12px14px16px18px

Turizm İnstitutunda müasir otel biznesilə bağlı görüş-seminar təşkil edilib

07:31 / 21.04.2012
Azərbaycan Turizm İnstitutunda ATİ Məzunlar Assosiasiyasının (ATİMA) təşəbbüsü ilə “Fairmont Baku” otelinin Baş meneceri Adrian Ellis və İcraedici inzibati köməkçi Aygün Ağayevanın iştirakı ilə görüş-təqdimat-seminar keçirilib.
ATİ-nin rektoru Cəfər Cəfərov tədbir başlamazdan əvvəl qonaqlarla görüşüb. ATİMA-nın görüş-təqdimat-seminar küçirmək təklifini razılıqla qarşıladıqları üçün qonaqlara təşəkkür edib. Ali təhsil ocağının 6 il ərzindəki fəaliyyəti barədə qısa məlumat verib. ATİ-də təhsilin Boloniya prosesinə uyğun qurulduğunu, dünyanın nüfuzlu ali təhsil ocaqları ilə əməkdaşlıq müqavilələri və memorandumu imzaladığını, tələbələrin turizm sənayesinin inkişaf etdiyi ölkələrdə istehsalat təcrübəsi keçmək imkanı qazandığını qonaqların nəzərinə çatdırıb. Həmçinin Avstriyanın Krems Tətbiqi Elmlər Universiteti ilə bağlanmış müqavilənin şərtlərinə əsasən ATİ-nin 33 məzununun ikili diplom aldığını bildirib. Ali təhsil ocağı məzunlarının dünyanın istənilən nöqtəsində istisnasız fəaliyyət göstərə biləcəyini qeyd edib. ATİ-nin nəzdində Bakı Turizm Peşə Məktəbinin də yarandığını diqqətə çatdırıb. “Fairmont Baku” otelinin Baş meneceri Adrian Ellis ATİ-nin müəllim və tələbələrinin iştirak etdiyi görüş-təqdimat-seminarda əvvəlcə özünün iş təcrübəsindən danışıb. İştirakçıların nəzərinə çatdırıb ki, Fairmont ilk dəfə 1907-ci ildə ABŞ-ın San-Fransisko şəhərində fəaliyyətə başlayıb. İndi dünyanın müxtəlif nöqtələrində Fairmont ailəsinə məxsus otellər var. Bu siyahıya Kanada, Meksika, Almaniya, Zimbabve, Nairobi kimi ölkələrin daxil olduğu 65 müxtəlif ünvan aiddir. Məkkə, Dubay, Şanxay, Kiyev şəhərləri sırasında Bakı və Moskva da yer alacaq. “Fairmont Baku” oteli ilk müştərilərini bu ilin avqust ayında qəbul edəcək. Oteldə “Lidership development programme” layihəsi həyata keçirilir ki, burada üç nəfər məzun 18 aylıq praktik təhsil keçəcək. Yekunda bu şəxslər Fairmont ailəsinin üzvünə çevrilmək şansı qazanacaq. Otel eyni zamanda tələbələrə istehsalat təcrübəsi keçmək imkanı yaradır.
Görüş-təqdimat-seminarın sonunda Adrian Ellis rektor C.Cəfərova və ATİMA-nın üzvlərinə təşəkkürünü bildirib.
S.QARAYEVA



Bu yazı ( 188 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar