12px14px16px18px

“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası müzakirə olunub

00:54 / 26.04.2012
Dünən Bakıda Yeni Azərbaycan Partiyası (YAP) Gənlər Birliyinin təşkilatçılığı ilə “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının hazırlanması ilə bağlı dəyirmi masa keçirilib.
Tədbirdə çıxış edən Birliyin sədri Seymur Orucov bildirib ki, gənclərin informasiya-kommunikasiya, sosial sahələrlə bağlı təklifləri müzakirə edilib layihə şəklinə salınacaq. S.Orucov deyib ki, dünya Azərbaycanlı Gənclər Birliyinin təsis edilməsi Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun bariz nümunəsidir. Onun sözlərinə görə, gənclərin vahid qurum formasında fəaliyyət göstərməsi, bu qurumun müxtəlif təşəbbüslər, layihələr həyata keçirməsi o cümlədən dünya azərbaycanlı gənclərinin fəaliyyətini koordinasiya etməsilə gələcəkdə Azərbaycan diasporunun daha da güclənməsinə imkan yaranacaq. S.Orucov həmçinin ölkə prezidenti tərəfindən gənclər sahəsində aparılan siyasətdən də danışıb: “İlham Əliyevin gənclər sahəsində apardığı uğurlu siyasət, gənclərə göstərdiyi diqqət və qayğı dünya azərbaycanlı gənclərinin mütəşəkkilliyinin artırılmasına, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında gənclərin rolunun güclənməsinə imkan verir və gənclər üçün parlaq bir gələcəyi təmin edir. Bu uğurlu siyasətin nəticəsi idi ki, dünya azərbaycanlı gəncləri bir araya gələrək dünya ictimaiyyətini Azərbaycan barəsində daha geniş formada məlumatlandırmaq üçün özlərinin vahid mərkəzlərini yaratmağa qərar verdi”.
Gənclər və idman nazirinin müavini İntiqam Babayev deyib ki, Azərbaycanda həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən biri gənclərin müxtəlif dövlət proqramlarının hazırlanmasında iştirak etməsidir. Nazir müavini Azərbaycan gənclərinin potensialının üzə çıxarılması, ölkə daxilində və beynəlxalq səviyyədə onlara geniş yer verilməsinin vacibliyini vurğulayıb. İ. Babayev qeyd edib ki, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında gənclərlə bağlı konkret məsələlər öz yerini tapacaq.
Onun sözlərinə görə, iki il ərzində Azərbaycanın müxtəlif regionlarında 15 gənclər evinin inşası nəzərdə tutulur.
Gənclər evlərinin inşasında başlıca məqsəd gənclərin asudə vaxtlarını daha səmərəli keçirmələrinə nail olmaqdır: “Gənclər evlərində İKT mərkəzlərinin tikintisi də nəzərdə tutulur. Burada gənclərə həm informasiya texnologiyaları ilə bağlı təlimlər keçiriləcək və onlar burada internetdən istifadə edə biləcəklər”.
Tədbirdə YAP üzvü olan deputatlar, gənclər mövzu ilə bağlı müxtəlif fikirlər səsləndiriblər.
S.QARAYEVA



Bu yazı ( 93 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar