12px14px16px18px

Fatih Şahin: “Azərbaycanla Muğla vilayəti arasında turizm əlaqələrini inkişaf etdirmək istəyirik”

00:03 / 17.04.2012
Bu günlərdə Türkiyənin Muğla vilayətinin valisi Fatih Şahin Azərbaycanda səfərdə olub. Səfərin məqsədi və Bakıda keçirdiyi görüşlər barədə “525”ə danışıb.

–Fatih bəy, Azərbaycana səfərinizin məqsədi barədə nə deyə bilərsiniz?
–Mən 11-ci Beynəlxalq turizm və səyahətlər sərgisində iştirak etmək üçün Bakıya səfər etmişəm. Qeyd edim ki, bu, Azərbaycana ilk gəlişimdir. Hesab edirəm ki, bu sərgilər əlaqələrin qurulması, bir-birimizi daha yaxından tanımaq üçün bir görüş nöqtəsidir. Tur operatorlar, turizm şirkətlərinin nümayəndələri belə tədbirlərdə görüşür, əməkdaşlıq qururlar. Ona görə də bu cür sərgilərə qatılmaq çox önəmlidir. Amma turizm sahəsində əlaqələrimizin inkişafı üçün bunlar yetərli deyil. Hesab edirəm ki, əlaqələrimizin daha da inkişafı üçün tur operatorlar, hava limanları, turizm şirkətləri bir-birləri ilə daim əlaqədə olmalı, münasibətləri inkişaf etdirməlidirlər.
–Turizm sahəsində əlaqələrin inkişafı baxımından Bakıda olduğunuz müddətdə hansı görüşləriniz oldu?
–Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbəri Nazim İbrahimov, Azərbaycan Hava Yolları Dövlət Konsernin rəsmiləri ilə görüşdük. Mən hər kəsə təşəkkür edirəm. Bu cür görüşlərə böyük önəm veririk. Eyni zamanda Azərbaycandan bir qrupun Dalaman Hava limanında təcrübə keçməsinə dair müzakirələr apardıq.
Biz Azərbaycanda Mula, Mulada isə Azərbaycan festivalı keçirmək istəyirik. Burda da məqsəd qarşılıqlı olaraq turizm imkanlarını təqdim etməkdir.Biz Türkiyədən də Azərbaycana çoxlu insanların gəlməsini istəyirik.
Bakı çox gözəl şəhərdir. İçərişəhəri, Dənizkənarı Milli parkı gəzdik və çox məmnun qaldıq. İstərdik ki, Türkiyədən bura tək iş üçün deyil, turizm məqsədi ilə də insanlar səfərlər etsinlər.
–Muğlanın turizm imkanları barədə nə deyə bilərsiniz?
– Muğla vilayətində Bodrum, Fatiye, Marmaris, Dalyan, Datça kimi kurort şəhərlərimiz var. Muğlaya ildə 3 milyondan artıq xarici, bir o qədər də yerli turist gəlir. Amma bizim bundan da artıq xarici turist qəbul etmək imkanımız var. Muğla cənnət adlandırılır. Mən iki ildir orada vəzifədəyəm.
PƏRVANƏ






Bu yazı ( 133 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar