12px14px16px18px

Valentina Matviyenkoya BDU-nun fəxri doktoru adı verilib

00:16 / 11.04.2012
Dünən Bakı Dövlət Universitetində (BDU) Rusiyanın tanınmış siyasətçisi və diplomatı, Rusiya Federasiyasının Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenkoya universitetin fəxri doktoru adının verilməsi münasibətilə tədbir keçirilib.
Çıxış edən rektor, akademik Abel Məhərrəmov qonaq haqqında ətraflı məlumat verib. O bildirib ki, Sovet İttifaqı və Rusiya Federasiyasının tanınmış dövlət xadimi, siyasətçisi və diplomatı Valentina İvanovna Matviyenko 21 sentyabr 2011-ci il tarixindən Rusiya Federasiyasının Federal Məclisinin Federasiya Şurasının sədri vəzifəsini yerinə yetirir. O, 7 aprel 1949-cu ildə anadan olub. Leninqradın Kimyəvi Əczaçılıq İnstitutunun məzunu olan V.Matviyenko Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin İctimai Elmlər Akademiyasını, eyni zamanda, Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasını bitirib: “1989-cu ildə SSRİ xalq deputatı seçilib. SSRİ Ali Sovetinin Ailə, Qadın və Uşaq Problemləri üzrə Komitəsinin sədri olub. 1991-1998-ci illərdə diplomatik fəaliyyət göstərib, fövqəladə və səlahiyyətli səfir dərəcəsi var. Rektor, V.Matviyenkonun 1998-2003-cu illərdə Rusiya Federasiyasının Nazirlər Şurası sədrinin müavini, 2003-2011-ci illərdə Sankt-Peterburqun qubernatoru vəzifəsini tutduğunu da diqqətə çatdırıb. V.Matviyenko 2011-ci ilin sentyabrında Rusiya Federasiyasının Federal Məclisinin Federasiya Şurasının sədri seçilib. Həmçinin MDB-yə üzv ölkələrinin Parlamentlərarası Assambleyanın Şurasının sədridir.
Sonra rektor Bakı Dövlət Universitetinin Elmi Şurasının 6 aprel 2012-ci il tarixli iclasının qərarını elan edib. Məlum olub ki, V.Matviyenko “Azərbaycan-Rusiya münasibətlərinin inkişaf etdirilməsində, elm və təhsil sahəsində əlaqələrin genişləndirilməsində fəal iştirakına görə” Bakı Dövlət Universitetinin Fəxri Doktoru adına layiq görülüb.
V.Matviyenkoya fəxri doktor diplomu, mantiya və hədiyyələr təqdim olunub.
Çıxış edən qonaq BDU-nun fəxri doktoru olmasından məmnunluğunu qeyd edərək bunu, ölkələrimizin elm və təhsil sahəsindəki əməkdaşlığa böyük önəm verməsinin simvolu kimi qiymətləndirdiyini bildirib. İki ölkə arasındakı əlaqələrdən danışan Valentina Matviyenko Rusiya-Azərbaycan partnyorluğunun Xəzər və Zaqafqaziya bölgəsində sabitlik, sülh və təhlükəsizliyinin əsas faktoruna çevrildiyini söyləyib.O, ölkələrinin gələcəyi, demokratiya, gender problemi və bir çox başqa məsələlər ilə bağlı fikirlərini bölüşüb, tələbələrin suallarını cavablandırıb.
S.QARAYEVA



Bu yazı ( 93 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar