12px14px16px18px

“İnter”in oyununda bir az geriləmə var”

00:03 / 12.04.2012
“İnter” klubunun futbolçusu Asif Məmmədov Qol.Az saytına müsahibə verib.

– Unibank Premyer Liqanın 28-ci turunda səfərdə “Neftçi”nin qonağı olacaqsınız. Bu görüş haqda nə deyə bilərsən?
– Bilirik ki, bizi “Neftçi” ilə çox çətin oyun gözləyir. Bu qarşılaşmanın səfərdə olması da bizim əleyhimizədir. Bu mövsüm “Neftçi” ev oyunlarının əksəriyyətində qalib gəlib. Lakin biz də səfərə yalnız qələbə arxasınca gedəcəyik. Çünki turnir cədvəlində mövqeyimiz yaxşı deyil.
– Bu qarşılaşmanın hər iki komanda üçün prinsipial matç olacağı fikri ilə razısan?
– Prinsipial deyəndə, artıq futbol azarkeşləri də bilir ki, çox maraqlı və gərgin görüş olacaq. Mən deyərdim ki, Azərbaycanın 4-5 ən yaxşı klublarından ikisinin dueli olacaq. Buna görə də bu matçı derbi adlandırmaq olar. Ümumiyyətlə, “Neftçi” – “İnter” arasındakı bütün qarşılaşmalar maraqlı keçib.
– Bu oyunda komandan üçün hansı nəticəyə ümid edirsən?
– İki komandanın da gücünü nəzərə alsaq, şansları əllinin-əlliyə dəyərləndirirəm. Çünki hər iki komanda yüksək yerlər uğrunda mübarizə aparır.
– Komandanız daha öncə ardıcıl qələbələr qazansa da, sonradan bunun ardı gəlmədi. Ümumiyyətlə artıq bir neçə turdur ki, qələbəyə həsrətsiniz. Səncə, bunun səbəbi nədədir?
– İlk “altılıq” sistemi olduğu üçün oyunlar çox ağır keçir. Yoxsa ki, hər şey öz qaydasında gedir. Belə şeylər hərdən olur. İki tur ardıcıl qələbə qazandıqdan sonra bir neçə oyunda məğlub olursan. İnşallah, bundan sonra qələbələrin ardı gələr.
– Komandada bir ruh düşkünlüyü yoxdur ki?
– Xeyr, mən belə deməzdim. Sadəcə olaraq, əvvəlkinə nisbətən “İnter”in oyununda, bir az geriləmə var. Bunu bizə baş məşqçi Kaxaber Sxadadze deyib. Lakin bütün bunlara baxmayaraq, baş məşqçimiz bizə hər zaman dəstək olur. “Qarabağ”la oyunumuz pis alınmadı. İnşallah, “Neftçi” ilə istədiyimiz kimi oyunumuzu ortaya qoya biləcəyik.
Əli HƏYATİ





Bu yazı ( 96 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar