12px14px16px18px

Elnur Aslanov: “Minsk qrupu bir məcburi köçkünü belə öz doğma evinə qaytara bilməyib”

07:25 / 04.04.2012

Müsahibimiz  Azərbaycan Prezidenti Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin rəhbəri Elnur Aslanovdur.   
– Elnur müəllim, bu il ATƏT-in Minsk qrupunun yaranmasının 20 ili tamam olur. Siz həmsədrlərin işini necə qiymətləndirirsiniz və fikrinizcə, sülh prosesinin yubanmasının əsas səbəbləri nədir?
– Bildiyiniz kimi, məhz bu günlərdə- martın 27-dən aprelin 3-dək, 19 il bundan əvvəl erməni tərəfi Dağlıq Qarabağın ərazisinə daxil olmayan Kəlbəcər rayonunun ələ keçirilməsi əməliyyatını həyata keçirməklə, danışıqlar qrupunun münaqişə zonasına beynəlxalq müşahidəçilər missiyasının göndərilməsi qərarını pozdu. Təəssüflər olsun ki, ümumilikdə 90-cı illərin əvvəlində vəziyyət elə idi ki, erməni qoşunlarının Azərbaycan ərazisindən çıxarılması barədə müzakirələr aparıldığı müddətdə Ermənistan Azərbaycan torpaqlarını işğal etməyə davam edirdi. Nəticədə, hələ o vaxt ATƏM (Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi) adlanan, sonra ATƏT (Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı) adlanan təşkilatın bir neçə gün bundan əvvəl 20 illiyini qeyd etdiyimiz  Minsk qrupu yaradıldı. Bu illər ərzində Minsk qrupu regional və qlobal siyasətdə baş verən çətinliklərə və gözlənilməz dəyişikliklərə baxmayaraq, üç həmsədrdən ibarət tərkibdə qarşıya qoyulmuş işin öhdəsindən gəlməyə, tərəfləri barışdırmağa və münaqişənin nizamlanması ilə bağlı təkliflər irəli sürməyə başladı. Təklif edilən variantlar demək olar ki, hər zaman regional gerçəkliklərlə uzlaşdırılmırdı, bəzən dövlətin ərazi bütövlüyü prinsipinə zidd olurdu, məsələn, “ümumi dövlət” prinsipi kimi təkliflərlə çıxış edən qurum Cənubi Qafqazda sülhün və sabitliyin bərqərar olması üçün çalışırdı. Lakin ATƏT-in Minsk qrupunun fəaliyyət göstərdiyi 20 il ərzində həmsədrlər heç olmasa bir məcburi köçkünü belə öz doğma yurd-yuvasına qaytara bilməmiş, yaxud Azərbaycanın işğal edilmiş ərazisinin heç olmasa bir hektarının azad edilməsinə köməklik göstərməmişdir. Sözsüz ki, iki müharibə aparan tərəfi bir-biri ilə barışdırmaq çox çətindir. Əgər tərəflərdən biri işğalçıdırsa, status-kvonu saxlamağa cəhd göstərirsə, əvvəlcədən razılaşdırılmış prinsiplərdən və sazişlərdən boyun qaçırırsa, eləcə də məsələnin sülh yolu ilə həllində heç bir istək nümayiş etdirmirsə, bu barışığa nail olmaq daha da çətinləşir. Ermənistan əlindən gələni edir ki, ATƏT-in Minsk qrupunun fəaliyyəti heç bir nəticə verməsin. Digər tərəfdən isə münaqişənin sülh yolu ilə həllini tapması üçün həmsədr ölkələrin hamısı Ermənistana lazımi təzyiq göstərmirlər. Bəzi qüvvələr yenə də Ermənistanı siyasi və iqtisadi baxımdan dəstəkləyir ki, bu ölkə də Azərbaycana qarşı işğalçılıq siyasəti yürütməyə davam edir. Bu cür davam edə bilməz, çünki Ermənistanın davranışları lap başlanğıcdan qəbul edilmiş bütün beynəlxalq sənədlərə, BMT Nizamnaməsinin bir sıra müddəalarına, beynəlxalq hüququn əsas prinsiplərinə və ATƏT-in Helsinki konfransının yekun aktına tamamilə ziddir.   
– Ermənistan dövlətinin başçısı və xarici siyasət idarəsinin rəhbəri həmsədr ölkələrin prezidentlərinin ünvanına göndərdikləri təbrik məktublarında belə bir fikir irəli sürüblər ki, münaqişənin sülh yolu ilə həllində irəliləyişə nail olunmamasının əsas günahkarı Azərbaycandır. Bu qəbildən olan bəyanatları necə qiymətləndirmək olar və onlar hansı məqsədi daşıyır?
– Azərbaycanın  ərazisi işğal edilmiş bir ölkə kimi, 1 milyona yaxın məcburi köçkün və qaçqını var, ona görə də nizamlanmada irəliləyişin əldə olunmasında günahkar ölkə ola bilməz. Azərbaycanın tarixi və mədəni irsinə, Qarabağ ərazisinə və ona bitişik 7 Azərbaycan rayonuna qarşı amansız divan tutulub. Dağlıq Qarabağın “boz sahə”yə çevrilməsi yolu ilə həmin bölgənin təbii ehtiyatlarının istismarı həyata keçirilir, bunun üçün hər cür qanunsuz fəaliyyət həyata keçirilir, o cümlədən işğal olunmuş ərazilərimizdə silah daşınması və narkotik alveri fəaliyyətləri həyata keçirilir. Ətraf mühitə və işğal olunmuş ərazilərin bioloji müxtəlifliyinə sistemli şəkildə çox ciddi ziyan vurulmaqdadır. İrəvandan idarə olunan əldəqayırma rejim əla başa düşür ki, onlar Qarabağda daimi qala bilməyəcəklər, ona görə də biz daha əvvəlki illərdə erməni tərəfinin həyata keçirdiyi mənfur xarici siyasətin bir hissəsi kimi, ermənilər tərəfindən qoşunların təmas xəttində irimiqyaslı yanğınların törədilməsinin şahidi olmuşuq. Yeri gəlmişkən, məhz ATƏT-in missiyasının fikrincə, həmin yanğınlar ekoloji və iqtisadi zərərlər törədib və insanların sağlamlığı və təhlükəsizliyi üçün ciddi təhlükə yaradıb.    Ermənistan vaxt qazanmaq və status-kvonu saxlamağa çalışır. Bütün Ermənistan rəhbərlərinin çıxışları isə əksər hallarda yalan və saxta olur və bu şəkildə erməni tərəfində həm Dağlıq Qarabağla yanaşı Azərbaycanın digər əraziləri, həm də Gürcüstan və Türkiyəyə qarşı çoxsaylı ərazi iddialarının olduğunu təsdiq edir.  
– Məlum olduğu kimi, Rusiyanın xarici işlər naziri S.Lavrov Bakıya səfər edəcək. Eyni zamanda Vladimir Putin Rusiyanın yeni prezidenti seçildi. V.Putinin hakimiyyətə gəlişi ilə əlaqədar olaraq Lavrovun səfərindən Dağlıq Qarabağ prosesində yeni təkan gözləmək olar?
– Hazırki məsələdə biz Rusiyanın Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması ilə bağlı səylərini artıracağını gözləyirik. Son illər Rusiya tərəfinin, xüsusilə də prezident Dmitri Medvedyevin təşəbbüsü ilə Azərbaycan və Ermənistan prezidentləri arasında bir sıra görüşlər baş tutdu, Mayendorf bəyannaməsi qəbul olundu. Səmimi qəlbdən ümid edirik ki, Vladimir Putinin prezidentliyi dövrü Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olması və işğal olunmuş torpaqların qaytarılması ilə əlamətdar olacaq.
– Hazırda İranın nüvə proqramı problemi gərgin olaraq qalır. Mətbuatda gurultulu başlıqlar yer alır. Hardasa bu günlərdə nüfuzlu “Foreign Policy” jurnalı Azərbaycanın İrana qarşı hərbi əməliyyatların keçirilməsi üçün İsrailə öz bazalarından istifadə imkanı verəcəyinə dair informasiya yayıb. Bu informasiya Müdafiə Nazirliyi və Azərbaycan Prezident Administrasiyasının timsalında rəsmi Bakı tərəfindən yerindəcə təkzib olundu. Sizcə, belə informasiyaların yayılmasında hansı məqsədlər güdülür? Xarici amillər dəyişərsə vəziyyətin belə inkişafı mümkündürmü?
– Sözügedən materialların müəllifləri bu şəkildə Azərbaycanı geosiyasi oyuna daxil etmək istəyirlər. Yaxın Şərq regionunda əhəmiyyətli və nəzərə çarpan transformasiya prosesi gedir ki, bu da sözsüz ki, sərhədyanı regionlara da təsir göstərir. Bu, geosiyasi baxımdan yeni dünya nizamının formalaşması və güc mərkəzlərinin daimi rəqabətidir. Daha təmkinli mövqedən desək, bu, çoxqütblü dünya nizamının və müvafiq olaraq monosentrizmin güclənməsinin qarşısını almaq cəhdləridir. Müstəqilliyinin bütün dövrləri ərzində öz xarici siyasətində etibarlı və stabil tərəfdaş mövqeyi tutan Azərbaycanı bir dövlətlə strateji tərəfdaşlıq xəttləri, başqası ilə bərabərhüquqlu əməkdaşlıq, üçüncü dövlətlə isə eyniməsafəlilik telləri bağlayır. Hazırki vəziyyətdə bizim geostrateji vəziyyət də mühüm rol oynayır. Bu məqalələrin bir çox müəlliflərini Azərbaycanın simasında regionun bir hissəsinin mühüm nəqliyyat yolu və geoiqtisadi mövqedən olduqca mühüm əhəmiyyəti cəlb edir. Lakin təkrar edirəm, ölkənin tamamilə milli maraqlarına cavab verən müstəqil xarici siyasət və bu gün geosiyasi transformasiya şəraitində Prezident İlham Əliyev tərəfindən reallaşdırılan prinsiplər ayrıca tərəfləri qane etməyə bilər. Azərbaycanın regional enerjiresursları tədarükçüsü kimi rolunun artması fonunda belə bir şey tamamilə mümkündür. İstisna edilmir ki, belə məqalələr, müəllifin istədiyi həqiqətləri çatdırmaq istəyi ilə yanaşı, bəzi qüvvələrin Azərbaycanı müxtəlif müzakirələrə cəlb etmək cəhdi də ola bilər.  Biz tez-tez məqsədi Azərbaycanın milli maraqlarına xələl gətirmək cəhdlərindən ibarət olan müxtəlif müzakirələrin şahidi olmşuq ki, bunun da arxasında erməniyönlü lobbiçilər və müəlliflər durur. Dəfələrlə məlum olub ki, bu və ya digər məqalələrin axırı erməni həmkarları ilə sıx əməkdaşlıq edən və bu şəkildə Azərbaycanı üçüncü ölkəyə qarşı qoymağa çalışan müəlliflərə gedib çıxıb. Hazırki məqalənin müəllifi haqqında konkret heç nə deyə bilmərəm, lakin bizim mövqeyimiz tamamilə açıq və başa düşüləndir. Biz dəfələrlə bəyan etmişik ki, Azərbaycan üçüncü ölkənin onun ərazisindən İrana qarşı istifadə etməsinə imkan vermək fikrində deyil. Bundan əlavə, tarixi əlaqələrə malik olduğumuz İranla xoşqonşuluq münasibətlərinin səviyyəsini qoruyub saxlamaq istəyirik. Əlbəttə ki, hər yerdə olduğu kimi ikitərəfli münasibətlərdə problemlər ola bilər. Məsələn,  İranın Ermənistanı fəal şəkildə dəstəkləməsi, sözsüz ki, Azərbaycan ictimaiyyətində, intellektual elitasında bir çox suallar yaradır. Və biz ümid edirik ki, Ermənistan ilə sıx iqtisadi qarşılıqlı münasibətlərdə olan İran gələcəkdə regional dövlət kimi lazımi və adekvat addımlar atacaq ki, bu da Ermənistanın işğal olunmuş Azərbaycan torpaqlarını azad etməsinə yardım göstərəcək.
KAMİL

 



Bu yazı ( 94 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar