12px14px16px18px

“Dərəcə və ixtisas” diplom işləri Beynəlxalq Festivalının açılışı olub

00:48 / 26.04.2012
Dünən Azərbaycan Memarlıq və İnşaat Universitetində (AMİU) “Dərəcə və ixtisas” Bakı Regional tələbə diplom işləri beynəlxalq festivalının açılış mərasimi keçirilib. AMİU ilə İtaliyanın Romualdo Del Bianko Fondunun birgə tərəfdaşlığı çərçivəsində keçirilən festivalda Gürcüstan Dövlət İncəsənət Akademiyasının, Gürcüstan Texniki Universitetinin, Odessa İnşaat və Memarlıq Akademiyasının və Kipr Doğu Akdeniz Universitetinin nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən universitetin rektoru, professor Gülçöhrə Məmmədova bildirib ki, festivalın məqsədi universitet tələbələrinə öz diplom işlərini geniş auditoriya qarşısında təqdim etmək imkanını yaratmaq, onları aparıcı memarların təcrübəsi ilə yaxından tanış etmək, memarlığın müxtəlif istiqamətlərinə aid mühazirə və seminarlarda iştiraklarını təmin etməkdir. Rektorun sözlərinə görə, festivalın Bakıda ikinci dəfə keçirilir və beynəlxalq tədbirin əsas hissəsini tələbələrin diplom işlərinin nümayişi təşkil edir: “Artıq festivalda təqdim olunacaq diplom işləri Romualdo Del Bianko Fondunun saytında əksini tapıb. İşlərin baxılması üçün iştirakçılar WWW.FLORENCE-EXPO.COM saytında REGİONAL FESTİVAL bölümündə qeydiyyatdan keçərək, öz diplom işlərini yerləşdiriblər. Təbii ki, bu möhtəşəm konfransın nəticəsi olaraq, həmin diplom layihələri İtaliya Fondu ilə əlaqədə olan memarlıq-inşaat şirkətləri tərəfindən diqqətdə saxlanacaq və reallaşdırılmasına imkan yaradılacaq”.
Romualdo Del Bianko Fondunun prezidenti Paolo del Bianko isə tələbələrin aparılan tədqiqatların əsas vasitəçiləri olduqlarını bildirib: “Mədəniyyət sahəsində bioqrafiya” kimi yaratdıqları portalda isə, hər bir tələbənin öz əl işləri, layihələri ilə yanaşı, milli mənsubiyyəti, tarixi haqqında da məlumatlarını yerləşdirmək hüquqları var”.
Təhsil nazirinin müavini Qulu Novruzov, İtaliyanın Florensiya şəhərində artıq 5 ildir ki, keçirilən bu beynəlxalq layihənin ölkədə təşkilini yüksək qiymətləndirib.
Xatırladaq ki aprelin 28-dək davam edəcək festival çərçivəsində ustad dərsləri, mühazirə-konfranslar, eləcə də, müxtəlif ölkələrdən gəlmiş tanınmış memarlarla, inşaat və memarlıq sahəsində sözünü demiş alimlərlə görüşlər təşkil olunacaq.
S.QARAYEVA




Bu yazı ( 92 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar