12px14px16px18px

Ali məktəblərə qəbul imtahanlarının vaxtı dəyişdirilib

MƏLEYKƏ ABBASZADƏ: “ÜMUMİ VƏ TAM ORTA TƏHSİL ÜZRƏ BURAXILIŞ İMTAHANLARININ KEÇİRİLMƏ QAYDALARINDA DA DƏYİŞİKLİK EDİLƏCƏK”

01:27 / 24.04.2012
2012-2013-cü tədris ili üçün ali məktəblərə qəbul imtahanlarının vaxtı dəyişdirilib. Bu barədə dünən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) keçirdiyi mətbuat konfransında komissiya sədri Məleykə Abbaszadə məlumat verib. TQDK sədri bildirib ki, ilk qəbul imtahanı iyulun 8-də III ixtisas qrupu üzrə keçiriləcək. İyulun 14-də I qrup üzrə, iyulun 20-də IV qrup üzrə, iyulun 27-də isə II ixtisas qrupu üzrə qəbul imtahanlarının aparılması nəzərdə tutulur. Qabiliyyət imtahanlarının keçirilmə cədvəlində də dəyişiklər ediləcək. Bununla bağlı əlavə məlumat yaxın günlərdə elan ediləcək: “Qeyd edim ki, əvvəlki cədvələ əsasən, ali məktəblərə III ixtisas qrupu üzrə qəbul imtahanları iyulun 1-də, I ixtisas qrupu üzrə iyulun 8-də, IV ixtisas qrupu üzrə iyulun 14-də, II ixtisas qrupu üzrə imtahan isə iyulun 20-də keçirilməli idi”. M.Abbaszadə qeyd edib ki,
2011-2012-cü tədris ili üçün ümumi və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanlarının keçirilmə qaydalarında dəyişiklik ediləcək. Prezident İlham Əliyevin aprelin 19-da verdiyi fərmanla mərkəzləşmiş buraxılış imtahanlarının keçirilməsi TQDK-ya həvalə edilib. TQDK tərəfindən hazırlanan layihəyə əsasən, tam və orta təhsil səviyyələri üzrə buraxılış imtahanları yalnız iki fənn-ana dili və riyaziyyat fənləri üzrə keçiriləcək: “İmtahan 2 saat ərzində aparılacaq. Hər bir fənn üzrə 30 test tapşırığı təqdim ediləcək və bu sualların cavablandırılmasına 1,5 saat vaxt ayrılacaq. Son 30 dəqiqə ərzində isə iştirakçılar təqdim edilən mövzu üzrə yazı işini yerinə yetirəcəklər”.
Komissiyası sədri buraxılış imtahanlarına müdaxilə etmək istəyən məktəb direktorlarına xəbərdarlıq edib. M.Abbaszadənin dediyinə görə, indiyə qədər bəzi orta məktəb direktorlarının adları buraxılış imtahanlarına müdaxilədə və korrupsiyada hallandırılsa da, artıq buna son veriləcək: “Bütün direktorlar və təhsil ictimaiyyəti bilsin ki, imtahanlar tam şəffaf olacaq. Əgər kimsə bunu etsə, qanun qarşısında cavab verəcək”. Bu il ali məktəblərə buraxılış imtahanlarının çox şəffaf keçiriləcəyini deyən TQDK sədri valideynlərə də müraciət edib: “Əgər indiyə qədər nə isə xoşagəlməz hadisə baş veribsə, bundan sonra belə hallar olmayacaq. Belə hallar törətmək istəyənlərə qarşı çox ciddi tədbirlər görüləcək”. M.Abbaszadənin sözlərinə əsasən, gələn il həm buraxılış, həm də ali məktəblərə qəbul imtahanları ilə bağlı müvafiq dəyişikliklər aparılacaq, lakin bu dəyişikliklərin konkret nədən ibarət olacağı hələ müəyyən deyil. M.Abbaszadə orta məktəblərə buraxılış imtahanlarının yalnız iki fənn – ana dili və riyaziyyat üzrə keçirilməsini də şagirdlərin xeyrinə atılmış addım kimi qiymətləndirib.
İmtahan suallarının asan olacağını deyən TQDK sədrinin söylədiyinə görə, indiyədək şagirdlərin buraxılış imtahanlarına yardımçı vasitələr keçirməsi mümkün idi. Ancaq bundan sonra buraxılış imtahanlarına əlavə vasitələr buraxılmayacaq. Bununla da attestat ala bilən və bilməyən şagirdlərin real səviyyəsi düzgün qiymətləndiriləcək.
M.Abbaszadə vurğulayıb ki, orta məktəb dərsliklərinin monitorinqi ilə əlaqədar TQDK-da müvafiq şöbə yaradıldıqdan sonra sentyabr ayında mövcud olan bütün dərsliklərin monitorinqi haqqında ictimaiyyətə məlumat veriləcək. TQDK bununla bağlı təkliflərini də müvafiq qurumlara təqdim edəcək. O bildirib ki, indiyədək TQDK dərsliklərin monitorinqi ilə bağlı işin bir hissəsini görüb: “İndi isə bu sahədəki işlərimiz bir qədər də genişlənib. İndiyədək dərsliklərdə olan səhvlər ona görə TQDK-nın elmi-metodiki seminarlarında müzakirə olunurdu ki, həmin səhvlər qəbul imtahanlarının məzmununa təsir göstərirdi. İmtahan suallarını formalaşdırdıqda bu səhvlərlə üz-üzə gəlirdik. Ona görə də biz əvvəlcədən abituriyentlərə elan edirdik ki, əvvəlcədən imtahanlara hazırlaşanda düzgün məlumatlardan istifadə etsinlər”. TQDK sədri qeyd edib ki, rəhbərlik etdiyi qurum dərsliklərin monitorinqini yalnız qəbul aparılan imtahan fənləri üzrə deyil, orta məktəblərdə istifadə olunan bütün dərsliklər və müəllimlər üçün nəzərdə tutulan vəsaitlər üzrə aparacaq: “Təbii ki, bu il çap olunan dərsliklərin monitorinqini onlar yalnız işıq üzü gördükdən sonra aparacağıq. Amma gələcəkdə dərsliklərin və müəllimlər üçün vəsaitlərin layihələri təqdim olunduqda monitorinq keçiriləcək. Bununla da həmin vəsaitlərdə səhvlərin çap olunmasının qarşısı əvvəlcədən alınacaq”.
M. Abbaszadə onu da əlavə edib ki, dərsliklərin monitorinqi keçirildikdə həmin nəşrlərin müəllifləri TQDK-nın seminarlarına dəvət olunacaq və pedaqoji heyətin suallarına cavab verəcəklər: “Ola bilsin ki, seminarlarda o, öz səhvini əsaslandıra bilsin. Amma geniş tərkibli elmi-metodiki şuralar bunu səhv hesab edə bilər. Çox zaman biz müəllifləri bu məsələlərlə əlaqədar TQDK-ya dəvət edəndə onlar heç gəlmirdilər”. Komissiya sədri deyib ki, gələcəkdə Azərbaycanda vahid milli test modelinin tətbiqi fikri irəli sürülə bilər. İlk öncə bu ilki buraxılış imtahanlarının nəticələrinin məlum olması, müzakirə edilməsi vacibdir: “Biz bilək ki, orta məktəblərdə vəziyyət necədir. Ondan sonra hansısa yeni model haqqında danışmaq olar”. TQDK sədri onu da bildirib ki, oktyabrda TQDK-nın fəaliyyətinin 20 ilinin tamam olması münasibəti böyük beynəlxalq elmi-praktik konfrans keçiriləcək: “Yəqin ki, bu məsələlər həmin tədbirdə müzakirə olunacaq. Orada gələcək modellər də təqdim olunacaq”.
Sevinc QARAYEVA




Bu yazı ( 152 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar