12px14px16px18px

Olimpiadanın qalibləri mükafatlandırılıblar

04:16 / 10.04.2012
Heydər Əliyev adına İdman-Konsert Kompleksində “Ətraf mühitin mühafizəsi” VI Beynəlxalq layihə olimpiadasının (“İnepo-Avrasiya”) qalibləri mükafatlandırılıblar. Mükafatlandırma mərasimində müvafiq dövlət qurumlarının nümayəndələri, Milli Məclisin deputatları, təhsil işçiləri iştirak ediblər. Azərbaycan-Türk Özəl Liseyləri Baş İdarəsinin rəisi, Təşkilat Komitəsinin sədri Arif Gömləksiz dahi şəxsiyyət Heydər Əliyevin ekologiya, ətraf mühitin mühafizəsi məsələlərinə daim böyük önəm verdiyini, ulu öndərin ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini vurğulayıb. Beynəlxalq olimpiada barədə məlumat verən A.Gömləksiz bildirib ki, Təhsil, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, İctimai Televiziya və Radio Yayımları Şirkəti, “Çağ” Öyrətim İşlətmələri Şirkəti və “İnepo –Avrasiya” Ekologiya İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən olimpiadaya dünyanın 42 ölkəsindən (Azərbaycan, Türkiyə, Gürcüstan, İndoneziya, Litva, Tailand, Laos, Pakistan, Qazaxıstan, Malayziya, Böyük Britaniya, Rusiya, Polşa, Ukrayna, Türkmənistan, Rumıniya və s.) 400-dək məktəbli qatılıb. Olimpiadanın məqsədi dünyada, o cümlədən Azərbaycanda mövcud olan ekoloji problemlərin həlli, eləcə də ətraf mühitin mühafizəsi istiqamətində gənc nəsli məlumatlandırmaqdan, ekoloji bilikləri inkişaf etdirməkdən ibarətdir. İştirakçıların təqdim etdikləri layihələr münsiflər heyəti tərəfindən qiymətləndirilmiş, qaliblər müəyyənləşdirilib. Yekun nəticəyə əsasən, ayrı-ayrı kateqoriyalar üzrə I yeri tutanlar qızıl, II yeri tutanlar gümüş, III yeri tutanlar isə bürünc medallara layiq görülüblər. Sonra qaliblərə mükafatlar təqdim edilib. Medalçılar arasında azərbaycanlı və türkiyəli məktəblilər çoxluq təşkil ediblər. Təhsil nazirinin müavini Qulu Novruzov Prezident İlham Əliyevin, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın ekoloji problemlərin həllinə, ətraf mühitin qorunması məsələlərinə daim xüsusi əhəmiyyət verdiklərini xatırladıb. Prezident İlham Əliyevin apardığı siyasətin uğurlu nəticələrindən danışan Q.Novruzov Azərbaycanın dinamik inkişaf etdiyini, beynəlxalq aləmdə nüfuzunun yüksəldiyini diqqətə çatdırıb. Türkiyənin Bakıdakı səfiri Hulusi Kılıç öz ölkəsi ilə Azərbaycanın tarixi əlaqələrindən bəhs etmiş, münasibətlərimizin inkişafında ulu öndər Heydər Əliyevin müstəsna xidmətlərini vurğulayıb. “Çağ” Öyrətim İşlətmələri Şirkəti idarə heyətinin sədri Ənvər Özərən Azərbaycan Prezidenti İlham Əliyevin 2010-cu ili ölkədə “Ekologiya ili” elan etdiyini xatırladıb. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti Rəfiqə Hüseynzadə, ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev və digər natiqlər də beynəlxalq olimpiadanın əhəmiyyətindən danışmış, yer üzündə təbiətin, ətraf mühitin mühafizəsinin zəruriliyini vurğulamış, qaliblərə yeni nailiyyətlər arzulayıblar.
S.QARAYEVA




Bu yazı ( 89 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar