12px14px16px18px

“ABŞ-Azərbaycan əlaqələri ötən 20 ildə böyük bir məsafə qət edib”

ADAM STERLİNQ: “ MİNSK QRUPU DAĞLIQ QARABAĞ MÜNAQİŞƏNİN SÜLH YOLU VƏ UZUN MÜDDƏTLİ NİZAMLANMASI ÜÇÜN YEGANƏ VASİTƏDIR”

01:59 / 14.03.2012
 
Müsahibimiz ABŞ səfirliyinin müvəqqəti işlər vəkili Adam Sterlinqdir
 
–Cənab Sterlinq, fevralın 28-də ABŞ-la Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 20-ci ildönümü tamam oldu. Siz ötən 20 ili iki ölkənin münasibətləri baxımından necə xarakterizə edərdiniz?
 
–ABŞ Azərbaycan əlaqələri ötən 20 ildə böyük bir məsafə qət edib. Eyni sözləri Azərbaycan haqqında da demək olar. Yəni Azərbaycan özü də böyük bir məsafə qət edib. Bu iki fakt bir- biri ilə ayrılmaz faktlardır. 20 il öncə Azərbaycan öz müstəqilliyini bərpa etdi. Bu hadisə çox mürəkkəb bir şəraitdə baş vermişdi. Ötən əsrlərdə Azərbaycan xarici qüvvələrin təsiri altında olub, eyni zamanda da həmin dövrdə silahlı münaqişəyə cəlb olunub. Bu zaman ABŞ və Azərbaycan eyni ortaq məxrəcləri bölüşdülər. Yəni söhbət Azərbaycanın güclü, suverin və müstəqil bir dövlət olması istiqamətində inkişaf etməsindən gedir. 20 il sonra hamıya məlumdur ki, Azərbaycan bu istiqamətdə çox böyük, nəhəng irəliləyiş, tərəqqi əldə edib. Biz amerikalılar inanırıq və ümid edirik ki, bu işə verdiyimiz töhfələr Azərbaycanın bu inkişafı əldə etməsinə kömək edib. Bütün bunların nəticəsində ABŞ və Azərbaycan çox gözəl və əla tərəfdaşdırlar. 
 
 –ABŞ-ın Azərbaycanla əməkdaşlığında əsasən 3 sahə- enerji, təhlükəsizlik, daxili islahatlar prioritet təşkil edir. Bu sahələrin hansında əməkdaşlığın gedişi sizi daha çox razı salır və daha böyük nailiyyətlər əldə olunub?
 
–Siz çox doğru olaraq 3 əsas prioritet sahəni qeyd etdiniz. ABŞ üçün bu 3 prioritet sahə bərabər dərəcədə əhəmiyyətlidir və qarşılıqlı şəkildə əlaqəlidirlər. Başqa sözlə, bunların biri olmadan digərində irəliləyiş əldə etmək mümkün deyil. Naliyyətlərə nəzər salsaq, enerji sahəsində ABŞ Azərbaycan əməkdaşlığı nəticəsində Birləşmiş Ştatlarının Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin istismara verilməsində çox önəmli töhfələri olub. Hazırda bizim hökumətimiz Azərbaycanın əhəmiyyətli həcmdə olan təbii qazının dünya bazarlarına çıxarılması üçün əlindən gələni edir.
Təhlükəsizlik sahəsinə gəldikdə isə yanvar ayında Vaşinqtonda hər iki ölkə müdafiə məsələləri üzrə ikitərəfli məsələhətləşmələr aparıblar və bu sahədə də əməkdaşlığımız güclüdür. Bu sahədə nisbətən yeni bir bölmə olaraq mühüm enerji infrastrukturunun mühafizəsi nəzərdən keçirilib. Bundan başqa, gələcəkdə əməkdaşlıq aparılacaq sahələr kimi hərbi sahədə təhsil və Azərbaycan hərbçilərinin peşəkarlıq səviyyəsinin artırılması, Azərbaycan Silahlı Qüvvələrinin NATO standartlarına uyğunlaşdırılması məsələləri də müzakirə edilib.
Daxili islahatlar sahəsində də nailiyyətlər əldə olunub. Hər iki ölkənin bu sahədəki əməkdaşlığa verdiyi önəmi nəzərə alsaq əminliklə demək olar ki, bu sahədə də gələcəkdə daha böyük inkişafa nail olmaq mümkündür.
 
– Qeyd etdiyiniz sahələrdən başqa ABŞ Azərbaycanla başqa hansı sahələrdə əməkdaşlıqda maraqlıdır?
 
–Bu üç sahə özü –özlüyündə çox geniş, çoxtərəgli geniş miqyaslı sahələrdir. Yəni bunların birini götürsək, məsələn, təhlükəsizlik sahəsini, bura terrorizmlə mübarizə, narkotik qaçaqmalçılığı, beynəlxalq cinayətkarlıqla mübarizə və s. daxildir. Bu istiqamətlərin hər biri üzrə xüsusi proqramlar genişləndirilə bilər. Amma ümumilikdə götürəndə bu üç sahə ölkələrimiz arasında əməkdaşlığın mahiyyətini, məğzini təsvir edir.
 
–Azərbaycan bölgədə ABŞ-ın vacib tərəfdaşlarındandır. Bu gün regionda və dünyada gərgin prosesləri baş verməkdədir. Belə bir dönəmdə, eyni zamanda ABŞ-ın Minsk qrupunun həmsədrlərindən biri olmasını nəzərə alaraq Birləşmiş Ştatların Azərbaycanda səfirinin olmaması nə kimi problemlər və çətinliklər yaradır?
 
–Biz yaxşı başa düşürük ki, Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra ötən 20 il ərzində üzləşdiyi əsas problem Dağlıq Qarabaö münaqişəsi və ərazilərinin işğal olunmasıdır. 
Məsələnin ciddiliyini və eyni zamanda status-kvonun qəbuledilməzliyini anlayaraq Birləşmiş Ştatlar 90-cı illərdə Minsk qrupunun həmsədri kimi missiyanı öz üzərinə götürərək bu ciddi məsələnin həll olunmasına çalışmağa başlayıb. Yəni ABŞ tərəfi bu çox ciddi problemin həllində Azərbaycan tərəfinə kömək etməyə qərar verib.
Mənim hökumətim Azərbaycana səfir göndərməsinin əhəmiyyətini çox gözəl anlayır. Xüsusi ilə də nəzərə alsaq ki, səfir Metyu Brayzanın burada olduğu qısa müddət ərzində o, ölkələr arasında əlaqələrin güclənməsində öz diqqətəlayiq töhfəsini verib.
Bununla bərabər onu da qeyd etməliyəm ki, səfirliyimiz ABŞ Azərbaycan tərəfdaşlığının gücləndirilməsi üçün çox fəal şəkildə öz işini davam etdirir. Çünki ölkələr arasındakı ortaq marağlarımız kifayət qədər önəmlidir, ona görə səfirin bura gəlməsini gözləmədən biz bu fəaliyyəıtimizi mütləq davam etdirməliyik. Mənim bu gün sizinlə bu söhbəti aparmağım da bizim bu münasibətlərə verdiyimiz əhəmiyyətin və bu münasibətlərin davam etdirməyimizin göstəricilərindən biridir.
 
–Ötən dəfə səfir postunun xeyli boş qalması iki ölkə arasında ciddi gərginlik yaratdı. İndi belə ehtimallar var ki, ABŞ bu il Azərbaycana səfir təyin etməyəcək. Bu da daha çox ölkədə keçiriləcək prezident seçkiləri ilə əlaqələndirilir...
 
–Dövlət Departamenti və Ağ Evdən olan həmkarlarımız bu məsələ üzərində çox səylə çalışırlar. Mümkün qədər qısa müddətdə səfirin burada olması ilə bağlı çox qətiyyətlidirlər. Amma mən səfirin dəqiq burada nə vaxt olacağını deyə bilmərəm. Çünki bu məsələnin öz həllini tapması üçün yalnız Ağ Evlə kifayətlənmək olmaz burada, Senatın da böyük rolu var.
 
–Bu il ATƏT-in Minsk qrupunun yaradılmasının 20 ili tamam olur. Azərbaycanda rəsmi və qeyri-rəsmi səviyyədə Minsk qrupunun fəaliyyətindən narazılıq var. Sizcə, Minsk qrupunun fəaliyyətinin davam etdirməsi bundan sonra münaqişənin həllində hər hansı irəliləyişə səbəb olacağmı?
 
–Biz Azərbaycanı bu məsələnin necə məyus etməsini anlayırıq, amma bununla belə hesab edirik ki Minsk qrupu bu problemi həll etməkl üçün yeganə yol və yeganə vasitədir. Minsk qrupu münaqişənin sülh yolu və uzun müddətli nizamlanmasına nail olmaq üçün yeganə vasitədir. Yalnız Minsk qrupu vasitəsiylə danışıqlar və sülh yolu ilə Dağlıq Qarabağ münaqişəsinin uzunmüddətli həllinə nail olmaq mümkündür və bu həll Helsinki yekun Aktının üç prinsipinə əsaslanmalıdır. Bu prinsiplər güc tətbiq etməmək, ərazi bütövlüyü, ölkələrin bərabərhüququ öz müqəddaratını təyini hüququdur.
 
–Əgər Azərbaycan Dağlıq Qarabağ məsələsini BMT Təhlükəsizlik Şurasının gündəliyinə gətirsə, ABŞ-ın mövqeyi necə olacaq?
 
–Biz hesab edirik ki, Minsk qrupu münaqişənin həllini tapmasında müvafiq formadır və bu vaxta kimi bu istiqamətdə müvafiq işlər görülüb.
 
–Cənab Sterlinq, Azərbaycan rəsmi səviyyədə bəyan edib ki, İrana qarşı öz ərazisindən istifadəyə izacə verməyəcək, beynəlxalq sanksiyalara qoşulmayacaq. ABŞ Azərbaycandan İrana dair konkret hansı mövqeyi gözləyir və bu mövqe sizi qane edirmi?
 
–İran nüvə problemi bütün ölkələrin paylaşdığı qlobalı bir problemdir. Prezident Obamanın bu həftə çıxışında qeyd etdiyi kimi İrana qarşı daha güclü sanksiyaların tətbiq olunmasının vaxtı demək olar gəlib çatıb. Eyni zamanda İrana qarşı beynəlxalq səylərin birləşdirilməsi zamanı da çatıb. Prezident onu da vufrğulayıb ki danışıqlar üçün qapılar İranın üzünə açıqdır. Yəni danışıqlar deyəndə p5+1, Təhlükəsizlik Şurası üstəgəl Almaniya və İran arasında aparılan danışıqlardan söhbət gedir. Iranın indi belə bir imkanı var ki, dünya ictimaiyyətini öz nüvə fəaliyyətinin yalnız sülh məqsədi üçün olmasına inandırsın. Əlbəttə İranın yaratdığı təhdid öz qonşuları, xüsusu ilə də Azərbaycan üçün ciddidir və biz bunu anlayırıq. Biz həmçinin onu da anlayırıq ki, İranın qonşusu olan bir dövlət kimi Azərbaycan xüsusi bir vəziyyətdədir. Azərbaycan beynəlxalq sanksiyalarda öz üzərinə düşən öhdəlikləri yerinə yetirir. Çünki İranın törətdiyi, doğurduğu təhdid bütün beynəlxalq ictimaiyyətə qarşı yönəldilib. Azərbaycan indi BMT-nin Təhlükəsizlik Şurasında qeyri daimi üzv olaraq bu məsələdə liderlik rolunu öz üzərinə götürüb. Indi hökümətimiz istər Azərbaycan tərəfi ilə Təhlükəsizlik Şurası çərçivəsində, istərsə də ikitərəfli münasibətlərdə bu məsələ ilə əlaqədar Azərbaycanla sıx məsləhətləşmələr aparır.
 
–Azərbaycan İranla bağlı beynəlxalq sanksiyaları dəstəkləməsə hansısa təzyiqlərlə üzləşə bilərmi?
 
–Bir daha qeyd etmək istəyirəm ki, iki hökümət arasında bu məsələ ilə bağlı çox sıx məsləhətləşmələr gedir ABŞ Azərbaycanın İranın qonşusu olaraq özünəməxsus spesifik bir şəraitdə olmasını anlayır. Burda söhbət təzyiqdən getmir. Biz tərəfdaşlar olaraq məsləhətləşmələr aparırıq.
 
–Bu yaxınlarda Azərbaycan, İran və Türkiyə XİN rəhbərləri Naxçıvanda görüşərək regional, beynəlxalq məsələləri, o cümlədən nüvə problemi barədə müzakirələr aparıblar. Sizcə qonşu dövlətlərin bu formatda məsləhətləşmələri İran ətrafında yaranmış problemin həllinə hər hansı təsir edə bilərmi?
 
–Biz anlayırıq ki, Azərbaycanın İranla diplomatik münasibətləri var və bu normaldır. Çünki iki ölkə qonşu ölkələrdir. Mən mətbuat istisna olmaqla bu üçtərəfli görüşün detalları barədə məlumat əldə etməmişəm, ona görə onun məğzi, mahiyyəti barədə şərh verə bilmərəm.
 
–Son olaraq, bu il ABŞ Azərbaycan münasibətlərində nələr gözlənilir?
 
–Müsahibənin əvvəlində qeyd etdiyim kimi biz 20 il ərzində çox böyük nailiyyətlər əldə etmişik. Bu il üçün məqsədimiz, planlarımız budur ki, eyni yolda davam edərək çoxsaylı nailiyyətlər qazanaq və ikitərəfli münasibətləri daha da sıxlaşdıraq, gücləndirək.
 
PƏRVANƏ
 
 



Bu yazı ( 153 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar