12px14px16px18px

ATƏT-in Bakı ofisinin rəhbəri BSU-da

00:11 / 17.04.2012
Bildiyiniz kimi, BSU-da tələbələrin hərtərəfli inkişafı, dünyagörüşünün daha da genişləndirilməsi məqsədilə çoxsaylı tədbirlər, layihələr həyata keçirilir. Belə layihələrdən biri də “Səfir saatı”dır. Layihə çərçivəsində respublikamızda akkreditə olunmuş səfirlərlə mütəmadi olaraq görüşlər keçirilir. Bu dəfə də “Səfir saatı” klubu öz ənənəsinə sadiq qalaraq növbəti qonağını – ATƏT-in Bakı ofisinin rəhbəri cənab Koray Tarqayı qəbul etdi. Görüşü giriş sözü ilə açan BSU-nun rektoru, AMEA-nın müxbir üzvü, prof. Kamal Abdullayev tədbir iştirakçılarını salamladı və qonağı auditoriyaya təqdim etdi. Qonağa dəvəti qəbul etdiyi üçün öz təşəkkürünü bildirən Kamal müəllim kollektiv adından onu universitetdə görməkdən məmnunluğunu ifadə etdi. Dəvət üçün təşəkkürünü bildirən Koray bəy Azərbaycan gəncləri ilə ünsiyyətdə olmaqdan böyük zövq aldığını və buna Azərbaycan və Türkiyənin qardaşlıq münasibətlərinin də təsiri olduğunu, Azərbaycanda Türkiyəni təmsil etməsə də, özünü doğma Vətənindəki kimi hiss etdiyini bildirdi. Daha sonra cənab səfir diplomat peşəsinin çətinliklərindən, özünün 40 ilə yaxın diplomatik fəaliyyətindən geniş söz açdı. Tələbələrə isə öz peşələrini sevməyi tövsiyə etdi, insanın öz ölkəsinə xidmət etməsinin həm şərəfli iş, həm də böyük zövq olduğunu bildirdi. Ölkəmizin ATƏT-lə əməkdaşlığına toxunan səfir Azərbaycanın bu qurum qarşısında götürdüyü öhdəlikləri uğurla yerinə yetirdiyini dedi və ATƏT-in Bakı ofisinin fəaliyyətinin ölkəmizdə dövlət quruculuğu, demokratikləşmə proseslərinə yaxından yardım etmək, qarşılıqlı əməkdaşlığı daha da genişləndirilmək məqsədi daşıdığını bildirdi. Bir neçə gün bundan öncə Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin iclasında “Siyasi partiyalar haqqında” qanuna dəyişiklər edilməsi məsələsinin müzakirəyə çıxarıldığına toxunan cənab səfir, müzakirədə ATƏT-in Bakı ofisinin nümayəndələrinin də iştirak etdiyini qeyd etdi. Səfir rəhbərlik etdiyi ATƏT-in Bakı ofisinin bölgələrdə də geniş fəaliyyət göstərdiyini və qurumun nəzdində bir çox bölgələrdə hüquq məsləhətxanalarının da açıldığını bildirdi. Azərbaycanın hazırda inkişafı üçün çoxsaylı islahatların həyata keçirildiyini, hər qəbul edilən yeni qanun layihəsinin bir islahat olduğunu, müstəqillik əldə olunduğu vaxtdan bugünədək ölkəmizin böyük inkişaf yolu qət etdiyini bildirdi. Azərbaycan-Türkiyə münasibətlərindən danışan səfir Ulu öndər Heydər Əliyevin Türkiyə və Azərbaycanın “bir millət-iki dövlət” olduğu sözlərini bir daha təkrarlayaraq Azərbaycanın diplomatik nümayəndəlikləri olmayan ölkələrdə Türkiyə səfirliklərinin bizim vətəndaşlara yardım etməyə daim hazır olduğunu dilə gətirdi.
Tədbir iştirakçılarının çoxsaylı suallarını məmnuniyyətlə cavablandıran səfir Koray Tarqay tədbirin sonunda “Fəxri Qonaqlar Kitab”ına ürək sözlərini yazdı və tələbələrlə xatirə şəkli çəkdirdi.
S.QARAYEVA




Bu yazı ( 124 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar