12px14px16px18px

Qafqaz Universitetində növbəti aylıq seminar keçirilib

01:04 / 01.03.2012
Dünən Qafqaz universitetində növbəti aylıq seminar keçirilib. Tədbiri giriş sözü ilə açan Qafqaz Universitetinin rektoru Ahmet Saniç bildirib ki, artıq bu seminarlar ənənə halını alıb. Hər dəfə tələbələrin tanınmış ziyalılar, diplomatlar, dövlət strukturlarının rəhbərləri ilə görüşləri təşkil olunub. Budəfə seminarın qonağı isə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbəri Hidayət Orucovdur. Komitə sədri ilk öncə “Gənclik və milli-mənəvi dəyərlər: tarixi ənənə və çağdaş yanaşma” mövzusunda çıxış edib. Onun sözlərinə görə, ölkəmizin uğurlu gələcəyi üçün gənclərin müasirliyi, yüksək təhsili, işgüzarlıq keyfiyyətləri qədər, milli-mənəvi dəyərlərə sadiq vətənpərvər ruhda yetişmələri də önəmlidir: “Milli və dini dəyərlərimiz zaman keçdikcə çulğaşmış, bütövləşmişdir. Vətənimizə göz dikən yadellilərə qarşı mübarizədə dini dəyərlərimiz həmişə milli ruhumuza dayaq olub, xalqımızın rifahına xidmət edib.
Gənc nəslin zərərli təsirlərdən qorunması, milli-mənəvi dəyərlərə sadiq nümunəvi vətəndaş kimi tərbiyə edilməsi vəzifəsi dünyanın sürətlə qloballaşdığı, elmi-texniki tərəqqinin yüksək nailiyyətlər qazandığı dövrdə daha da aktuallaşır. Gənc nəsildə yüksək mənəvi keyfiyyətlər formalaşdırmaq üçün cəmiyyətin şüurlu, məqsədyönlü fəaliyyətinin zəruriliyini ildən ilə artırır”. Komitə sədri deyib ki, Azərbaycanda tarixən formalaşmış və xalqımızın xarakterik xüsusiyyətinə çevrilmiş tolerantlıq ənənələri bu gün daha da möhkəmləndirilir. Ölkədə dinlər və konfessiyalararası münasibətlərin, tolerantlıq ənənələrinin yüksək səviyyədə qorunub saxlanılması məqsədi ilə ciddi işlər görülür. H.Orucov onu da vurğulayıb ki, gənclərin zərərli təsirlərdən qorunması əsas strateji, prioritet istiqamətlərdəndir. Burada isə, ilk növbədə dini-mənəvi sahədə güclü maarifçilik işinin zəruriliyi ön plana çıxır: “Din sahəsində əsas vəzifələrdən biri dinin siyasiləşməsinə cəhd göstərən dairələrin gəncləri təsirləri altına salmasının və onların enerjisinin öz məqsədləri üçün istifadə etməsinin qarşısının alınmasıdır”. Onun sözlərinə görə, informasiya bolluğu şəraitində dövlətin əsas vəzifələrindən biri gənclərə düzgün seçim etməkdə yardımçı olmaqdır. Adət-ənənələrə çağdaş dünyanın reallıqlarını nəzərə alaraq yanaşmaq lazımdır. H.Orucov Azərbaycan dövlətçiliyi baxımından gənc nəslin dini fəaliyyət sahəsində prioritetlərini də açıqlayıb. Çıxışı başa çatdıqdan sonra H.Orucov tələbələri maraqlandıran sualları cavablandırıb. Ona universitetin fəxri plaketi təqdim olunub.
S.QARAYEVA




Bu yazı ( 131 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar