12px14px16px18px

Gənc alim və mütəxəssislərin 1-ci qrant müsabiqəsinin qaliblərilə görüşü olub

00:56 / 13.04.2012
Dünən Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondu gənc alim və mütəxəssislərin 1-ci qrant müsabiqəsinin qalib rəhbərləri ilə seminar və təqdimat xarakterli görüş keçirib.
Tədbirdə çıxış edən Fondun icraçı direktoru Elçin Babayev bildirib ki, Azərbaycanda ilk dəfə olaraq gənc alim və mütəxəssislərin 1-ci qrant müsabiqəsi keçirilib: “Gələcəkdə bu müsabiqələr daha da geniş formatda keçiriləcək. Ölkə prezidentinin imzaladığı “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı və onunla əlaqədar Tədbirlər Planının 3 bəndində Elmin İnkişafı Fondu iştirak edir. Bundan başqa, istedadlı gənc alimlər haqqında məlumat bazasının yaradılması üzərində də işi yerinə yetiririk. Növbəti işimiz isə müvafiq qurumlarla birgə Gənc İstedadlar Laboratoriyasının yaradılmasında iştirakdan ibarət olacaq”. E. Babayev deyib ki, müsabiqədə 26 layihə qalib elan edilib. Qalib layihələrin 15-i fundamental-tətbiqi, 2-si axtarış-innovasiya, 2-si maddi texniki-təminat, 5-i ekspedisiya və çöl işləri, 1-i Azərbaycanda elmi tədbirin təşkili və keçirilməsi, 1-i isə xaricdə qısamüddətli təcrübə keçməklə bağlı olub. Qalib layihələrin rəhbər və icraçıları AMEA-nın 37 institutundan 16-nın, 1 nazirliyin, 2 QHT-nin, 2 özəl müəssisənin, 6 ali təhsil müəssisəsinin əməkdaşlarıdır.
E.Babayev vurğulayıb ki, Azərbaycanın ali təhsil müəssisələrindən 151 alim Elmin İnkişafı Fondunun qrant layihələrində iştirak edib. Təkcə təhsil sistemində çalışan alimlərə 2,5 milyon manatdan çox vəsait ayrılıb. Onun sözlərinə görə, Elmin İnkişafı Fondunun illik büdcəsi təqribən 6,5 milyon manat təşkil edir: “Bu baxımdan ali təhsil sistemində çalışan alimlər üçün ayrılan vəsaiti qənaətbəxş hesab etmək olar”. E.Babayev deyib ki, rəhbərlik etdiyi qurum akademiya və təhsil sistemində olan alimləri bir araya gətirmək üçün yeni format yaradıb: “Ən müxtəlif qurumlardan olan alimlər birgə çalışırlar və elmi tədqiqat işlərini yerinə yetirirlər. Bu cür təşəbbüslər alqışlanmalıdır. Təhsil sistemində çalışan alimlərin fəallığının artırılması üçün Təhsil Nazirliyi tədbir görməlidir. Onlar keyfiyyətli layihələrdə iştirak etməlidirlər ki, qaliblər sırasına daxil olsunlar”.
Gənclər və idman nazirinin müavini İntiqam Babayev isə bildirib ki, Azərbaycanın gənc alimləri ixtiralarla çıxış edərək ölkənin müsbət imicini formalaşdırılmasında öz töhfələrini verirlər: “Çalışmalıyıq ki, gənclər arasında elmi fəaliyyətə maraq daha da genişlənsin. Bu ideyanı populyarlaşdırmaq lazımdır. Belə müsabiqələrin keçirilməsi Azərbaycanda gənclərin elmi yaradıcılığına yeni bir vüsət verəcək”.
İ.Babayev əlavə edib ki, Gənclər və İdman Nazirliyi gənc alimlərin yaşının 40-a çatdırılmasını təklif edib. O qeyd edib ki, bu, Azərbaycanda gənclər siyasəti ilə bağlı qanunverici bazanın monitorinqindən sonra Milli Məclisə təqdim olunacaq təkliflər paketində öz əksini tapacaq: “Təklif edilib ki, “Gənclər siyasəti” haqqında qanunun preambula hissəsində ayrıca olaraq digər anlayışlarla yanaşı, “gənc alim” anlayışı da öz əksini tapsın. Bizim fikrimizcə, gənc alimlərin yaşını 40-a qədər qaldırmaq olar. Hər halda, son sözü parlament deyəcək. Elm sahəsi spesifik sahədir. Azərbaycanda gənc 29 yaşa qədər olan şəxslər nəzərdə tutulur. Amma elm sahəsində 40 yaş özlüyündə gənclik dövrüdür. Çünki elm ağır və məsuliyyətli sahədir. Bu qərar gənc alimlərin inkişafına dəstək, problemlərinin həllinə kömək olacaq”. İ.Babayev bildirib ki, Azərbaycanda gənclər siyasəti ilə bağlı qanunverici bazanın monitorinqinə başlanıb. “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının ilk bəndi məhz mövcud olan normativ-hüquqi bazanın gənclərin maraqları baxımından monitorinq edilməsi, təkmilləşdirilməsi və təkliflər paketinin hazırlanması ilə əlaqəlidir. İ.Babayev qeyd edib ki, hazırda gənclərlə bağlı bir neçə dövlət sənədinin təhlili aparılır: “Bu sənədlər “Gənclər siyasəti” haqqında qanun, Məşğulluq Strategiyası, Regionların sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət Proqramı və digər qanunlardır. Bununla əlaqədar BMT-nin İnkişaf Proqramı və UNİCEF-lə birgə işçi qrup yaradılıb. Bu ilin sonuna qədər təkliflər paketi Azərbaycan Milli Məclisinə təqdim ediləcək. İlk əvvəl “Gənclər siyasəti” haqqında qanuna, sonra isə digər əlaqədar qanunlar və dövlət proqramlarına düzəliş və əlavələr ediləcək”.
Sevinc QARAYEVA




Bu yazı ( 103 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar