12px14px16px18px

Gennadi Züqanov: “Azərbaycan mənim üçün etibarlı, sadiq və dost ölkədir”

“PREZİDENT SEÇİLSƏM, DAĞLIQ QARABAĞ PROBLEMİNİN NİZAMLANMASI ÜÇÜN MAKSİMAL SƏY GÖSTƏRƏCƏYƏM”

11:24 / 29.02.2012
Rusiya prezidentliyinə namizəd, Kommunist Partiyasının sədri Gennadi Züqanovun APA-nın Moskva müxbirinə müsahibəsi

– Rusiya prezidenti seçiləcəyiniz təqdirdə ölkənizin Azərbaycanla münasibətləri necə olacaq?
– Rusiyanın Qafqaz siyasəti daha maraqlı, daha vicdanlı və daha müdrik olmalıdır, o cümlədən Azərbaycanla bağlı siyasəti... Azərbaycan inkişaf etmiş ölkədir. Mənim Bakı ilə bağlı çoxlu xatirələrim var. Atam Vətən müharibəsi zamanı Sevastopolda ağır yaralanmışdı. Onu müalicə üçün Bakıya göndərmişdilər. O, Bakıda hərbi hospitalda müalicə olunurdu. Digər bir xoş xatirəm isə Heydər Əliyevlə tanışlığım olub. Onunla dost münasibətlərim vardı. Heydər Əliyevlə həmçinin qurultaylarda və müxtəlif tədbirlərdə tez-tez görüşürdük. Bakı mənim ürəyimdə isti və unudulmaz hisslər qoyub və mən orada çoxlu dostlar qazanmışam.
Mən Azərbaycanın inkişafını çox maraqla izləyirəm. Prezident İlham Əliyev bacarıqlı siyasətçidir. Onun rəhbərliyi altında Azərbaycan sürətlə inkişaf edir və bu gün regionda ən sürətlə inkişaf edən ölkəyə çevrilib. Sizin dövlətinizə uğur və əmin-amanlıq arzulayıram. Yadda saxlayın ki, Azərbaycan mənim üçün etibarlı, sadiq və dost ölkədir.
– Dağlıq Qarabağ münaqişəsinin həllini necə görürsünüz?
– Başa düşürsünüz, bu, asan bir problem deyil. Bu problem tədricən danışıqlar yolu ilə həll olunmalıdır və bu danışıqlar ağlabatan və tarazlaşdırılmış olmalıdır. Şəxsən öz mövqeyimi bildirmək istəyirəm ki, prezident seçildikdən sonra bu məsələnin maksimal həlli üçün çalışacağam. Konfliktin iştirakçısı olan hər iki tərəfin məmnun qalacağı şəkildə, ən əsası sülh yolu ilə həll olunmasına yardımçı olacağam.
– Bildiyiniz kimi Dmitri Medvedyev son illər ərzində dəfələrlə Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil edib. O, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçilik missiyasını öz üzərinə götürüb. Hakimiyyətə gəldikdən sonra siz bu sahədə hansı siyasəti yürüdəcəksiniz?
– Bəli, Medvedyev üçtərəfli danışıqlarda aktiv iştirak edib. Mən də bu formatda görüşlərin keçirilməsinin tərəfdarıyam. Sülhə yönələn danışıqları hər zaman dəstəkləyirəm. Prezident seçilsəm, mən də öz növbəmdə Dağlıq Qarabağ probleminin nizamlanması üçün maksimal səy göstərəcəyəm.




Bu yazı ( 115 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar