12px14px16px18px

“Azərbaycan dilində mürəkkəb sintaktik bütövlər”

00:18 / 11.04.2012
2012-ci ilin aprel ayının 10-da Bakı Slavyan Universitetində “Azərbaycan dilində mürəkkəb sintaktik bütövlər” adlı dərs vəsaitinin təqdimatı kecirildi. Bu əsər AMEA-nın müxbir üzvü prof. K.M. Abdullayevin rəhbərliyi və iştirakı ilə müəlliflər qrupu tərəfindən hazırlanmışdır. Həcmi 600 səhifədən çox olan kitab faktiki olaraq “Mətn sintaksisinin ensiklopediyası” formatında tərtib edilmişdir.
Monoqrafiya filologiya istiqaməti üzrə təhsil alan ali məktəb tələbələri, magistrantlar və mətn sintaksisi ilə məşğul olan mütəxəssislər üçün nəzərdə tutulmuşdur. Qeyd etmək lazımdır ki, mətn sintaksisi xüsusi linqvistik fənn kimi bütün universitetlərin tədris planların çoxdan daxil edilib, lakin ölkəmizdə indiyə qədər bu fənn üzrə xüsusi dərs vəsaiti olmamışdır. Beləliklə, sintaksis nəzəriyyəsi ilə bağlı bu kitab Azərbaycanda işıq üzü görmüş və tədris prosesində geniş istifadə edilə biləcək ilk nəşrdir.
Təqdimat mərasimini BSU-nun Ümumi və rus dilçiliyi kafedrasının professoru İlyas Həmidov açaraq tədbir iştirakçılarını salamladı: “Bu günki təqdimat mərasimi əsl elmi bayramdır. Düşünürəm ki, “Azərbaycan dilində mürəkkəb sintaktik bütövlər” əsəri prof. Kamal Abdullayevin öz məsləkdaşları ilə reallaşdırdığı əsaslı elmi layihədir və bu layihə Azərbaycan dilçiliyində konkret bir elmi məktəbin, elmi-nəzəri cərəyanın bünövrəsinə qoyulmuş təməl daşı adına tamamlilə layiqdir”.
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru prof. F.Veysəlli öz çıxışında təqdim edilən kitabın unikal bir dərs vəsaiti olduğunu bildirdi: “Sözsüz ki, biz Avropaya təkcə siyasi və iqtisadi cəhətdən deyil, eyni zamanda elmi baxımdan da yaxınlaşırıq və bu kitab da bu inteqrasiyanı təsdiq edir. Kitabın üstün cəhətlərindən biri də budur ki, bir neçə istiqaməti əhatə edən problemlər bir neçə fəsildə işıqlandırılsa da, bir kitabda toplanmışdır”.
BDU-nun Türkologiya kafedrasının müdiri, AMEA-nın müxbir üzvü prof. T.Hacıyev BSU-nu bir növ innovasiya ocağına bənzətdi və bildirdi ki, “ilk dəfə Kamal müəllim Azərbaycan dilçiliyinə mətn dilçiliyi problemini gətirmişdir”. Kitabda zəngin dilçilik terminologiyasının olduğunu qeyd edən T.Hacıyev müəllifləri bu kitabın işıq üzü görməsi münasibətilə təbrik etdi.
Sonra BSU-nun professoru A.Məmmədli, ADDU-nun dosenti A.Hüseynov, BSU-nun Roman-german kafedrasının müdiri, eyni zamanda kitabın müəlliflərindən biri dosent S.Fətəliyeva, BDU-nun profesoru S.Abdullayeva çıxış edərək kitabın elmi əhəmiyyətinin vacibliyindən danışdılar və müəllifləri kitabın ərsəyə gəlməsi münasibətilə təbrik etdilər.
Nəzərə çatdırmaq lazımdır ki, kitabın müəllifləri sırasında Türkiyənin Bursa Universitetinin professoru K.Üstünova, Qazi Universitetinin professoru M.Musayev də vardır.
Bu kitabın işıq üzü görməsi yalnız tələbələrin və magistrantların mətn nəzəriyyəsi sahəsində olan biliklərinin təkmilləşdirilməsi məqsədi daşımır, o həm də Azərbaycan dilçilik elmində yeni bir linqvistik məktəbin formalaşmasını təmin edir. Qeyd edilməlidir ki, bu kitabın ərsəyə gəlməsində təkcə görkəmli professorlar, təcrübəli dilçilər deyil, eyni zamanda gənc mütəxəssislər də iştirak etmişlər.
Görkəmli dilşünas alim prof. K.M. Abdullayev və onun nəzəri məktəbi tərəfindən bu layihənin həyata keçirilməsi türkologiya, o cümlədən, Azərbaycan dilçiliyin nəzəri sintaksisində olan boşluqların doldurulması cəhdi kimi qəbul edilə bilər. Belə ki, prof. K.M. Abdullayev bu dərs vəsaitində türkologiyada mətn nəzəriyyəsinin obyektini üç aparıcı istiqamətin kəsişməsində tədqiq edir: a) müasir mətn nəzəriyyələri işığında orta əsr bədii abidələrinin dilinin sistemli tipoloji öyrənilməsi; b) mətn və mürəkkəb sintaktik bütövün ümumi və xüsusi cəhətlərinin təyin olunması; c) cümlələrin və mürəkkəb sintaktik bütövlərin aktual üzvlənməsi ilə bağlı problemlərin həlli.
Azərbaycanda yeni dilçilik məktəbinin yaranışından xəbər verən bu kitab mətn sintaksisinin özəlliklərini araşdıran yeni tədqiqatçılar nəslinin yetişməsi ilə yanaşı, dil mədəniyyətinin inkişafına da müsbət təçir göstərmək iqtidarındadır.
S.QARAYEVA




Bu yazı ( 108 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar