12px14px16px18px

Qadınlar arasında futbol üzrə dünya çempionatının nümayəndələri tələbələrlə görüşüblər

13:39 / 07.04.2012
Dünən Azərbaycan Dillər Universitetində (ADU) “FİFA U-17 qadınlar arasında dünya çempionatı Azərbaycan-2012”nin Yerli Təşkilat Komitəsinin nümayəndələri tələbələrlə görüş keçirib.
Təqdimat mərasimində çıxış edən ADU-nun Tərbiyə işləri üzrə prorektoru Ələddin Əliyev Azərbaycanda son 10 ildə idmanın sürətlə inkişaf etdiyini və dövlət başçısının bu sahəyə xüsusi diqqət ayırdığını bildirib. Ölkəmizin bir sıra aparıcı idman növləri üzrə keçirilən beynəlxalq yarışlara ev sahibliyi etdiyini deyən prorektor bu il ölkəmizdə 17 yaşlı qadınlar arasında dünya çempionatının keçiriləcəyini tələbələrin diqqətinə çatdırıb. Ə. Əliyev Azərbaycanın tanıdılmasında və nüfuzunun artmasında idmanın mühüm rol oynadığını vurğulayıb. Prorektor ADU tələbələrinin ölkəmizdə keçirilən beynəlxalq tədbirlərdə fəal iştirak etdiyinə də toxunub.
“FİFA U-17 qadınlar arasında dünya çempionatı Azərbaycan 2012”nin Yerli Təşkilat Komitəsinin (YTK) Könüllülük proqramının direktoru Vüqar Rüstəmli və proqramın nümayəndəsi Nərmin Abbasova çempionatın ümumi tanıtımı və könüllülük proqramı haqqında tələbələrə ətraflı məlumat veriblər. Təqdimatda çempionata hazırlıq çərçivəsində görülən işlər, bu tip beynəlxalq tədbirin ölkəmiz üçün əhəmiyyətindən danışılıb. V. Rüstəmli FİFA-nın dünya çempionatları, qadın futbolu, Azərbaycanda keçiriləcək çempionatın gedişatı, oyunların təşkil olunacağı stadionlar, rəsmi markalar, eləcə də 17 yaşadək qızlardan ibarət milli yığmamızdan bəhs edib. Gənclərə dünya çempionatında yaradılmış geniş imkanlardan söz açan proqram rəhbəri tələbələri Könüllülük proqramında aktiv iştirak etməyə çağırıb. O, könüllü olmağın xeyirləri, perspektivləri və proqramda iştirak şərtləri ilə bağlı tələbələri məlumatlandırıb.
Təqdimat zamanı YTK əməkdaşları tərəfindən ünvanlanan sualları cavablandıran tələbələr dünya çempionatını özündə əks etdirən müxtəlif növ hədiyyələr qazanıblar.
S.QARAYEVA




Bu yazı ( 183 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar