonşu rayonlarda işləyənlərin Bakıya ezam olunmasına ehtiyac qalmayacaq, onlar həmin mərkəzlərdə təcrübə keçəcəklər. 
Digər bir məsələni də diqqətinizə çatdırım ki, “Azərsu” ASC xarici maliyyə qurumları ilə reallaşdırılan layihələrdə kadr hazırlığı məsələsini də önə çəkir və artıq bəzi layihələrdə bu məqsədlə vəsaitin ayrılmasına, yerli kadrların xarici ölkələrə ezam olunmasına nail olmuşuq.
 
 
 



Bu yazı ( 112 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar