12px14px16px18px

Şagirdlər üçün Bakı BMT Modelinin növbəti konfransı təşkil edilib

00:10 / 17.04.2012
Dünən XXI əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzində şagirdlər üçün Bakı BMT Modelinin növbəti dördüncü konfransı keçirilib.
Tədbirin rəsmi açılışında BMT-nin rezident əlaqələndiricisi Fikrət Akçura, ATƏT-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Koray Tarqay, BMT-nin İctimai İnformasiya Departamentinin Azərbaycandakı nümayəndəsi Envera Selimoviç, Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəsi Serhan Aktoprak iştirak edib.
BMT-nin rezident əlaqələndiricisi Fikrət Akçura bildirib ki, tədbirin məqsədi daha çox iştirakçıları dünyada baş verən son hadisələr, effektiv kommunikasiya, qloballaşma və çoxtərəfli diplomatiya haqqında maarifləndirməkdir. Onun sözlərinə görə, Bakı BMT Modelininin növbəti dördüncü konfransının digər məqsədi BMT-də baş verənləri məktəblilərə, gənclərə göstərib, onları məlumatlandırmaqdan ibarətdir: “Biz istəyirik ki, BMT ilə bağlı məktəblilər daha çox məlumatlı olsun və gələcəkdə diplomat olaraq Azərbaycanı təmsil etdikdə çətinlik çəkməsinlər”.
BMT-nin İctimai İnformasiya Departamentinin Azərbaycandakı nümayəndəsi Envera Selimoviç bildirib ki, keçmiş konfransların uğurunu davam etdirərək iştirakçıların yüksək professionallıq, diplomatik bacarıqlar və təmsil etdikləri ölkənin mövqeyi barədə dərin biliklər nümayiş etdirərək uğur qazanacaqlar: “Tədbirin təşkilatçıları olaraq, biz iştirakçıların zəngin təcrübə qazana bilmələri üçün əlimizdən gələni əsirgəmirik. Ümid edirik ki, nəticədə azərbaycanlı gənclər bu konfransdan əvəzsiz təcrübə, qəlblərində hərarət və çöhrələrində təbəssümlə ayrılacaqlar”.
ATƏT-in Azərbaycandakı nümayəndəsi Koray Targay qeyd edib ki, bu, Azərbaycanla əlaqələrin qurulmasının 20 illiyi çərçivəsində keçirilən tədbirlərdən biridir. Onun sözlərinə görə, ATƏT-in Azərbaycanla münasibətlərinin qurduğu 20 il müddətində mühüm işlər görülüb, layihələr həyata keçirilib.
Qeyd edək ki, BMT-nin Azərbaycanda fəaliyyət göstərməsinin 20 illiyinə həsr edilmiş Bakı BMT Modelinin dördüncü konfransında Bakıda yerləşən 12 məktəbdən 120-ə qədər şagird iştirak edib. Məktəblilər Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında təmsil olunmuş müxtəlif ölkələrin rollarını ifa edib, insan alverinə son qoyulması və ya təsirinin minimallaşdırılması mövzusunda digər nümayəndələrlə danışıqlar və müzakirələr aparıblar.
S.QARAYEVA




Bu yazı ( 119 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar