12px14px16px18px

Kamilə Əliyeva: “Elmi-tədqiqat institutlarında bəzi ali məktəblərin kafedralarının filialları açılmalıdır”

MÜSAHİBİMİZ MİLLƏT VƏKİLİ, BDU-NUN PROFESSORU KAMİLƏ ƏLİYEVADIR

00:48 / 01.03.2012
– Kamilə xanım, yaz sessiyası öz işinə başlasa da, hələ də “ Elm siyasəti haqqında” və “ Ali təhsil haqqında ” qanun layihələri başa çatdırılıb parlamentin plenar iclaslarının müzakirələrinə çıxarılmayıb. Parlamentin Elm və təhsil komitəsinin üzvü kimi sizcə, bu ləngimə nə ilə bağlıdır? Eyni zamanda, bir elm adamı, təhsil işçisi kimi bu sənədlərlə bağlı konkret təklifləriniz varmı?
–Hələ bir xeyli müddət əvvəl komitəmizin iclasında bu haqda öz fikrimi bildirmişdim, konkret təkliflərimi vermişdim, yəni, elmi-tədqiqat işləri ilə əlaqədar olaraq təkliflərimi dilə gətirmişdim. Mənim özümün çalışdığım Bakı Dövlət Universitetinin bilologiya fakültəsində elə fənnlərimiz var ki, onların elmi-tədqiqat işlərini universitet çərçivəsində aparmaq qeyri-mümkündür. Məsələn, insan genetikası, tibbi genetika , yaxud başqa sahələr üzrə təcrübi işləri aparmaq üçün universitet səviyyəsində elə bir laboratoriyamız yoxdur və burada həmin işləri aparmaq bir az çətindir. Ona görə təklif vermişdim ki, elmi-tədqiqat institutlarının nəzdində belə kafedraların filialları yaradılsın. Yəni, bu, nə deməkdir? Məni o vaxtı bəziləri düzgün başa düşmədilər. Elə bildilər mən deyirəm, Milli Elmlər Akademiyası bağlansın, bəziləri elə bildilər ki, universitetlərin filialı yaradılsın. Söhbət universitet filialının yaradılmasından getmir. Söhbət konkret ondan gedir ki, məsələn, Tibb Universitetinin bazası var – tibb müəssisələri. Eləcə də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının, Azərbaycan Dövlət Neft Akademiyasının, Azərbaycan Dövlət Pedaqoji Universitetinin bazası var və sair. Hamının bazası var və tələbələr öz təcrübi işlərini aparmaq üçün həmin bazalardan istifadə edirlər. Bakı Dövlət Universitetinin isə yuxarıda dediyim kimi, elə fakültələri var ki, onların təcrübi işləri aparmaq üçün bazası yoxdur. Bu baxımdan, o zaman mən məhz belə təklif irəli sürmüşdüm ki, bu elm haqqında, ali təhsil haqqında qanunlar qəbul olunanda elmi-tədqiqat institutlarının nəzdində həmin bizim universitetin müvafiq kafedralarının filialı olsun...
– Sizcə, bu nəyəsə xeyir edəcəkmi?
–Təbii ki. Həm biz həmin elmi-tədqiqat institutunda olan elmi işçiləri bu prosesə cəlb edəcəyik, həm də öz tələbələrimiz gedib orada müvafiq təcrübələr aparacaqlar. Xarici ölkələrin universitetləri ilə müqavilələr bağlayırıq, əlaqələr yaradırıq, amma burada yenə deyirəm ehtiyacı olan ixtisaslardan söhbət gedir. Mən demirəm ki, bütün fənlər üzrə. Burada ehtiyacı olan fənlərdən söhbət gedir ki, o fənlərdən biri də, mənim tədris etdiyim tibbi genetika, insan genetikasıdır. Özü də bilirsiniz ki, bu sahə son vaxtlar çox perspektivli sayılır. Ona görə bizim tələbələrin təcrübə toplaması üçün baza lazımdır.
Bildiyiniz kimi, biz Təhsil Nazirliyinə tabeyik, Tibb Universiteti isə Səhiyyə Nazirliyinə. Odur ki, bizdə insanla əlaqədar işlər olanda tibbi müəssisələr bizim tələbələrimizi yaxın buraxmır. Deyirlər, siz, ayrı nazirliyə tabesiniz, biz sizi ora buraxa bilmərik. Bəs, yaxşı bizim ixtisasçı genetiklərimiz öz təcrübi işlərini harada aparsınlar, harada öyrənsinlər? Sabah xarici arenalara çıxmalıyıq, tələbələrimiz Avropaya inteqrasiya edirlər və etməlidirlər. Bu inteqrasiya ilə ayaqlaşmaq , xaricə çıxmaq üçün də bizim tələbələrə tək elmi nəzəriyyə axı bir şey vermir?! Nəzəriyyəni bilməklə yox, onu praktikaya tətbiq etməklə müəyyən nəticələr almalıyıq. Bax, bu yönümdən, yəni, bu mənə daha yaxın olduğuna görə belə bir təklif irəli sürmüşdüm. İndi mən o təklifimi yenə vaxtı , zamanı gələndə həm komitənin iclasında, həm də ola bilsin plenar iclasda deyəcəm. Təkliflərim çoxdur, onlardan ən əsası bununla əlaqədar idi ki, onu da bildirdim.
– “ Elm siyasəti haqqında ” qanun layihəsi komitənizdə müzakirə olunarkən müxtəlif təkliflər oldu ki, bu, əslində, “Elm və universitetlər haqqında” qanun kimi adlandırılsın. Bu haqda nə deyərdiniz?
– Mənə elə gəlir burada əsas odur ki, qanunun adının dəyişdirilməsi ilə onun məğzi, mahiyyəti uyğun gəlsin. Qanunun adının dəyişdirilməsi , onun bu və ya digər formada başqa adla əvəzlənməsi bir o qədər də önəmli deyil. Əsas məzmun önəmlidir ki, biz nə gözləyirik, hansı qanunu qəbul edirik, bu qanunun nəticəsi necə olacaq, biz bunu necə tətbiq edəcəyik və bu tətbiqin nəticəsi necə olacaq. Yəni, qanunun adına universitetlər sözünün əlavə olunması və ya olunmaması mənə elə gəlir ki, o dərəcədə əhəmiyyətli deyil.
– Ümumiyyətlə, həm ali təhsil, həm bu elm haqqında qanunun qəbulu təhsilə nələri verə bilər?
– Çox şey verə bilər. Hər sahədə olduğu kimi, Azərbaycanda təhsil sistemində də Avropaya inteqrasiya yolunu, öz mentalitetimizi saxlamaq şərti ilə, tutmuşuq, bu, çox gözəldir. Məsələn, elə Boloniya sisteminə keçməyimizlə əlaqədar müsbət nəticələr artıq ortadadır. Bunun nəyi pisdir ki, diplomlarımızı artıq dünyada tanıyırlar. Ancaq son illərə kimi bizim diplomlar tanınmırdı. Boloniya sisteminə keçəndən sonra hər bir insan burada aldığı diplomla gedib xaricdə rahat işləyə bilər. Və yaxud görürdüz ki, tələbələrimizdən kimsə ailə qururdu, yaxud, ailəsi köçürdü xaricə, burada ali təhsil haqqında diplomu var, amma gedirdi orada onun diplomu tanınmırdı.
Bax bu diplomların tanınması məsələsində bizim Boloniya sisteminə keçməyin bir müsbət xüsusiyyəti bununla əlaqədardır. Həmçinin elə tələbələrin özləri üçün də mühüm əhəmiyyəti var. Məsələn, əvvəllər əgər universitetdən xaric olunma məsələsi var idisə, indi bu yoxdur. Həmin tələbə artıq universiteti 4 ilə yox, 5 ilə, 6 ilə, 7 ilədə qurtara bilər. Yəni, bu da onlara bir üstünlük verir ki, artıq onlar öyrənsinlər, oxusunlar, cavab versinlər, vaxtında qurtarsınlar. Amma belə bir şans olmadıqda, – ola bilsin bunun müxtəlif səbəbləri ola bilər – həmin tələbə pis vəziyyətdə qala bilər və qalırdı . Ona görə Boloniya sistemində bu ikinci bir üstünlükdür. Yəni, müxtəlif istiqamətlərdə üstünlüklər daha çoxdur...
Təhsilimizdə olan bu inkişafı isə onun hüquqi bazasını möhkəmləndirməklə sürətləndirmək olar və bundan da gəncliyimiz, tələbələrimiz çox şey udarlar.
Kamil HƏMZƏOĞLU





Bu yazı ( 187 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar