12px14px16px18px

“Qafqazda sülhə nail olunmasının əsas yolu Ermənistanın işğal altındakı torpaqlardan çıxmasıdır”

CƏMİL ÇİÇƏK: “TÜRKİYƏ BAŞ NAZİRİMİZİN AZƏRBAYCAN MİLLİ MƏCLİSİNDƏ DEDİYİ SÖZLƏRİN VƏ O SİYASƏTİN ARXASINDADIR”

00:52 / 01.03.2012
Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Cəmil Çiçəkin APA-ya müsahibəsi

– Xocalı soyqırımının 20-ci ilində Türkiyə Böyük Millət Məclisində açılan sərgiyə görə sizə təşəkkür edirik. Türkiyə ilə Fransa arasında yaşanan siyasi böhranda Fransanın ATƏT-in Minsk Qrupundan uzaqlaşdırılması üçün Türkiyənin təklifi olmuşdu. Məclis sədri kimi sizin bu məsələyə münasibətiniz necədir?
– Baş verənləri soyuqqanlı şəkildə dəyərləndirməliyik. Azərbaycanlı qardaşlarımız əmin olsunlar ki, sizin acınız bizim acımızdır. Sizi sevindirən hər şey bizi sevindirər, sizi üzən hər şey bizi də üzər. Sizlərin də eyni duyğular içində olduğuna inanıram. Sərgidə çıxışımda da dedim, Qafqazda sülh və sabitlik olacaqsa, Ermənistanla Azərbaycan arasındakı Qarabağ probleminin ədalətli şəkildə həll edilməsi lazımdır. Bunun da yeganə yolu Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından çıxmasından keçir. Bu prosesə dəstək verən hər kəsi biz təqdirlə qarşılayırıq. Buna qarşı çıxanlar olarsa, biz bunu haqsızlıq və hüquqsuzluq kimi dəyərləndirərik. Biz məsələyə bu şəkildə baxırıq. Əslində Minsk Qrupu da müəyyən müddətdən bəri Türkiyənin ciddi cəhdləri sayəsində yenidən nəsə etmək üçün təşəbbüs göstərir. Hər kəs bu qrupun hansı məqsədlə yaradıldığını nəzərə alaraq siyasət müəyyənləşdirməlidir.
– Xocalı soyqırımı “soyuq müharibə”dən sonra həyata keçirilmiş ilk soyqırımdır. Bu hadisədən 3,5 il sonra serblər Srebrenitsada müsəlman boşnaklara qarşı soyqırım həyata keçirdilər. Srebrenitsa soyqırımı 15 ildən sonra siyasi və hüquqi qiymətini aldı. Azərbaycan da Xocalı soyqırımının 20-ci ilində o soyqırımı törədənlərin beynəlxalq ədalət məhkəməsinə çıxarılması üçün ciddi cəhd göstərir. Beynəlxalq hüquq sahəsində təcrübəli mütəxəssis kimi bu barədə nə demək istərdiniz?
– Bunlar hökumətlərin qərar verəcəyi məsələlərdir. İnanıram ki, Azərbaycanı idarə edən dostlarımız bu faciəni törədənləri cəzalandırmaq üçün lazımi addımları sərrast şəkildə atacaq və Türkiyə də əlindən gəldiyi qədər bu cəhdlərə dəstək verəcək. Bu işlərdə ilk addımı atması lazım olan, bununla bağlı izlənəcək yolu müəyyənləşdirəcək olanlar – hər şeydən əvvəl ölkəni idarə edənlərdir. Ümid edirəm ki, təfərrüatlı şəkildə bir yol xəritəsi hazırlanıb və o yol xəritəsinə uyğun addımlar atılacaq.
– Ermənistan Azərbaycan torpaqlarının Dağlıq Qarabağdan kənarda qalan qismini işğal etməyə başlayınca Türkiyə 1993-cü il aprelin 4-də Ermənistanla sərhədini bağladı. Baş nazir Tayyib Ərdoğan 2009-cu il mayın 14-də Azərbaycan Milli Məclisindəki çıxışında sərhədin qapadılmasının “səbəb-nəticə” əlaqəsinə bağlı olduğunu vurğulayaraq Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından çıxmadığı müddətcə sərhədin açılmayacağını bəyan etdi. TBMM-nin keçən dönəmində Sürix protokolları gündəmdən düşmüşdü, ancaq bu günlərdə protokolların yenidən gündəmə gələ biləcəyinə dair iddialar səsləndirilir. Bu barədə nə demək istərdiniz?
– Hörmətli baş nazirimiz Azərbaycan Məclisində nə dedisə, Türkiyə o sözlərin və o siyasətin arxasındadır. Türkiyə ilə Azərbaycanın arasını açmaq istəyən fitnə-fəsad ocaqları olmuşdur. Bu tələlərə düşməməliyik. Biz ətlə dırnaq kimiyik. Hörmətli baş nazir Türkiyə Cümhuriyyətinin baş naziri kimi Azərbaycan parlamentində çıxış edib və dediyim kimi, Türkiyə o çıxışın arxasındadır.
– Bazar günü İstanbulun Taksim meydanında Xocalı mitinqi oldu...
– Təəssüf ki, mən burada yox idim.
– O mitinqdə hörmətli daxili işlər nazirinin çox gözəl bir çıxışı oldu, ancaq bəzi dairələr o çıxışı tənqid edirlər. Bunu necə dəyərləndirirsiniz?
– Türkiyədə demokratiya var, hər bir çıxışı qəbul edən də olur, o çıxışa etiraz edən də. Ancaq ictimaiyyət bunu öz vicdanının tərəzisinə qoyub çəkir və dəyərləndirir. Bizim millətimizin duyğuları çox sağlamdır, ona güvənmək lazımdır. Kimin nə yazdığından, nə dediyindən çox, millətin nə dediyi önəmlidir.






Bu yazı ( 219 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar