12px14px16px18px

Buraxılış imtahanlarından azad ediləcək şagirdlərin sayı açıqlanıb

02:05 / 19.04.2012

Azərbaycanda bu il ümumi orta və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanlarından azad ediləcək şagirdlərin sayı açıqlanıb. Təhsil Nazirliyindən verilən məlumata görə, ümumilikdə, bu il 19 nəfər mərkəzləşdirilmiş qaydada keçiriləcək buraxılış imtahanlarından azad ediləcəklər. Onların 5-i 9-cu, 14-ü 11-ci sinif məzunudur. Həmin məzunlar bu il respublika fənn olimpiadalarında I yeri tutmuş şagirdlərdir.Bu məzunlar buraxılış imtahanında iştirak etməyəcək, onların illik qiymətləri attestata birbaşa yekun qiymət kimi yazılacaq. Respublika fənn olimpiadalarında I yeri tutan şagirdlərin buraxılış imtahanlarından azad edilməsi təcrübəsi artıq 4-cü tədris ilidir ki tətbiq ediləcək.
Məlumatda bildirilib ki, ümumi orta və tam orta təhsil səviyyələri üzrə eksternat və müxtəlif səbəblərdən üzrlü olaraq buraxılış imtahanlarında iştirak etməyənlər üçün buraxılış imtahanları ümumi orta təhsil səviyyəsi üzrə Azərbaycan dili və riyaziyyat, tam orta təhsil səviyyəsi üzrə yoxlama və buraxılış imtahanları Azərbaycan dili və ədəbiyyatı, riyaziyyat, Azərbaycan tarixi, fizika, kimya, biologiya, coğrafiya və xarici dil fənlərindən iyunun 25-də Bakıdakı 202 nömrəli tam orta məktəbdə keçiriləcək.
Attestata yazılacaq yekun qiymət şagirdin fənn üzrə yoxlama imtahanının nəticələri, X və XI siniflərin illik qiymətləri və buraxılış imtahanı qiymətləri, şəhadətnaməyə yazılacaq yekun qiymət şagirdin fənn üzrə yoxlama imtahanının nəticələri, VIII və IX siniflərin illik qiymətləri və buraxılış imtahanı qiymətləri əsasında hesablanır.
S.QARAYEVA



Bu yazı ( 111 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar