12px14px16px18px

Kamilə Əliyeva: “Azərbaycan xalqı heç zaman işğal faktı ilə barışmayacaq”

11:21 / 05.05.2012
Müsahibimiz millət vəkili, BDU-nun professoru Kamilə Əliyevadır

– Kamilə xanım, ölkə prezidentinin təhsillə bağlı son sərəncamını necə qiymətləndirirsiniz? Sizcə, bu sərəncam ölkədə təhsilin səviyyəsinin yüksəlməsinə öz töhfəsini verəcəkmi, verəcəksə, hansı töhfələri?
– Ümumiyyətlə, ölkə prezidentinin verdiyi sərəncam müzakirə mövzusu ola bilməz və dövlət başçısının verdiyi bu sərəncam doğrudur. Bu, bir daha sübut edir ki, ölkə prezidenti cənab İlham Əliyev təhsil sisteminə böyük önəm verir və diqqət yetirir. Qeyd edim ki, bu sərəncam həm təhsil ictimaiyyəti, eyni zamanda, şagirdlər və valideynlər tərəfindən də rəğbətlə qarşılanıb. Şagirdlərin orta məktəblərin buraxılış imtahanlarında 8 fənn üzrə imtahan vermələri onlarda ciddi psixoloji problemlər belə yarada bilirdi. Amma indi şagirdlər buraxılış imtahanlarında cəmi 2 imtahan verməklə, ali təhsil ocaqlarına hazırlıqda da ciddi irəliləyişə doğru addımlar atmış olacaqlar.Bu sərəncam həmçinin, orta məktəblərdə buraxılış imtahanlarının daha da mükəmməl və keyfiyyətli keçiriləcəyinə xidmət edəcək. Eləcə də məktəb məzunlarının bilik səviyyəsinin düzgün qiymətləndirilməsinə xidmət edəcək. Şəxsən mən bir millət vəkili, bir vətəndaş, bir ziyalı və bir ali təhsil işçisi, elm adamı kimi buna ürəkdən inanıram.
– Orta məktəblərin buraxılış imtahanlarının Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasına (TQDK) həvalə olunmasından sonra, növbəti addım kimi Təsil Nazirliyinin bütövlükdə bu quruma birləşdirilməsinə və ya orta məktəblərin buraxılış imtahanları ilə ali və orta-ixtisas məktəblərinə qəbul imtahanlarının birləşdirilməsinə gedilə bilərmi? Qeyd edək ki, hələ bir neçə il öncə “Təhsil haqqında” qanunun müzakirəsi zamanı hər iki məsələ millət vəkilləri tərəfindən tez-tez qaldırılırdı...
– Bilirsiniz, bir sıra qabaqcıl Avropa ölkələrində tələbə qəbulunu bu və ya digər qurumlar həyata keçirir. Mənə elə gəlir ki, respublikamızın təhsil müəssisələri və ekspertlər bu ölkələrin həyata keçirdikləri qəbul mexanizmlərini hərtərəfli araşdırıb, onların içərisindən daha mükəmməlini tapıb, öyrənib Azərbaycan üçün müvafiq bir sistem işləməlidirlər. Demək istəyirəm ki, bu sahədə son sözü Azərbaycan və xarici təhsil sistemini daha mükəmməl bilən ölkə prezidenti cənab İlham Əliyev deyəcək.
– Yeri gəlmişkən, Azərbaycanda bütövlükdə təhsilin vəziyyətindən razısınızmı? Razı deyilsinizsə, nəyə görə? Yenə də qeyd edək ki, bu məsələ də neçə illərdir cəmiyyətin əsas müzakirə obyektlərindəndir...
– Azərbaycanda təhsilin bu günkü vəziyyətindən mən çox razıyam. Bu gün həm dövlət tərəfindən, həm də respublikanın birinci xanımı Mehriban Əliyevanın prezidenti olduğu Heydər Əliyev Fondu tərəfindən nəinki paytaxtda, eləcə də Azərbaycanın rayonlarının ucqar kəndlərində yeni məktəblər tikilir, mövcud məktəblər əsaslı təmir olunur, onlar müasir kompüter və avadanlıqlarla təmin edilirlər. İnanıram və əminəm ki, cəmi bir neçə ildən sonra bunlar müsbət yönümdə öz bəhrəsini verəcək, təhsilimizin səviyyəsi daha da yüksələcək. Bununla belə, iş olan yerdə təbii ki, müəyyən problemlərin, çatışmzalıqların olması da mümkündür və bu, qaçılmazdır. Amma burada əsas məsələ odur ki, problemlərin olması etiraf edilir, qəbul olunur və onların tezliklə aradan qaldırılması istiqamətində də ən ciddi, kəsərli addımlar atılır. Sevindirici haldır ki, bu addımlar da öz bəhrəsini verir və verməkdədir.
– Bu il həm də Azərbaycanda test üsulunun tətbiqinin 20 ili tamam olacaq. Sizin fikrinizcə, bü üsula keçid Azərbaycan cəmiyyətinə və təhsil sisteminə nə verdi? Onun təkmilləşdirilməsinə ehtiyac varmı?
– Bildiyiniz kimi, artıq 20 ildir ki, TQDK respublikamızda tələbə qəbulu imtahanlarını həyata keçirir. Bu qurum nəinki ali və orta ixtisas məktəblərinə, demək olar ki, bütün dövlət strukturlarına işçilərin imtahan yolu qəbulunu həyata keçirir. TQDK, demək olar ki, bu sahədə böyük təcrübəyə malikdir. Bu gün dünyanın bir çox dövlətlərində qəbul imtahanları test üsulu ilə keçirilir. Test üsulunun öz müsbət tərəfləri var. Burada ali məktəbə hazırlaşan abituriyentləri artıq yükləmədən azad edir və onların ali və orta-ixtisas məktəblərinə qəbulunu asanlaşdırır. Hər bir sahədə olduğu kimi, bu sahədə də həmişə müsbət istiqamətdə təkmilləşmə gedir və getməkdədir. Mən bunu çox normal və müsbət hesab edirəm.
– Məqamı düşmüşkən, bir müddət öncə parlamentdə mənfur qonşularımız ermənilərlə bağlı cox maraqlı bir məsələni – buradan getmiş ermənilərin müxtəlf dövlətlər vasitəsi ilə Azərbaycandan müvafiq arayışlar tələb etmələri məsələsini qaldırmışdınız. Həmin müddətdən sonra bu məsələ nə yerdə qaldı...
– Mən o zaman həm bir azərbaycanlı, həm də bir millət vəkili kimi bu barədə Milli Məclisdə öz fikirlərimi bildirmişəm və bu gün də öz mövqeyimdə qalıram. Ancaq mənə elə gəlir ki, müvafiq təşkilatlar bu barədə beynəlxalq qurumlar qarşısında məsələ qaldıracaq və ermənilərin necə bir mənfur millət olduğunu sübut edəcəklər.
– Necə hesab edirsiniz, Qarabağ münaqişəsi hələ çoxmu uzanacaq, yoxsa, münaqişənin həlli yaxın dövrlərdə real görünür?
– Mənə elə gəlir ki, Qarabağ münaqişəsinin həlli çox da uzaqda deyil. Azərbaycanın günü-gündən inkişaf edən iqtisadiyyatı və hərbisinin regionda ən güclü ordusu olması bu məsələnin yaxın vaxtlarda həll olmasına müsbət təsir göstərəcək. Ermənistanın isə əksinə iqtisadiyyatı günü-gündən zəifləyir. Ermənistanın rəhbərliyi başa düşməlidir ki, onun bu gün apardığı siyasət onu məhvə doğru sürükləyir. Xaricdəki erməni diasporunun və digər qurumların yardımı dayansa, Ermənistan dövlətinin varlığı böyük sual altında olacaq.
– Bu münaqişə sülh yolu ilə çözülərsə və çözüləcəksə, o zaman bu sülh bizim istədiyimiz sülh olacaq, yoxsa, ermənilərin?
– Bilirsiniz, Azərbaycan Respublikası prezidenti cənab İlham Əliyev dəfələrlə öz çıxışlarında qeyd edib ki, hər hansı sülh müqaviləsi Azərbaycanın suverenliyinə xidmət edəcək və Azərbaycan öz itirilmiş torpaqlarına sahib olacaq. Mən də buna öz varlığım qədər inanıram. Eyni zamanda, Azərbaycan xalqı və dövləti işğal faktı ilə heç zaman barışmayıb, barışmır və barışmayacaq da. Bu, birmənalı belədir və biz gec-tez öz torpaqlarımızı azad edəcəyik. Bir daha tam əminliklə deyə bilərəm ki, bütün Azərbaycan xalqı prezidentimizin yürütdüyü daxili və xarici siyasəti dəstəkləyir və həmişə onun yanında olacaq.
KAMİL



Bu yazı ( 83 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar