12px14px16px18px

“Attestat ala bilməyən məzunlar üçün xüsusi dövlət proqramı hazırlana bilər”

01:19 / 24.04.2012
Azərbaycanda attestat ala bilməyən məzunlar üçün xüsusi dövlət proqramı hazırlanması gündəmə gələ bilər. Bunu jurnalistlərə açıqlamasında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə deyib. Onun sözlərinə görə, attestat ala bilməyən uşaqlar yaddan çıxarılmayacaq: “Belə uşaqların sayı çox olarsa, biz gərək onlarla bağlı xüsusi Dövlət Proqramı hazırlayaq, kurslar keçirək. Müasir savadlılıq çox vacibdir. Ola bilsin ki, attestat almaq üçün qoyulan builki kriteriyalar gələcəkdə qoyula biləcək kriteriyalardan çox aşağıdır. Mənə elə gəlir ki, bu nöqteyi-nəzərdən bu ilki məzunların bəxti gətirib”.
M.Abbaszadə deyib ki, bu il attestat ala bilməyən məzunların sayının artıb-artmayacağını hələ dəqiq deyə bilməz: “Zənnimcə, belə məzunların sayı artmamalıdır. Attestat ala bilməyən uşaqlarla bağlı xüsusi kurslar təşkil etmək lazımdır ki, onlar orada 3-4 ay məşğul olsunlar və yenidən təkrar imtahana gəlsinlər. Bunların hamısını buraxılış imtahanları keçirildikdən və araşdırmalar aparıldıqdan sonra qeyd edə biləcəyik. Təbii ki, əlifbanı bilməyən, sadə mətni oxumaqda çətinlik çəkən insan attestat ala bilməz”. TQDK sədri buraxılış imtahanlarında ana dili və riyaziyyat fənlərindən qiymət ala bilməyənlərin qəbul imtahanlarında iştirakının lazımsız olduğunu deyib: “Çünki o, qəbul imtahanlarında ana dili və riyaziyyatdan “0” bal toplayacaq. Ali məktəblərə qəbul imtahanlarında yüksək səviyyəli suallar qoyulur. Ona görə də həmin şəxs çox sadə imtahanlarda “0” bal alıbsa, o, qəbul imtahanlarında iştirak edəcəyini deyə bilməz.
Buraxılış imtahanlarını verə bilməyən şəxslər üçün yenidən təkrar imtahanın ən azı 3 aydan sonra keçirilməsi nəzərdə tutulur. Buraxılış imtahanlarının keçirilməsi ilə bağlı qaydalar Azərbaycan Nazirlər Kabinetində təsdiqləndikdən sonra bu barədə ictimaiyyətə daha geniş məlumat veriləcək. Attestat ala bilməyən əvvəlki illərin məzunları üçün də imtahanların keçirilməsi nəzərdə tutulur. Təhsil Nazirliyi tərəfindən məzunlarla bağlı məlumat bazası TQDK-ya təqdim edildikdən sonra onun əsasında imtahanların günləri müəyyənləşdiriləcək”. TQDK sədrinin sözlərinə görə, bu il də Respublika fənn olimpiadasının qalibləri olan şagirdlər buraxılış imtahanlarından azad ediləcəklər: “Amma onlar ali məktəblərə qəbul imtahanlarında iştirak etməlidirlər. Qəbul imtahanlarından yalnız dünya fənn olimpiadalarının qalibləri azad olunurlar”.
S.QARAYEVA




Bu yazı ( 108 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar