12px14px16px18px

Almaniyalı alimlər BSU-da

UNİVERSİTETDƏ SİLSİLƏ TƏDBİRLƏR KEÇİRİLİB

00:51 / 13.04.2012
Bakı Slavyan Universiteti ilə Almaniyanın Yohannes Qutenberq Universiteti – Mayns və “Osvald fon Volkenştayn Cəmiyyəti” arasında 2008-ci ildə imzalanmış müqaviləyə əsasən “Kitabi-Dədə Qorqud” və “Nibelunqlar haqqında nəğmə”: Ortaçağ qəhrəmanlıq dastanlarında Şərq və Qərb” adlı 10 illik layihə həyata keçirilir və bu məqsədlə iki ildə bir dəfə Azərbaycanda va Almaniyada eposların ən müxtəlif aspektlərini əhatə edən simpoziumlar təşkil edilir. Bu simpoziumlar sözügedən dastanların ədəbi xüsusiyyətləri, üslubiyyatı, nəşri və tərcüməsi, kulturoloji aspektləri, eləcə də, onların dərki və xalqlarımızın dünyagörüşü və həyatında oynadıqları rolla bağlı müxtəlif məsələləri əhatə edir. Artıq layihə çərçivəsində 2009-cu ilin 30 sentyabr – 4 oktyabr tarixlərində Bakı Slavyan Universitetində “Kitabi-Dədə Qorqud “ və “Nibelunqlar haqqında nəğmə” eposlorının linqvistik təhlili” adlı ilk simpozium keçirilib. 2011-ci ilin 8-13 iyun tarixlərində Almaniyanın Mayns şəhərində keçirilən ikinci simpoziumda isə hər iki möhtəşəm eposun ədəbiyyatşünaslıq aspektləri araşdırılıb.
Lahiyənin həyata keçirildiyi müddətdə Almaniyanın Vürsburq Universitetinin, eləcə də BSU-nun fəxri professoru, “Osvald fon Volkenştayn” Cəmiyyətinin prezidenti Dr. Ziqlinde Hartman mütəmadi olaraq BSU-nun Filologiya fakültəsinin germanşünas tələbələrinə mühazirələr oxuyur, ustad dərsləri keçir, alman dili və ədəbiyyatını tədris edən müəllimlərlə görüşür. Bu ilin 28 mart tarixindən xanım Hartman universitetidə orta əsrlər alman ədəbiyyatından silsilə mühazirələr aparıb. Qeyd edək ki, aprelin 13-dək davam edən mühazirələrdə orta əsr alman ədəbiyyatının ən müxtəlif mövzuları müzakirə obyektinə çevrilib.
Xanım Hartman bu dəfə təkcə mühazirələrlə deyil, eyni zamanda maraqlı konsert proqramının təşkilatçısı qismində BSU-nun görüşünə gəlib. Belə ki, 6 aprel tarixində universitetin Akt zalında müasir alman folklorşünas alimi və folklor nümunələrinin mahir ifaçısı Eberhard Fon Kummerin “Nibelunqlar haqqında nəğmə” motivləri əsasında hazırladığı xüsusi konsert olub. Konserti giriş sözü ilə açan BSU-nun rektoru, AMEA-nın müxbir üzvü professor Kamal Abdullayev qonaqları salamlayıb və layihə haqqında ətraflı məlumat verib: “Bu tədbirin keçirilməsində böyük xidməti olan, eyni layihə ətrafında çalışdığımız almaniyalı həmkarımız prof. Ziqlinde Hartmana, BSU-nun Humbolt adına Alman Dili və Mədəniyyəti Mərkəzinin, Alman filologiyası kafedrasının əməkdaşlarına dərin minnətdarlığımı bildirirəm.”
Kamal Abdullayev eyni zamanda qeyd edib ki, “bu gün biz çox ecazkar bir aləmə düşəcəyik. Bu, Almaniyanın keçmiş tarixini canlandıran Nibelunqlar aləmidir”. Rektor çıxışının sonunda cənab fon Kummerə konsertə görə təşəkkürünü bildirib. Sonra xanım Hartman tədbiri Azərbaycan dilində çıxışı ilə davam etdirib və bildirib ki, “biz bu gün orta əsrlər alman ədəbiyyatının ən sevimli dastanlarından biri sayılan Nibelunqlar nəğməsini sizə təqdim etməkdən böyük şərəf hissi duyuruq. Onu da qeyd etmək istərdim ki, konsert ilk dəfə Bakı Slavyan Universitetində germanistika tələbələrinin müşaiyəti ilə keçirilir”. Tələbələr “Nibelunqlar nəğməsi”ni həm alman, həm də Azərbaycan dilində təqdim ediblər.
Konsertdə Belarusun Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri İ.Patskiyeviç, Almaniya və İsveçrənin Azərbaycandakı səfirliklərinin nümayəndələri, universitetin professor, müəllim və tələbə heyəti və başqa qonaqlar da iştirak edib və tədbir tamaşaçıların böyük marağına səbəb olub.
7 aprel tarixində isə almaniyalı qonaqlar Xızı rayonuna səfər etmişlər. Universitetin əməkdaşları və alman dilində tədris alan 12 tələbə Azərbaycanın Xızı rayonuna səfər zamanı qonaqları müşayiət etmişlər.
Xızı rayonu ilə tanışlığa Xızının İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayevlə görüşlə başlanılıb. Vaqif Abdullayev qonaqları qəbul edərək onlara Xızı rayonunun zəngin tarixi, gözəl təbiəti, abidələri, coğrafi mövqeyi haqqında maraqlı məlumat vermiş, rayonda gedən quruculuq-abadlaşdırma işləri barədə geniş söhbət açmışdır. Qonaqlar Xızının Tarix və Diyarşünaslıq muzeyi ilə tanış olmuşlar.
Prof. Ziglinda Hartman aprelin 10-da BSU-nun Məktəb-Lisey Kompleksi, partnyor məktəblərin alman dili müəllimləri və ixtisasartırma kurslarında iştirak edən orta məktəb müəllimləri ilə görüşüb. Bu görüşə Məktəb-Lisey Kompleksinin direktoru, Filologiya fakültəsinin dekanı, Alman filologiyası kafedrasının müdiri və filologiya fakültəsinin tələbələri qatılıblar. Görüş debat şəklində keçib və almaniyalı professor tələbələri maraqlandıran sualları cavablandırıb.
Almaniyalı alim və onu müşayiət edən qonaqlar Azərbaycandan xoş təəssüratlarla ayrılırlar.Amma bu ayrılıq müvəqqətidir. Qarşıda hər iki xalqın milli eposlarının tədqiqi ilə bağlı layihə çərçivəsində BSU əməkdaşlarının, azərbaycanlı alim və tədqiqatçıların Almaniyaya səfəri gözlənilir.
S.QARAYEVA



Bu yazı ( 107 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar