12px14px16px18px

“Məzunlarımızın xoş sədalarını eşitmək qürur verir”

ŞƏHLA ƏLİYEVA: “YUSİF MÜƏLLİMİN GÖRDÜYÜ İŞLƏR TƏLƏBƏLƏRİN OXUMASI ÜÇÜN HƏR ŞƏRAİTİN YARADILMASINA XİDMƏT EDİR”

11:02 / 29.02.2012
Əliyeva Şəhla Qasım qızı Qərbi Azərbaycanda anadan olub. ADPU-nu qırmızı diplomla bitirib. Təhsil aldığı illərdə fakültənin komsomol təşkilatının katibi, institut komsomol komitəsinin üzvü olub. Pedaqogika və psixologiya fakültəsində dekan müavini, 1997-2001-ci illərdə həmin fakültənin dekanı vəzifələrində çalışıb. 2011-ci ildən yenidən Pedaqogika və psixologiya fakültəsinin dekanıdır. ADPU-nun dosenti, pedaqogika üzrə fəlsəfə doktoru olan Ş.Əliyeva doktorluq dissertasiyasının müdafiəsi ərəfəsindədir. O, onlarca elmi-tədqiqat, metodiki əsərlərin, dərs vəsaitlərinin və monoqrafiyanın müəllifidir.

Artıq ali təhsil ocaqlarında qış imtahan sessiyası başa çatıb. Qış imtahan sessiyasının keçirilməsi, tələbələrin davamiyyəti və digər məsələlərlə bağlı ölkə təhsilində müstəsna xidmətləri ilə seçilən təhsil müəssisələrindən biri olan Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) pedaqogika və psixologiya fakültəsinin dekanı Şəhla Əliyeva ilə söhbətləşdik. Müsahibimiz söhbətə adıçəkilən təhsil müəssisəsinin tarixinə nəzər yetirməklə başladı.

– Pedaqoji Universitet zəngin elmi-pedaqoji potensialına görə qabaqcıl ali təhsil ocaqlarından biridir. 1921-ci ildə yaradılan universitetimiz yüksək ixtisaslı kadrların hazırlanmasında müstəsna xidmətlər göstərib. Universitetimiz tərəfindən indiyədək 150 min nəfərə yaxın ali təhsilli müəllim kadrı hazırlanıb. AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor, əməkdar elm xadim Yusif Məmmədov universitetimizə rektor təyin edildikdən sonra bütün neqativ halların qarşısının alınması məqsədilə mühüm işlər həyata keçirdi. Rektorumuzun gördüyü bütün bu işlər tələbələrin sərbəstliyini təmin etməyə, eləcə də onların oxuması üçün hər bir şəraitin yaradılmasına xidmət edir. Məhz hörmətli rektorumuz Yusif müəllimin böyük humanizmi və tələbələrə qayğısı nətıcəsində geridə qoyduğumuz imtahan sessiyasının müvəffəqiyyət faizi çox yüksək olub.
Özünəməxsus ənənələri olan təhsil ocağımızın 90 illik yubileyi ərəfəsində tələbəsindən tutmuş professor-müəllim heyətinə qədər hər bir kəs bu şanlı tarixə öz töhfəsini verməyə çalışır. Universitetdə, o cümlədən fakültəmizdə bununla əlaqədar bir sıra tədbirlər həyata keçirilir.
– Şəhla xanım, rəhbərlik etdiyiniz fakültə barəsində nə deyə bilərsiniz?
– Fakültə müstəqil şəkildə 1981-ci ildə yaradılıb. Bu vaxta qədər müəyyən fasilələrlə pedaqoji fakültənin nəzdində şöbə kimi fəaliyyət göstərib. 1995-ci ilə qədər fakültədə yalnız bir ixtisas üzrə –məktəbəqədər təhsilin pedaqogikası və metodikası üzrə kadr hazırlanırdı. 1996-ci ildə korreksiyaedici pedaqogika və xüsusi psixologiya ixtisası açılıb. 1997-ci tədris ilindən etibarən fakültədə defektologiya ixtisası, 1998-ci tədris ilindən psixologiya ixtisası yaradılıb. 2009-cu ildən isə “korreksiyaedici təlim” ixtisası üzrə kadr hazırlığı aparılır.
Hazırda fakültənin əyani şöbəsində üç ixtisas – məktəbəqədər təlim və tərbiyə, təhsildə sosial-psixoloji xidmət, korreksiyaedici təlim ixtisasları, qiyabi şöbədə isə bir ixtisas – məktəbəqədər təlim və tərbiyə ixtisası üzrə kadr hazırlanır. Fakültəmizin nəzdində 3 ixtisas kafedrası – məktəbəqədər təhsilin pedaqogikası və metodikası, yaş və pedaqoji psixologiya, ümumi psixologiya kafedraları fəaliyyət göstərir. Fakültəmizdə bir çox görkəmli alimlər öz bilik və təcrübələrini gənc nəslə ötürürlər. Bu alimlərdən ümumi psixologiya kafedrasının müdiri psixologiya üzrə elmlər doktoru, professor Ə.Əlizadə, professor R.Əliyev, yaş və pedaqoji psixologiya kafedrasının müdiri, professor Ə.Baxşəliyev, məktəbəqədər təhsilin pedaqogikası və metodikası kafedrasının müdiri dosent R.Mursaqulova və başqalarının adlarını çəkə bilərik.
– ADPU-da təhsil əsasən kredit sistemi ilə aparılır. Pedaqogika və psixologiya fakültəsində də tədris bu sistemlə həyata keçirilir?
– Bəli, bizim fakültəmizdə də tədris kredit sistemi ilə həyata keçirilir. Tədrisin bu sistemlə həyata keçirilməsi yalnız tələbələrin yaxşı təhsil ala bilməsi üçün nəzərdə tutulub. Yəni bu sistem tələbənin qarşısına hansısa süni maneələrin çıxmasının qarşısını alır, yalnız və yalnız tələbələrin diqqətini dərslərinə yönəltməsinə imkan yaradır.
– Qış imtahan sessiyası artıq başa çatıb. İmtahanların gedişi, tələbələrin davamiyyəti ilə bağlı qənaətləriniz necədir?
– Bilirsiniz ki, universitetimizdə imtahanlar kompyüter sistemi ilə keçirilir. Bu da imtahanlarda şəffaflığın təmin olması üçün zəmin yaradır. Tələbələrimizin davamiyyəti çox yaxşıdır. Nəticələr çox yaxşıdır, imtahanlar yüksək müvəffəqiyyət faizi ilə başa vurmuşuq. Bu, çox sevindiricidir. Nəticələrin bu cür olması həm universitet rəhbərliyinin tələbələr üçün yaratdığı şəraitin və diqqətin, həm də onlara öz bilik və təcrübələrini yorulmadan öyrədən professor-müəllim heyətinin səyi və əməyinin nəticəsidir.
– Şəhla xanım, fakültənin qatıldığı hansı layihələr var?
– Fakültənin əyani şöbəsində Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi, Dünyaya Baxış Təşkilatı, eləcə də Təhsil Nazirliyinin dəstəyi ilə inklüziv təhsilə dair pilot layihə həyata keçirilir. Bu gün bütün dünyada çox aktual olan və həyata keçirilməsi vacib olan problemlərdən biri də qüsurlu uşaqların təlim və tərbiyəsi, onların, sosiallaşması, cəmiyyətə, ətraf aləmə uyğunlaşması, adaptasiyasıdır. Buna görə də Respublikada ilk olaraq fakültəmizdə inklüziv təhsillə əlaqədar yuxarı kurslarda tələblərə mühazirələr oxunur, müxtəlif layihələr həyata keçirilir. Fakültə tələbələrinin bəziləri bu sahədə ixtisaslaşmaq üçün inklüziv təhsil layihəsinin həyata keçirildiyi uşaq bağçası və məktəblərdə əlavə təcrübələrə cəlb olunurlar. Fakültədə bu xəttlə geniş bir konfrans keçirilməsi üçün hazırlıqlar gedir.
Fakültədə həmçinin hər il TEC xətti ilə tələbələrin elmi tədqiqat işinə rəhbərlik olunur, əsərlər xüsusi toplu halında çap olunur. Fakültənin professor-müəllimləri xaricdə və respublikada keçirilən elmi-praktik konfranslarda çıxışlar edir, elmi nailiyyətləri ilə hər kəsi sevindirirlər.
Fakültə Türkiyənin Hacəttəpə universiteti ilə əməkdaşlıq edir.
İndiyədək fakültəmizdə respublikanın məktəbəqədər tərbiyə müəssisələri, ümumtəhsil məktəbləri, xüsusi və yardımçı məktəb, xüsusi və yardımçı məktəbəqədər müəssisələr üçün xeyli sayda ali təhsilli tərbiyəçilər, praktik psixoloqlar və defektoloqlar hazırlanıb. Bu gün məzunlarımızın və xoş sədalarını eşitmək bizə qürur verir.
Bütün Universitet kollektivi kimi fakültədə fəaliyyət göstərən professor-müəlim heyəti və əməkdaşlar gələcəyimiz olan gənc nəslin sağlam ruhda, elmli, təhsilli olması üçün bilik və bacarıqlarını əsirgəmirlər.
Aqil LƏTİFOV




Bu yazı ( 99 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar