12px14px16px18px

Sənəd Qəbulu Komissiyalarının fəaliyyətilə bağlı seminar-məşğələ keçirilib

00:55 / 13.04.2012
Dünən Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2012-2013-cü tədris ili üçün ölkənin ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulunun aparılması ilə bağlı Sənəd Qəbulu Komissiyaları (SQK) ilə seminar-məşğələ keçirib. Komissiyanın mətbuat xidmətindən verilən məlumata görə, seminarda TQDK-nın inzibati binasından Komissiyanın Naxçıvan, Gəncə, Lənkəran, Quba və Şəki regional bölmələri ilə canlı videobağlantı qurulub.
Tədbirdə Komissiyanın Təşkilat şöbəsinin müdiri Arzu Bağırov bildirib ki, builki qəbul imtahanlarında iştirak etmək üçün abituriyentlər aprelin 10-dan mayın 16-dək internet vasitəsilə elektron ərizələrini doldurmalı və tələb olunan sənədləri aprelin 16-dan mayın 18-dək müvafiq SQK-ya təqdim edərək ərizələrini təsdiq etdirməlidirlər. Sənəd Qəbulu Komissiyalarına müvafiq hazırlıq işlərinin aparılması üçün tapşırıqlar, “elektron ərizə” qəbulu sisteminin proqram təminatı barədə məlumat verilib.
Qeyd edək ki, cari ildə abituriyentlərin “elektron ərizə”lərini rahat şəkildə təsdiq etdirmələrinə şərait yaratmaq məqsədilə ölkə üzrə 128 SQK təşkil olunub.
TQDK-nın məlumatında bildirilib ki, ölkənin ali və orta ixtisas məktəblərinə qəbul imtahanlarında nəzarətçi kimi iştirak edəcək müəllimlər üçün seminar-məşğələləri başa çatdırıb. Fevral ayının 1-dən etibarən başlayan seminarlarda 8000-dən artıq nəzarətçi-müəllim iştirak edib. Seminarlar Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Təşkilat şöbəsinin məsul əməkdaşları tərəfindən aparılıb. TQDK-da nəzarətçi və imtahan rəhbərləri qismində Azərbaycan Milli Elmlər Akademiyasından cəlb edilmiş şəxslərlə sonuncu seminar olub. İmtahan prosedurlarının daha səmərəli izahını təmin etmək üçün seminar-məşğələlər 25-30 nəfərlik qruplarla keçirilib. Seminar-məşğələlərdə iştirak edən müəllimlər TQDK tərəfindən keçirilən sınaq imtahanlarına cəlb ediliblər. Bu da onların seminarlarda əldə etdikləri nəzəri bilikləri təcrübədə tətbiq etmələrinə kömək edəcək. Sınaq imtahanlarında nəzarətçi kimi özünü doğruldan müəllimlər qəbul imtahanlarına cəlb olunacaqlar.
S.QARAYEVA



Bu yazı ( 96 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar