12px14px16px18px

Bəxtiyar Sadıqov: “Artıq Rusiya da əvvəlki Rusiya deyil”

00:36 / 10.03.2012
 
Müsahibimiz Milli Məclisin (MM) üzvü, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqovdur
 
– Bəxtiyar müəllim, Vladimir Putinin yenidən Rusiya prezidenti seçilməsini necə qiymətləndirirsiniz? Putinin yenidən prezidentliyə qayıtması Rusiya-Azərbaycan münasibətlərinin gələcək inkişafına necə təsir göstərə bilər? Ümumiyyətlə, bu ölkədə yenidən sovet-imperiya ambisiyaları baş qaldıra bilərmi?
 
Əvvəla, Rusiya böyük, bizə qonşu dövlətdir və Putin artıq yenidən hakimiyyətə qayıdır. Bir məqamı xatırlatmaq istəyirəm ki, Putin Boris Yeltsindən sonra Rusiyada hakimiyyətə gəldi, prezident seçildi və yadınızdadırsa, Yeltsinin dövründə də Rusiya-Azərbaycan münasibətləri çox gərgin oldu. Hətta bir müddət Rusiya tərəfindən Azərbaycan blokada da saxlanıldı. Amma Putinin hakimiyyətə gəlişindən sonra bu iki ölkə arasında münasibətlər xeyli istiləşdi, dəyişdi və bu şəxs prezident seçiləndən sonra həmişə ilk növbədə səfər etdiyi ölkələrdən biri Azərbaycan oldu.
Putin, yuxarıda qeyd etdiyim kimi, artıq yenidən Rusiya prezidenti seçildi. Bu, Rusiya xalqının seçimidir, biz heç bir dövlətin daxili işinə, seçiminə qarışmamışıq, qarışmırıq, həmişə xalqların seçiminə hörmətlə yanaşmışıq və qeyd edim, əvvəlcədən də bilinirdi ki, seçkilərin lideri Putindir, o qalib gələcək. O qalib gəlidi, yenidən prezident seçildi, dövlət başçımız da bu münasibətlə onu təbrik etdi.
Amma mən bu seçkilərdən sonra Rusiya-Azərbaycan münasibətlərində elə bir kordinal dəyişikliklər gözləmirəm. Bununla belə, müəyyən dəyişikliklər də güman, ehtimal olunur. Belə demək mümkünsə, Rusiya-Azərbaycan münasibətləri kifayət qədər inkişaf edib və Putinin əvvəlki prezidentliyi dövründə də – indi yeni dövr başlayır – bu münasibətlərdə heç zaman ciddi gərginlik görməmişik, əksinə haradasa müəyyən inkişaf müşahidə etmişik.
Dünya da dəyişib, inkişaf edir. Xüsusən Azərbaycanın özünün iqtisadi cəhətdən inkişafı, ölkəmizin dünya birliyində özünə layiqli yer tutub həmin yeri möhkəmləndirməsi, BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, Qafqazın lider dövlətinə çevrilməsi, bütün bunlar hamısı dövlətlərarası münasibətlərə təsir edir və biz bu münasibətləri də görürük. Azərbaycan da 10 il bundan qabaqkı Azərbaycan deyil, onun digər dövlətlərlə münasibətləri də.
Avropanın ən inkişaf etmiş ölkələrinin dövlət başçıları mütəmadi şəkildə Azərbaycana səfərlər edirlər, bunlar da ilk növbədə bizim korbohidrogen ehtiyatlarımız, xüsusilə təbii qaz sərvətimizlə bağlıdır. Azərbaycan rəhbərliyi xarici ölkələrin dövlət başçılarını qəbul edəndə də, onlarla iqtisadi münasibətlər qurulanda da, heç şübhəsiz, öz milli, dövləti maraqlarını meydana qoyur və onları təmin etməyi bacarır.
Yəni, mən birinci dəyişikliyi Azərbaycanın öz inkişafında görürəm. İkinci məsələ odur ki, artıq Rusiya da o Rusiya deyil. Rusiyada da artıq, mən belə hesab edirəm ki, bu seçkilərdən, Putinin yenidən hakimiyyətə qayıtmasından sonra demokratikləşmə prosesləri sürətlənməlidir, bu, zamanın tələbidir və buna uyğun olaraq da Rusiya-Azərbaycan münasibətlərində bir sıra irəliləmələrə ümid bəsləyirəm...
 
Putinin qayıdışı 24 ildən artıq davam edən Ermənistan-Azərbaycan münaqişəsinin dinc danışıqlar yolu ilə müsbət və ədalətlu çözümünə də təsir göstərə bilərmi, göstərəcəkmi?
 
Ermənistan-Azərbaycan münaqişəsinin həllində Rusiya həlledici dövlətdir. Son zamanlar ATƏT-in Minsk qrupunda da məlum danışıqlar prosesi əsasən Rusiyanın patronajlığı ilə keçirilir. Hələ ki, ötən 20 ildə ATƏT-in Minsk qrupu sözügedən münaqişənin həlli istiqamətində heç bir iş görməyib. Bu məqam müəyyən mənada ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi, Rusiyanın özünün də nüfuzuna xələl gətirir. Düzdür, son illər danışıqlar prosesi daha çox Rusiyanın patronajlığı ilə reallaşdırılıb, bu, digər həmsədr ölkələrlə də razılaşdırılmış bir işdir, Rusiya prezidenti Dmitri Medvedyevin təşəbbüsü ilə Azərbaycan və Ermənistan prezidentləri dəfələrlə bir araya gəlib, vaxtilə Putin özü də bir sıra görüşlər təşkil edib, amma əgər yenidən Putin Rusiya hakimiyyətinə qayıdırsa və Rusiya bir dövlət olaraq öz nüfuzunun qayğısına qalırsa, təbii ki, bu zaman Ermənistan-Azərbaycan münaqişəsinin çözümündə də müəyyən irəliləyişlər olmalıdır. 
Bu baxımdan, Rusiya-Azərbaycan münasibətlərinə yenidən qayıdaraq qeyd etmək istəyirən ki, bu istiqamətdə elə bir radikal dəyişiklik gözləmirəm, amma dövrlə, zamanla bağlı müəyyən dəyişikliklər həm gözləyirəm, həm ümid edirəm, həm də görək zaman özü nə göstərəcək. Necə deyərlər, yaşayarıq, görərik.
Kamil HƏMZƏOĞLU
 
 



Bu yazı ( 264 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar