12px14px16px18px

Sabah Bakıda gənc hüquqşünasların beynəlxalq forumu olacaq

00:28 / 25.04.2012

Aprelin 26-da Bakıda gənc hüquqşünasların Beynəlxalq Forumu keçiriləcək. Forumun təşkilatçısı Avropa Hüquqşünas Tələbələr Assosiasiyasının (ELSA) Azərbaycan Nümayəndəliyidir. Nümayəndəlikdən verilən məlumata görə, dörd gün davam edəcək tədbirə Avropanın müxtəlif ölkələrindən 50-yə yaxın gənc hüquqşünas qatılacaq. Forumda ümumilikdə 100 gənc hüquqşünasın iştirakı gözlənilir. Tədbirin keçirilməsində əsas məqsəd hüquq sahəsində təhsil alan azərbaycanlı tələbələri Avropa hüquq təhsili ilə tanış etmək, onların bu təhsil standartlarına inteqrasiyasına dəstək göstərmək, eyni zamanda tələbələr arasında təcrübə və bilik mübadiləsini dəstəkləməklə onların şəbəkə şəklində formalaşmasını, Avropanın müxtəlif ölkələrindən olan tələbələri Azərbaycan hüquq təhsili barədə məlumatlandırmaq, Azərbaycanın müxtəlif ali təhsil müəssisələrinin hüquq tələbələrini bir yerə toplamaq və onların əlaqələrinin möhkəmləndirmək, Avropa ölkələrindən dəvət olunan forum iştirakçılarını Azərbaycan hüquq sistemi və hüquq təhsili ilə tanış etmək, Avropa ölkələri və Azərbaycan tələbələri arasında bilik və təcrübə mübadiləsini dəstəkləməkdir. Beynəlxalq Forum çərçivəsində ELSA-nın Azərbaycan Nümayəndəliyinin ötən dövr ərzində görülən işlər barəsində təqdimatı dinləniləcək, təşkilat tərəfindən keçirilən Səhnələşdirilmiş Məhkəmə Prosesi Müsabiqəsinin “Böyük final” mərhələsi keçirililəcək, Azərbaycanda qabaqcıl təhsil müəssisələrinin tələbə kontingenti ilə görüşlər keçiriləcək, dəyirmi masalar təşkil olunacaq və bir sıra hüquq-mühafizə orqanları ilə görüşlər keçiriləcək.
Tədbirin açılış mərasimində Prezident Adminstrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov, gənclər və idman naziri Azad Rəhimov, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin, Azərbaycan Hüquqşünasları Konfederasiyası (AHK) İdarə Heyətinin sədri Əli Hüseynli, həmçinin Avropa Hüquqşünas Tələbələr Assosiasiyasının prezidenti Niuşa Nademi iştirak və çıxış edəcəklər. Tədbirin rəsmi donoru Azərbaycanın Gənclər və İdman Nazirliyidir.
S.QARAYEVA




Bu yazı ( 94 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar