12px14px16px18px

“Ən çox sevdiyim idman növü” müsabiqəsinin qalibləri mükafatlandırılıb

13:42 / 07.04.2012
Dünən “Ən çox sevdiyim idman növü” mövzusunda ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilmiş respublika rəsm müsabiqəsi qaliblərinin mükafatlandırma mərasimi olub.
Tofiq İsmayılov adına Uşaq Gənclər Yaradıcılıq Sarayının “Uşaq dünyası” rəsm qalereyasında baş tutan müsabiqə Təhsil Nazirliyinin 2161 nömrəli əmri ilə məktəb, rayon və respublika mərhələsi üzrə keçirilib.
Tədbirdə çıxış edən təhsil nazirinin müavini Qulu Novruzov bildirib ki, müsabiqənin Respublika mərhələsinə 200-dən çox rəsm işi təqdim edilib. Qaliblər tanınmış rəssamlardan ibarət münsiflər heyəti tərəfindən seçim aparılaraq müəyyənləşdirilib. Q.Novruzovun dediyinə görə, təhsil naziri Misir Mərdanov “Ən çox sevdiyim idman növü” mövzusunda Respublika rəsm müsabiqəsinin keçirilməsi barədə əmr imzalayıb. Sözügedən müsabiqə də nazirin imzaladığı əmrə əsasən təşkil olunub: “Əmrdə bildirilirdi ki, müsabiqə 2012-ci ilin iyun ayında Londonda keçiriləcək XXX Yay Olimpiya Oyunlarına maraq oyatmaq, olimpiya idman növlərini məktəblilər arasında təbliğ etmək məqsədi daşıyır.
Əmrə əsasən, müsabiqənin əsasnaməsi və münsiflər heyətinin tərkibi təsdiq olunub. Naxçıvan MR təhsil naziri, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon, şəhər təhsil şöbələrinin müdirləri müsabiqənin yerlərdə təşkilini təmin ediblər. Müsabiqənin respublika mərhələsi ilə bağlı xərclərin ödənilməsi T. İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayının 2011-ci ilə təsdiq olunmuş xərclər smetasının müvafiq xərc maddəsində nəzərdə tutulmuş vəsait hesabına müəyyən edilmiş qaydada həyata keçirilib”. Nazir müavini qeyd edib ki, rəsm müsabiqəsini keçirməkdə əsas məqsəd uşaqlarda idmana sevgi oyatmaq, onlarda yaradıcılıq həvəsini artırmaqdır: “Məlumat üçün bildirim ki, müsabiqənin təşkili və keçirilməsi üçün ümumtəhsil məktəblərində, rayon, şəhər, təhsil idarələrində və şöbələrində təşkilat komitəsi və münsiflər heyəti yaradılıb. Müsabiqə 3 mərhələdə keçirilib. Məktəb mərhələsi, rayon, şəhər mərhələsi, respublika mərhələsi. Müsabiqə 8-12 yaş arası məktəblilər üçün nəzərdə tutulub. Rəsmlərin işlənmə texnikası sərbəst olub. Rəsmlər A3 formatda işlənilib. Digər formatda olan rəsmlər qəbul olunmayıb. Rayon, şəhər mərhələsindən Respublika mərhələsinə ən yaxşı işlər seçilərək martın 5-də nazirliyin Tərbiyə və məktəbdənkənar müəssisələr şöbəsinə göndərilib. Qaliblərin işlərini təhsil şöbələri, idarələri təqdim edib. Rəsm işləri çərçivəyə alınmalı və təqdim olunan işlərə şagirdin adı, soyadı, atasının adı, rayon, məktəb, sinif yazılmış etiketlər əlavə olunub. Respublika mərhələsinə dəvət olunacaq şagirdlərin və onları müşaiyət edən nümayəndələrin ezamiyyə xərcləri rayon, şəhər təhsil idarələri, şöbələri tərəfindən ödənilib”.
Tədbirdə müsabiqənin qalibləri mükafatlandırılıb. Müsabiqənin Respublika mərhələsində I, II və III yerləri tutan 15 və həvəsləndirici yerlərə layiq olan 10 nəfərə Təhsil Nazirliyinin diplom və hədiyyələri təqdim edilib.
S.QARAYEVA



Bu yazı ( 175 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar