12px14px16px18px

Elsəvər Ağayev:“Azərbaycanda narkomanların sayı ildən-ilə artır”

SƏHİYYƏ NAZİRİNİN MÜAVİNİ: “ÖLKƏDƏ NARKOMANLARIN SAYI 26 MİN 700 NƏFƏRDƏN ÇOXDUR”

00:20 / 12.04.2012
Dünən Bakıda Təhsil və Səhiyyə nazirliklərinin birgə təşəbbüsü ilə “Narkotiklərə YOX deyək!” devizi altında kampaniyaya start verilib.
Kampaniyanın keçirilməsində məqsəd gənclərin narkomaniyanın zərəri barədə məlumatlandırmaq və onlara sağlam həyat tərzini formalaşdırmaqdır.
Tədbirdə çıxış edən səhiyyə nazirinin müavini Elsəvər Ağayev qeyd edib ki, ölkədə narkomanların sayı ildən-ilə artır və hər il təxminən 100 nəfər təşkil edir. Nazir müavini bildirib ki, ötən ilin statistikasına görə, Azərbaycanda olan narkomanların sayı 26 min 700 nəfərdən çoxdur. Onların 80 faizə yaxını inyeksiya yolla narkotik istifadəçisidir. Ancaq rəsmi qeydiyyatda olmayan narkomanlarının sayının isə minlərlədir: “Azərbaycanda məktəblilər arasında da narkotik vasitələrdən istifadə edənlər var. Onların sayı Respublika Narkoloji Dispanserin dediyi kimi 4 yox, daha çoxdur və bu da Səhiyyə Nazirliyini narahat edir”. E.Ağayev bildirib ki, buna görə də məktəblərdə təbliğat işləri doğru aparılmalı və bu işə valideynlər, cəmiyyət cəlb olunmalı, xüsusən də gənclər, yeniyetmələr bir-biri arasında təbliğatı genişləndirməlidir. Nazir müavini vurğulayıb ki, narkotik və psixotrop maddələrin qeyri-qanuni istifadəsi hallarına qarşı mübarizədə hər bir kəs, o cümlədən valideynlər, şagirdlər də aktiv olmalıdırlar: “Səhiyyə Nazirliyinin Təhsil Nazirliyi ilə birgə apardığı “Narkotiklərə YOX deyək!” adlı kampaniyaya gənclərin kömək olacağını ümid edirəm. Gənclər öz aralarında müəyyən vaxtlarda internet və digər vasitələrdən istifadə edir, müxtəlif növ ünsiyyət saxlayırlar. Təbii ki, bu təbliğat kampaniyasında şagirdlər də bir-birini düzgün yola cəlb edəcəklər. Azərbaycan 1961-ci ildə BMT-nin Narkotik Vasitələrin istifadəsi üzrə Konvensiyaya, 1971-ci ildə Psixotrop maddələrin istifadəsi üzrə Konvensiyaya qoşulub. Ona görə də biz mütəmadi olaraq bu maddələrin qanuni istifadəsi ilə bağlı məlumatları təqdim edirik. Səhiyyə Nazirliyi narkotik, psixotrop maddələrin, onların prikursorlarının qanuni dövriyyəsinə nəzarət edən əsas qurumdur”.
Nazir müavini qeyd edib ki, bu gün səhiyyəni narkotik, psixotrop maddələrsiz təsəvvür etmək mümkün deyil. Bəzi psixotrop maddələrin əldə olunması məsələsinə gəlincə, E.Ağayev vurğulayıb ki, Azərbaycanda apteklərdə narkotik təsir göstərən dərmanlar reseptsiz satılmır: “Narkolji təsir göstərən dərmanların siyahısı beynəlxalq qurumlar tərəfindən müəyyənləşdirilib. Əgər hansısa dərman öyrəşmə verirsə, problem yarada bilirsə, insan orqanizmi üçün asılılıq yarada bilərsə, onlar dövriyyəsinə nəzarət olunan xüsusi psixotrop maddələrin siyahısına salınır”.
Tədbirdə çıxış edən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun rəhbəri Araz Əliquliyev isə bildirib ki, Azərbaycanda qeydiyyata düşən narkomanların 80 faizi ağır narkotik istifadəçiləridir. Onun sözlərinə görə, yeniyetmələr arasında uyuşdurucu maddələrdən istifadə halları artıb: “Onlar daha çox kley, yapışqan, aseton, apteklərdə satılan bəzi reseptsiz dərmanlardan istifadə edirlər. Bunun qarşısını almaq üçün yeniyetmələr arasında maarifləndirmə işlərinin aparılması vacibdir ki, onları bu yola sürükləyənlərə “yox” deyə bilsinlər”.
Respublika Narkoloji Mərkəzinin şöbə müdiri Pərvin Məmmədov isə deyib ki, Azərbaycanda qeydiyyatda olan narkomanlardan 511 nəfəri qadınlardır: “Narkotik vasitələrdən daha çox istifadəyə görə, Salyan, Masallı və Cəlilabad rayonları və Şirvan şəhəri ön yerlərdədir”.
Sevinc QARAYEVA




Bu yazı ( 91 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar