12px14px16px18px

Misir Mərdanov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi ilə görüşüb

10:38 / 20.04.2012
Dünən təhsil naziri Misir Mərdanovun Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Xəlil Akıncı ilə görüşü olub. Qonağı Təhsil Nazirliyində görməkdən məmnunluq duyduğunu ifadə edən Misir Mərdanov türkdilli ölkələrin əməkdaşlığının genişləndirilməsinin əhəmiyyətindən söz açıb. Nazir xalqlarımızın daha da yaxınlaşması üçün təhsil sahəsindəki əlaqələrin dərinləşdirilməsinin zəruriliyini vurğulayıb. M.Mərdanov Azərbaycanla Türkiyə arasında mövcud olan əlaqələrin bütün istiqamətlərdə, o cümlədən təhsil sahəsində sürətlə inkişaf etdiyini bildirib. Hazırda 4 mindən çox azərbaycanlı gəncin Türkiyənin nüfuzlu universitetlərində müxtəlif ixtisaslar üzrə təhsil aldığını qeyd edən nazir, həmçinin Azərbaycanın ali təhsil müəssisələrində 3 mindən artıq türkiyəli tələbənin oxuduğunu söyləyib. Təhsil naziri bunu ölkələrin qardaşlıq münasibətlərinin təzahürü kimi səciyyələndirib. Ölkədə fəaliyyət göstərən Azərbaycan-Türkiyə liseylərinin və Qafqaz Universitetinin fəaliyyətini yüksək dəyərləndirən nazir ümumi təhsil sahəsində mövcud əməkdaşlığın daha səmərəli təşkili üçün ortaq dərsliklərin hazırlanması məsələsinə diqqət çəkib. Təhsil naziri hər iki ölkənin müvafiq mütəxəssisləri arasında bu istiqamətdə müzakirələrin aparılmasının zəruriliyini bildirib. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Xəlil Akıncı bu quruma daxil olan ölkələrin bütün istiqamətlərdə, eləcə də təhsil sahəsində əlaqələrinin inkişafı üçün nəzərdə tutulan addımlardan bəhs edib. Qonaq hər bir millətin intellektual potensialının inkişafında təhsilin əhəmiyyətindən söz açıb və bu baxımdan təhsil sahəsində qarşılıqlı əməkdaşlığın genişləndirilməsinin zəruri olduğunu bildirib. Türk xalqlarının ortaq əlifbasının və dilinin qəbul olunması məsələsinə toxunan Xəlil Akıncı, həmçinin ortaq dərsliklərin hazırlanması işinin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin təhsil nazirlərinin görüşünün keçirilməsinin nəzərdə tutulduğunu söyləyən baş katib müvafiq təkliflərlə bağlı ortaq fikrə gəlməyin mümkünlüyünü qeyd edib. Daha sonra görüşdə türkdilli ölkələr arasında təhsil sahəsində əlaqələrin möhkəmlənməsi işinin daha səmərəli təşkili ilə bağlı bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. S.QARAYEVA



Bu yazı ( 77 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar