12px14px16px18px

Azərbaycan “Intel” Beynəlxalq Elm və Mühəndislik Sərgisində təmsil olunacaq

02:04 / 19.04.2012
Mayın 13-18-də ABŞ-ın Pensilvaniya ştatının Pittsburq şəhərində “Intel” Beynəlxalq Elm və Mühəndislik Sərgisi keçiriləcək. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, sərgidə Azərbaycan tərəfindən fevralın 23-24-də Bakıda keçirilən “Sabahın alimləri” respublika müsabiqəsinin qaliblərindən ibarət nümayəndə heyəti iştirak edəcək. Nümayəndə heyətinin tərkibinə “Sabahın alimləri” respublika müsabiqəsinin Elmi Ekspertiza komitəsinin sədri Rövşən Xəlilov, təşkilat komitəsinin üzvü Cavanşir Məmmədov və başqaları daxildir.
Xatırladaq ki, Azərbaycan Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi və “Mədəd” təşkilatının birgə əməkdaşlığı ilə təşkil olunan “Sabahın alimləri” respublika müsabiqəsinin nəticəsi olaraq Bakı Dövlət Universitetinin nəzdindəki “Gənc İstedadlar liseyi”nin şagirdləri Arif Bayramov “İşığın istifadəsi ilə hidrogenin sudan alınması üçün bionanosistem” layihəsinə görə və Mahirə Səfərəlizadə “Maqnit xassəli polimer kompozitlə su səthindən neft və neft məhsullarının nazik təbəqələrinin kənarlaşdırılması” layihəsinə görə fərdi layihə nominasiyası, Akademik Zərifə Əliyeva adına məktəbin şagirdləri Elxan Məmmədov və Orxan Məmmədov isə “Nanotexnologiyada yeni yanaşma: kiçik konsentrasiyanın təsiri” layihələrinə görə qrup layihəsi nominasiyası üzrə qalib elan olunublar.
Məlumata görə, sərgi çərçivəsində elm-təhsil sahəsində araşdırmalar və innovasiyalarla bağlı müxtəlif mövzularda görüşlər təşkil olunacaq, aparılan müzakirələrdə hər bir ölkənin təcrübəsi barədə fikir mübadiləsi aparılacaq.
“Intel” Beynəlxalq Elm və Mühəndislik Sərgisi dünyada ən böyük beynəlxalq elm müsabiqəsi olaraq hər il 65 ölkədən, regiondan və ərazidən olan 1500-dən artıq yuxarı sinif şagirdlərinin iştirakı ilə onların müstəqil tədqiqatlarını nümayiş etdirmək üçün forum təşkil edir. “Intel” ISEF gənclərin elmi fikirlərini birləşdirir, beynəlxalq aləmdə onların istedadlarını nümayiş etdirir, onların tədqiqatlarını təcrübəli alimlər tərəfindən mühakimə etməyə imkan yaradır. 2012-ci ildən etibarən Azərbaycan məktəbliləri bu tədbirin iştirakçılar siyahısına qatılıblar.
S.QARAYEVA



Bu yazı ( 104 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar