12px14px16px18px

Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqə şərtləri açıqlanıb

00:22 / 11.04.2012
Aprelin 10-dan etibarən Azərbaycanda 2012-2013-cü tədris ili üçün ali məktəblərə sənəd qəbulu başlayıb. Bu barədə 2012-2013-cü tədris ili üçün ali və orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulunun başlanması ilə əlaqədar keçirdiyi mətbuat konfransında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə danışıb. Komissiya sədrinin sözlərinə görə, ali məktəblərə sənəd qəbulu bu gündən mayın 16-dək aparılacaq. Aprelin 16-dan ərizələrin təsdiqlənməsinə başlanacaq və bu proses mayın 18-də bitəcək. Ali və orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu internet vasitəsilə aparılacaq. Abituriyentlər TQDK tərəfindən təyin olunan vaxtda internet vasitəsilə TQDK-nın rəsmi saytında “Abituriyentin elektron ərizəsi”ni dolduraraq, müvafiq sənədləri Komissiya tərəfindən yaradılan Sənəd Qəbulu Komissiyalarına (SQK) şəxsən təqdim etməklə ərizələrini rəsmiləşdirəcəklər. Qəbul imtahanları keçirildikdən sonra müsabiqə şərtlərini yerinə yetirən abituriyentlər “Elektron ərizə”lərində qəbul olunmaq istədikləri ixtisas kodunu qeyd edəcəklər: “Bu il test blokuna iki fənn üzrə açıq tipli test tapşırıqları daxil ediləcək. Belə ki, bütün qruplarda iki imtahan fənninin hər biri üzrə təqdim edilən 25 test tapşırığından 5-i açıq tipli olacaq. I ixtisas qrupunda riyaziyyat və fizika, II ixtisas qrupunda riyaziyyat və coğrafiya, III ixtisas qrupunda riyaziyyat və tarix, IV ixtisas qrupunda isə riyaziyyat və kimya fənlərində açıq tipli test tapşırıqlarından istifadə ediləcək. Bu il ali təhsil müəssisələrinin III ixtisas qrupunda olan ixtisaslar DT və XH alt qruplarına bölünməyəcək və bu qrupda imtahan balları vahid qaydada hesablanacaq. Həmin qrup üzrə Ana dili və tarix fənləri əsas fənlər hesab olunacaq və fənlərin çəki əmsalları Ana dilində 2, tarixdə 2, riyaziyyat, ədəbiyyat və xarici dil fənlərinin hər birində 1 bal nəzərə alınacaq. Bu il ali məktəblərə III ixtisas qrupu üzrə qəbul imtahanları iyulun 1-də, I ixtisas qrupu üzrə iyulun 8-də, IV ixtisas qrupu üzrə iyulun 14-də, II ixtisas qrupu üzrə imtahan isə iyulun 20-də keçiriləcək. Rus bölməsi abituriyentləri üçün Azərbaycan dili fənnindən ilk imtahan mayın 13-də, ikinci imtahan isə iyunun 24-də təşkil olunacaq”.
M.Abbaszadə bildirib ki, TQDK ali və orta ixtisas təhsili müəssisələrinə xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqənin keçirilmə şərtlərini açıqlayıb. Xüsusi qabiliyyət tələb edən ixtisaslar təsviri sənət, musiqi sənəti, memarlıq və dizayn, bədən tərbiyəsi və idman istiqamətlərinə aiddir. Bu ixtisaslara qəbul olmaq istəyən abituriyentlər test imtahanından əlavə qabiliyyət imtahanı da verməlidirlər. Bu ixtisaslara qəbul olmaq istəyən abituriyentlər əvvəlcə ərizələrini ümumi qaydaya əsasən təsdiq etdirir, sonra TQDK tərəfindən yaradılmış müvafiq Qabiliyyət İmtahanı Komissiyasında (QİK) seçmə turda iştirak edirlər. Bunun üçün abituriyent mayın 1-dən 18-dək QİK-ə tələb olunan sənədləri və yaradıcılıq fəaliyyətinə dair işləri təqdim edir. QİK-də abituriyentin təhsil almaq istədiyi ixtisasa yararlılığı yoxlanılır və yoxlamadan uğurla keçənlər qeydiyyata alınır. Xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul imtahanları iki mərhələdə keçirilir. I mərhələdə abituriyentlər test imtahanı verirlər. Abituriyentin bu imtahanda topladığı bal oxumaq istədiyi ixtisaslar üçün müəyyən edilmiş müsabiqə şərtlərini ödəyirsə, onlar II mərhələdə qabiliyyət imtahanı verirlər. Test və qabiliyyət imtahanlarında müsabiqə şərtlərini ödəyən abituriyentlər uyğun ixtisaslar üzrə müsabiqədə iştirak edirlər. M.Abbaszadənin dediyinə görə, növbəti tədris ili üzrə ali məktəblərə qəbul planında açılması nəzərdə tutulan Bakı Ali Neft Məktəbi üçün də plan yerləri ayrılıb. Növbəti tədris ili üçün qəbul planının layihəsi artıq Azərbaycan Prezidenti yanında Təhsil Komissiyasına təqdim edilib. Ölkə prezidentinin müvafiq sərəncamına uyğun olaraq artıq qəbul planının layihəsini Təhsil Komissiyası təsdiqləyəcək. M. Abbaszadə bu ilki qəbul planında plan yerlərinin ötən ilkinə nisbətən 9,5 faiz çoxaldığını bildirib. Komissiya sədri əlavə edib ki, aprelin sonunda rezidentura hazırlığı üzrə yeni qəbul proqramları açıqlanacaq. Hazırda rezidenturaya qəbulla bağlı təkmilləşdirmə işləri Azərbaycan Tibb Universiteti və Səhiyyə Nazirliyi ilə birgə aparılır. Bu məqsədlə müvafiq təhsil müəssisələrinin nümayəndələrinin və mütəxəssislərin iştirakı ilə seminarlar keçirilir. TQDK sədri deyib ki, rezidenturaya qəbul proqramlarının məzmunu müasirləşdirilir.
Sevinc QARAYEVA



Bu yazı ( 107 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar