12px14px16px18px

“Uşaq və yeniyetmələrin elmi-texniki yaradıcılıq müsabiqəsi”nin qalibləri mükafatlandırılıb

00:13 / 14.04.2012

Dünən Təhsil Nazirliyinin nəzdindəki Heydər Əliyev adına liseydə nazirlik sistemində fəaliyyət göstərən texniki yaradıcılıq mərkəzlərinin dərnək üzvləri arasında keçirilmiş “Uşaq və yeniyetmələrin Respublika elmi-texniki yaradıcılıq müsabiqəsi” qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Tədbiri giriş sözü ilə açan təhsil nazirinin müavini Qulu Novruzov nümayiş olunan aviamodel və kosmik modelləri yüksək qiymətləndirərək son illər texniki yaradıcılıq mərkəzlərinin fəaliyyətinin genişlənməsini təqdirəlayiq hal kimi dəyərləndirib. Texniki yaradıcılıq mərkəzlərinin dərnək üzvlərinin sayının artmasının əhəmiyyətinə toxunan nazir müavini xaricdə təhsillə bağlı dövlət proqramının həyata keçirilməsində texniki və mühəndislik sahələrinin proritet təşkil etdiyini nəzərə çatdırıb. Dərnək üzvlərinin hərbi texnika modellərinə üstünlük vermələrini şagirdlərin vətənpərvərlik ruhunda yetişməsinin bariz nümunəsi olduğunu vurğulayan Q.Novruzov bunu ölkəmizin ərazi bütövlüyünün qorunması naminə atılan addımların tərkib hissəsi kimi səciyyələndirib. Müsabiqə qaliblərini təbrik edən Q.Novruzov fərqlənən şagirdlərin gələcəkdə peşəkar mühəndis kimi yetişəcəyinə ümidvar olduğunu bildirib.
Nazir müavini qeyd edib ki, müsabiqənin keçirilməsində əsas məqsəd uşaq və yeniyetmələrin elmi-texniki potensialının üzə çıxarılması, yaradıcılıqlarının inkişaf etdirilməsinə stimul verilməsi və onlar arasında təcrübə mübadiləsini təşkil etməkdir. Müsabiqə Təhsil Nazirliyinin 2012-ci il tarixli, 6 fevral 165 nömrəli əmri ilə rayon (şəhər) və Respublika mərhələləri olmaqla 7 zona üzrə keçirilib. Texniki yaradıcılığın 5 növü üzrə 15 nominasiyada keçirilmiş müsabiqənin respublika mərhələsinə 209 iş təqdim edilib. Münsiflər heyəti seçimi əsasında 45 nəfəri qalib olaraq müəyyənləşdirilib.
Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin Respublika Şurasının sədri, general-mayor Novruzəli Orucov şagirdlərdə olan hərbi vətənpərvərlik ruhunu yüksək qiymətləndirərək müsabiqənin əhəmiyyətindən bəhs edib. Hərbi texnika modelinin hazırlanmasının yüksək bacarıq tələb etdiyini bildirən N.Orucov qalibləri təbrik edərək onlara gələcək işlərində uğurlar arzulayıb.
Sonra ölkədə fəaliyyət göstərən texniki yaradıcılıq mərkəzlərinin dərnək üzvlərinin əl işlərindən ibarət sərgiyə baxış keçirilib.
Sonda müsabiqənin Respublika mərhələsində I, II və III yerləri tutan yeniyetmələr Təhsil Nazirliyinin diplom və hədiyyələri ilə mükafatlandırılıb.
S.QARAYEVA




Bu yazı ( 184 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar