12px14px16px18px

Azərbaycan gənclərinin xaricdə təhsil alması ilə bağlı Budapeştdə müzakirə keçirilib

04:15 / 10.04.2012
Macarıstanın paytaxtı Budapeştdə ASAİF – Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumunun “Mən gənc səfirəm” forumu keçirilib.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, forumun sonu günü “Xaricdə təhsil alan Azərbaycanlı Gənclərin təşkilatlanma, diaspora və lobbiçilik fəaliyyətlərinin formalaşdırılması: baxış və perspektivlər”, “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ probleminin dünya ictimaiyyətinə çatdırılmasında gənclərin rolu”, “Xaricdə təhsil: insan kapitalının geri dönüşü və karyera imkanları” və “Sosial şəbəkələr və KİV-in gənclərin ictimai-siyasi fəallıqlarının artırılmasında rolu” mövzularında panellər təşkil edilib.
“Xaricdə təhsil alan Azərbaycanlı Gənclərin təşkilatlanma, diaspora və lobbiçilik fəaliyyətlərinin formalaşdırılması: baxış və perspektivlər” mövzusunda keçirilən panelin qonaqları Avropa-Azərbaycan Cəmiyyətinin (TEAS) təsisçisi və sədri Tale Heydərov və Azərbaycan Amerika Alyansının sədri (AAA) Anar Məmmədov olub.
AAA-nın fəaliyyəti haqqında danışan Anar Məmmədov təşkilatın ötən il Vaşinqton şəhərində yaradıldığını, qısa müddət ərzində Xocalı soyqırımı ilə bağlı okeanın o tayında apardıqları təbliğat nəticəsində çox böyük işlər gördüklərini deyib: “Sevindirici hal bizim 150 milyondan artıq insana Xocalı həqiqətlərini çatdıra bilməyimiz oldu. Bizim təşkilatın qapıları Azərbaycanı sevən, yaradıcı, bilikli gənclərə daim açıqdır”.
“Xaricdə təhsil: insan kapitalının geri dönüşü və karyera imkanları” mövzusunda keçirilən müzakirənin qonaqları təhsil naziri Misir Mərdanov və Dövlət Neft Fondunun (DNF) icraçı direktoru Şahmar Mövsümov olub. Ş. Mövsümov gənclərin xaricdə təhsil almasına dövlətin xüsusi diqqət yetirdiyini, bu məqsədlə DNF-dən hər il xeyli miqdarda vəsait ayrıldığını diqqətə çatdırıb. Ş. Mövsümov dövlət hesabına xaricdə təhsil alan gənclərin iş imkanlarından da danışıb, ölkədə onların işlə təmin olunmaları üçün lazımi şərait yaradıldığını vurğulayıb.
Nazir M. Mərdanov da dövlət hesabına xaricdə təhsil alanların ölkəyə qayıtdıqdan sonra işlə təmin olunduqlarını bildirib. Qeyri-dövlət xətti ilə xaricdə təhsil alanların işlə təminatı ilə bağlı suala cavabında nazir deyib ki, bu məsələdə hər hansı ayrı-seçkiliyə yol verilmir: “Söhbət savadlı, bacarıqlı mütəxəssis olmaqdan gedir. Öz hesabına xaricdə təhsil alanlara da ölkədə böyük tələbat var. Belələri özəl sektorda daha yüksək maaşa iş tapa bilirlər. Onların seçim imkanları daha genişdir. Demək istəyirəm ki, öz hesabına xaricdə təhsil alanların işlə təmin olunmasında da ciddi problem yoxdur”.
Gənclərin aktiv şəkildə iştirakı ilə keçirilən müzakirələr digər mövzuları əhatə edən panellərdə davam edib. Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən müzakirələrdə bəzi maraqlı təkliflər səsləndirilib. Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov bildirib ki, Azərbaycanda xaricə yönəlik televiziyanın yaradılmasına ehtiyac var: “Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, ölkənin təbliğatının aparılması, xaricdəki Azərbaycan diasporunun ölkədə baş verənlər, dövlətin yürütdüyü siyasət haqqında məlumatlı olması, istiqamətini düzgün müəyyənləşdirməsi baxımından belə bir televiziyanın yaradılması zəruridir”.
Qeyd edək ki, panellərdə habelə Prezident Administrasiyasının şöbə müdiri Elnur Aslanov, Azərbaycanın Avropa ölkələrindəki səfirləri, media rəhbərləri, QHT təmsilçiləri və sahibkarlar iştirak ediblər.
S.QARAYEVA



Bu yazı ( 81 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar