12px14px16px18px

“Polşa tatarları Azərbaycanda” kitabı təqdim olunub

00:09 / 17.04.2012
Dünyanın bir çox ölkələrinin universitetləri ilə sıx əlaqə saxlayan Bakı Slavyan Universiteti öz əhatə dairəsini getdikcə genişləndirir. 16 aprel tarixində Polşanın Torun şəhərindən gələn nümayəndə heyəti BSU-nun qonağı olmuşdur. Nümayəndə heyətində Asiya-Pasifik Cəmiyyətinin prezidenti, “Adam Marşelak” Nəşriyyat Evinin prezidenti prof. Adam Marşelak, Nikolay Kopernik adına Torun Universitetinin rektoru prof.Andjey Raciminski, Şərqi Araşdırmalar Mərkəzinin direktoru prof. İoanna Marşelak-Kava və həmin mərkəzin İdarəetmə heyətinin üzvü prof. Yanuş Korol təmsil olunmuşlar.
BSU-da fəaliyyət göstərən tədris-mədəniyyət mərkəzləri və muzeylə tanış olduqdan sonra polşalı qonaqlar Polyak Dili və Mədəniyyəti mərkəzində “Polyak dili” və Polşaşünaslıq ixtisası üzrə təhsil alan tələbələri ilə görüşmüşlər, pedaqoji və elmi fəaliyyətləri barədə maraqlı söhbət açmışlar. Tələbələrin çoxsaylı suallarını cavablandıran polşalı qonaqlar gəlcəkdə baş tuta biləcək hər cür əməkdaşlığa hazır olduqlarını bildirmişlər.
Sonra BSU-nun konfrans zalında polşalı qonaqların iştirakı ilə professor Kamal Abdullayevin “Yarımçıq əlyazma” romanının polyak dilinə tərcüməsinin və Azərbaycanın Macarıstandakı Fövqəladə və Səlahiyyətli səfiri, həmçinin Azərbaycanın Polşadakı sabiq səfiri professor Vilayət Quliyevin “Polğskie tatarı v Azerbaydjane” kitabının təqdimat mərasimi keçirildi. Tədbiri giriş sözü ilə açan BSU-nun professoru M.Qocayev Polşa-Azərbaycan mədəni əlaqələrinin qədimliyindən danışdı və bildirdi ki, bu mədəniyyətlər bu gün də bir-biri ilə sıx əlaqədədir. Kamal Abdullayevin öz zəngin yaradıcılığı ilə Azərbaycan ədəbiyyatına verdiyi töhfələrdən danışan M.Qocayev onu da qeyd etdi ki, bu roman tək yaşlı nəslin deyil, eyni zamanda gənc oxucuların da böyük marağına səbəb olub və çox sevindirici haldır ki, bir neçə dillərə tərcümə edilən və bu yaxınlarda Nobel mükafatına təqdim olunan “Yarımçıq əlyazman”ı artıq polyak dilində də oxumaq mümkün olacaqdır.
“Yarımçıq əlyazman”ı polyak dilində nəşr edən “Adam Marşalek” Nəşriyyat Evinin prezidenti prof. A.Marşalek Azərbaycana ilk dəfə gəldiyini və Bakının olduqca gözəl və ecazkar şəhər olduğunu söylədi. A.Marşalek K.Abdullayevin “Yarımçıq əlyazma”sı ilə tanışlığından ətraflı söhbət açdı və bildirdi ki, “sözügedən kitabın Nobel mükafatına layiq görülmə şansı bizi olduqca sevindirir”.
Nikolay Kopernik adına Torun Universitetinin rektoru prof. A.Raciminski BSU ilə əməkdaşlıq yaratmaqda maraqlı olduğunu dilə gətirdi. Şərqi Araşdırmalar Mərkəzinin direktoru prof. İoanna Marşelak-Kava bildirdi ki, baxmayaraq ki, ölkələrimiz bir-birindən uzaq yerləşir, ancaq bizim mədəniyyətlərimiz olduqca yaxındır. BSU-nun əməkdaşları Gülər Abdullabəyova, Seyfəl Həsənov və Qalib Barxalov çıxış edərək təqdim olunan kitabların elmi və mədəni dəyərindən bəhs etdilər. Qalib Barxalov qeyd etdi ki, V. Quliyevin müəllifi olduğu kitabda arxiv materiallarına əsaslanaraq Azərbaycan Xalq Cümhiriyyətinin Ordu və Dövlət Strukturlarının formalaşmasında Şərqi Avropa türklərinin –polyak tatarlarının misilsiz xidmətlərindən bəhs edilir.
Sonda BSU-nun rektoru, AMEA-nın müxbir üzvü prof. Kamal Abdullayev polyak qonaqlara universitetin dəvətini qəbul edib görüşə gəldiklərinə görə dərin minnətdarlığını bildirdi. Əsərin dilinin çətinliyinə baxmayaraq, onun polyak dilinə, mütəxəssislərin qeyd etdikləri kimi, yüksək səviyyədə tərcümə olunduğunu dilə gətirən K.Abdullayev Adam Marşalek Nəşriyyat Evinə “Yarımçıq əlyazma”nı nəşr etdilkərinə və polşalı oxuculara təqdim etdiklərinə görə dərin təşəkkürünü bildirdi.
S.QARAYEVA




Bu yazı ( 125 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar