12px14px16px18px

Avropalı nümayəndələr “İrəli”nin qonağı olublar

12:18 / 06.04.2012
Avropa Gənclər Forumunun prezidenti Peter Matyasiç, Avropa Gənclər Şəbəkəsinin prezidenti İvana Davidovska və baş katibi Marko Paunoviç “İrəli” Gənclik Mərkəzinin qonağı olub.
Görüşdə millət vəkili, “İrəli” İctimai Birliyinin sədri Ceyhun Osmanlı, ictimai birliyin baş katibi Rauf Mərdiyev, “İrəli” İdarə Heyətinin üzvü Nərmin Məmmədova və Gəncə şəhərinin gənclər və idman idarəsinin sədri Mikayıl Zeynalov iştirak ediblər.
Görüşdə çıxış edən “İrəli” İctimai Birliyinin sədri Ceyhun Osmanlı birliyin fəaliyyət istiqamətləri, təşkilatın strukturu, həyata keçirilən son layihələr haqda qonaqlara ətraflı məlumat verib. C.Osmanlı vurğulayıb ki, bugünlərdə “İrəli” İctimai Birliyi nəzdində İqtisad Mərkəzi fəaliyyətə başlayıb.
İqtisad Mərkəzinin məqsədi iqtisadiyyat, biznes, marketinq və maliyyə sahələrinə marağı olan gəncləri bir araya gətirmək, onların biliklərinin artırılmasına yardım göstərmək, bu sahələr üzrə yeni, kreativ layihələr reallaşdırmaq və şirkətlərə müstəqil consaltinq fəaliyyət göstərməkdir.
Mərkəz daxilində “Marketinq klubu”, “Biznes klubu”, “İqtisadi Tədqiqatlar klubu” və “Maliyyə klubu” fəaliyyət göstərəcək: “Qeyd edim ki, “İrəli” İqtisad Mərkəzi yaxın günlərdə İqtisadi Tədqiqatlar, Marketinq Akademiyası, Marketinq debatlar, Biznes təlimləri və maliyyə üzrə layihələrə start verəcək”.
Görüş əsnasında müxtəlif sahələrdə birgə görülə biləcək layihələr və gələcək fəaliyyət perspektivləri müzakirə olunub. Eyni zamanda qonaqlar “İrəli” Gənclik Mərkəzində fəaliyyət göstərən “İrəli” radio, prodakşn, kitabxana, təlim mərkəzi və layihələr mərkəzi ilə yaxından tanış olaraq fəaliyyəti yüksək qiymətləndiriblər.
Qeyd edək ki, “İrəli” 2010-cu ildən Avropa Gənclər Şəbəkəsinin üzvüdür və Avropa Gənclər Forumunun tədbirlərində fəal iştirak edir.
S.QARAYEVA





Bu yazı ( 92 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar