12px14px16px18px

“Təhsil müəssisəsinin maddi-texniki bazası və təhsil infrastrukturu normativləri” təsdiqlənib

00:54 / 26.04.2012
Nazirlər Kabineti “Təhsil müəssisəsinin maddi-texniki bazası və təhsil infrastrukturu normativləri”ni təsdiq edib.
Təhsil Nazirliyindən verilən məlumata görə, bu normativlər “Təhsil haqqında” qanuna uyğun olaraq hazırlanıb. Onlar təhsilin pillələri üzrə təhsil müəssisələrinin maddi-texniki bazasını və təhsil infrastrukturu normativlərini müəyyən edir. Təhsil müəssisələrinin maddi-texniki bazası və təhsil infrastrukturu onların tikintisi üçün ayrılmış torpaq sahəsindən və tədris binasından (binalarından) ibarətdir. Məktəbəqədər təhsil müəssisəsinin layihələndirilməsi üçün ayrılmış torpaq sahələrinin yaşayış məntəqələrində magistral küçələrdən, kommunal və sənaye obyektlərindən, avtomobil nəqliyyatı müəssisələrindən kənar sahələrdə yerləşdirilməsi nəzərdə tutulur. Yeni layihələndirilən məktəbəqədər təhsil müəssisələrinin ərazisində səs-küy, vibrasiya və elektromaqnit şüalanması mənbəyi olan avadanlıqların yerləşdirilməsinə yol verilmir. Məktəbəqədər təhsil müəssisəsinin ərazisi hündürlüyü 1,6 m olan hasarla və yaşıllıq zolağı ilə əhatə olunur. Mürəkkəb relyefli ərazilərdə uşaqların oyun meydançalarının subasmadan mühafizəsi məqsədi ilə leysan və sel sularının kənarlaşdırılması üçün drenaj kommunikasiya sistemi nəzərdə tutulur.
Bu təhsil müəssisələrinin binaları bir-birindən ayrılıqda layihələndirilir. Şəhərlərdə çoxmərtəbəli tikililərin sıx yerləşdiyi ərazilərdə, eləcə də yeni tikilən şəhərlərdə tutumu 140 yerdən artıq olmayan məktəbəqədər təhsil müəssisəsinin sərbəst giriş-çıxışa malik hasarlanmış ərazidə olmaq şərtilə binalara bitişik tikilməsinə yol verilir. Məktəbəqədər təhsil müəssisəsinin binası yaşayış binasından əsaslı divarla ayrılır. Məktəbəqədər təhsil müəssisəsinin yaşıllıq zonasının sahəsi ümumi sahənin 50 faizindən az olmamalıdır. Ümumi təhsil müəssisəsinin tikintisi üçün torpaq sahəsinin ölçüləri mövcud şəraitdən və yerli xüsusiyyətlərdən asılı olaraq, layihəqabağı işlər zamanı yerli icra hakimiyyəti və ya bələdiyyə orqanları ilə razılaşdırılmalı və müvafiq qaydada təsdiq olunmuş baş plan və ya müfəssəl planlaşdırma layihələrində öz əksini tapmalıdır.
İlk peşə-ixtisas təhsili müəssisəsələrinin yerləşdiyi torpaq sahələrinin ərazisində tədris binaları, tədris kabinetləri və laboratoriyaları, auditoriyalar, rəsmxət zalları, tədris-istehsalat emalatxanaları, kitabxana, bədən tərbiyəsi – idman qurğuları, akt zalı və dərnək otaqları, yeməkxana, tibbi xidmət otaqları, eləcə də köməkçi otaqlar nəzərdə tutulmalı və yerləşdirilməlidir. Orta ixtisas təhsili müəssisəsinin əsas binası nəqliyyat hərəkət edən yoldan 25 metr aralı məsafədə, binanın önündə açıq meydan nəzərdə tutulmaqla yerləşdirilməlidir. Orta ixtisas təhsili müəssisəsinin ərazisində tələbələrin təhsil aldığı auditoriyalardan normaya uyğun məsafədə idman meydançaları, yaşıllıq zolağı əhatəsində passiv istirahət üçün sahələr, binanın özündə isə müasir tələblərə cavab verən idman kompleksi, qiraət zalı və yeməkxana nəzərdə tutulmalıdır. Ali təhsil müəssisəsinin əsas binası nəqliyyat hərəkət edən yoldan 25 metr aralı məsafədə, binanın önündə açıq meydan nəzərdə tutulmaqla yerləşdirilməlidir. Ali təhsil müəssisəsinin planı ali təhsil müəssisəsi üçün ayrılmış torpaq sahəsindən, mərtəbələrinin sayı isə təhsil alacaq tələbələrin sayından və ixtisaslarından asılı olaraq müəyyənləşdirilir.
S.QARAYEVA




Bu yazı ( 94 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar