12px14px16px18px

Fuad Muradov: “Avronest”də Qarabağla bağlı qətnamə qəbul etmək olar”

00:12 / 12.04.2012
Müsahibimiz “Avronest” Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Fuad Muradovdur.

– Fuad bəy, Azərbaycan və Ermənistan parlamentarilərinin beynəlxalq təşkilatlarda, o cümlədən “Avronest” Parlament Assambleyasında (PA) yaratdıqları ünsiyyət Qarabağ münaqişəsinin nizamlanmasına köməklik göstərə bilərmi?
– Bir qayda olaraq, Azərbaycana gələn əcnəbi parlamentarilər ərazi bütövlüyünün təmin olunması məsələsinə toxunmamağa çalışırlar. Bu təbiidir və biz bunu anlayışla qarşılayırıq. Bununla yanaşı, beynəlxalq təşkilatlar çərçivəsində azərbaycanlı və erməni parlamentarilər arasında qurulan əlaqələr, aparılan müzakirələr Qarabağ nizamlanması ilə bağlı ermənilərin fikirlərində heç bir dəyişikliyə gətirib çıxarmır. Ancaq buna baxmayaraq hesab edirəm ki, bu müzakirələr aparılmalıdır. Belə ki, bəzi erməni deputatları Azərbaycanda olarkən müsbət xarakterli bəyanatlarla çıxış edirlər. Fəqət təəssüflər olsun ki, Ermənistana qayıtdıqdan sonra onlar yəqin ki, yenə kənar təsirlərin təzyiqi altında əks mövqedən çıxış etməli olurlar. Bununla belə, belə ünsiyyətlərin baş tutması etimad atmosferinin yaradılması nöqteyi-nəzərindən vacibdir.
– Siz Qarabağın azərbaycanlı və erməni icmaları arasında mümkün əlaqələrin yaradılmasını necə qiymətləndirirsiniz?
– Təbii ki, azərbaycanlı qaçqınlar və məcburi köçkünlər işğal altında olan doğma torpaqlarımız geri qaytarıldıqdan sonra yurd-yuvalarına geri qayıdacaqlar və ermənilərlə birgə yaşayacaqlar. Bunu nəzərə alaraq, Qarabağın azərbaycanlı icması erməni icması ilə görüşlər keçirməyə cəhd göstərir. Lakin Qarabağın erməni icması bu görüşlərdən yayınır. Bu onu sübuta yetirir ki, ermənilər nəinki sülhün bərqərar olmasında maraqlı deyillər, hətta Qarabağ münaqişəsi ərazisində yaranan indiki vəziyyətin qorunub saxlanmasını istəyirlər. Belə vəziyyət isə Azərbaycan tərəfi üçün qəbuledilən deyil və buna görə də biz bütün beynəlxalq müstəvilərdən, o cümlədən, “Avronest” PA-nın imkanlarından istifadə edərək, Qarabağla bağlı qətnamələrin qəbul olunmasına nail olmaq niyyətindəyik. Azərbaycan deputatları bu istiqamətdə artıq müəyyən uğurlar əldə ediblər və biz bu işi davam etdirəcəyik.
– Yeri gəlmişkən, “Avronest” PA-nın sənədləri münaqişəli vəziyyətlər üzrə sənədlərin qəbulu üçün imkan yaradırmı?
– “Avronest” PA-da ölkənin ərazi bütövlüyünün təmin olunması, münaqişələrin nizamlanması ilə bağlı qətnamələr qəbul oluna bilər. Və buna görə Azərbaycan parlamentariləri bu təşkilatın nizamnaməsinə uyğun olaraq “Avronest” PA-nın Qarabağ üzrə qətnamə qəbul etməsi üçün bu hüquqdan istifadə edəcəklər.
– Avropa Parlamentinin xarici münasibətlər üzrə komissiyası Ermənistanla bağlı sənəd qəbul etdi. Burada ATƏT-in Minsk qrupunda Fransanın mandatının Avropa İttifaqının mandatı ilə əvəzlənməsinə dair təklif yer alıb. Bu əvəzləmə Qarabağ münaqişəsinin həllini sürətləndirə bilərmi?
– Hazırda Avropa İttifaqının Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində rolu nəzərə çarpmır. Ona görə, bu müsbət bir tövsiyyədir və ümid edirəm ki, Avropa Parlamentinin xarici münasibətlər üzrə komissiyasının bu mövqeyi sözügedən qurumun müzakirəsinə çıxarılacaq. Əminəm ki, bir çox Avropa parlamentariləri məsələnin müzakirəsi zamanı Aİ-nin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə fəal şəkildə cəlb edilməsi zərurətinə dair fikri dəstəkləyəcəklər. Bununla yanaşı, hesab edirəm ki, Azərbaycan Qarabağın nizamlanması üzrə öz ədalətli mövqeyinin Fransa tərəfinin diqqətinə çatdırılması istiqamətində işləri davam etdirməlidir. Xüsusən də, Fransa Senatında Azərbaycanı, onun ərazi bütövlüyünü dəstəkləyən xeyli parlamentarinin olduğu bir halda.
– Sizcə, Avropa İttifaqı Qarabağ münaqişəsinin həllində öz rolunu artırmaq üçün nə etməlidir?
– Əgər Avropa İttifaqı Qarabağ münaqişəsinin nizamlanmasında iştirakını fəallaşdırmaq istəyirsə o zaman sözügedən məsələ üzrə öz xüsusi nümayəndəsini təyin etməli və ona geniş mandat ayırmalıdır. Xüsusi nümayəndənin olması Aİ-nin münaqişə üzrə dəqiq mövqeyinin müəyyən edilməsi üçün zəruridir. Hesab edirəm ki, belə bir xüsusi nümayəndənin olması Azərbaycan tərəfi üçün də arzuolunandır.
KAMİL






Bu yazı ( 126 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar